Ağ Evdə Tehranla bağlı parçalanma: Rubio "İranı vuraq", dedi...
Tramp administrasiyası İrana qarşı yeni strategiya axtarışındadır – Diplomatiya, yoxsa təzyiq? Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İranla nüvə sazişi üzrə növbəti danışıqlar mərhələsinə hazırlıq məqsədilə yüksək səviyyəli müşavirə keçirib. Məlumatı “Axios” portalı etibarlı mənbələrə istinadən yayıb. Aprelin 19-da baş tutacaq növbəti raund öncəsi keçirilən toplantıda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Rətkliff və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. İki yanaşma – razılaşma üçün diplomatik kompromis, yoxsa sərt xətt Toplantıda administrasiya daxilində iki fərqli mövqe ortaya çıxıb. Vitse-prezident Vens və xüsusi nümayəndə Uitkoff ABŞ-ın diplomatik kompromis yolu ilə razılaşma əldə etməli olduğunu müdafiə edib. Onların fikrincə, İranla sazişə gəlmək üçün müəyyən güzəştlər qaçılmazdır. Buna qarşılıq, dövlət katibi Marko Rubio və təhlükəsizlik müşaviri Mayk Uolts daha sərt mövqe nümayiş etdirərək maksimalist yanaşmanı dəstəkləyiblər. Onlar hesab edirlər ki, İran yalnız ciddi təzyiqlər altında geri çəkilə bilər və bu, Vaşinqtonun güc nümayiş etdirməsindən keçir. Müşavirə zamanı çəkilmiş fotoda Prezident Trampın masada tərəddüdlə dinlədiyi, komandasında isə ciddi fikir ayrılıqlarının olduğu hiss olunur. Prezidentin bu mərhələdə hansı mövqeni seçəcəyi isə hələlik bəlli deyil. Qeyd edək ki, Tramp administrasiyası İranla nüvə sazişinə daha sərt və nəzarətə açıq bir formatda qayıtmaq niyyətindədir. Yeni danışıqlar raundu 19 aprel tarixində baş tutacaq.