PREZİDENT MALİYYƏ NAZİRİNƏ YENİ MÜAVİNLƏR TƏYİN ETDİ - ƏƏSMN-dən Maliyyə Nazirliyinə transferlər...

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, maliyyə nazirinin birinci müavini təyin edilib.

“AzPolitika” xəbər verir ki, Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.

 

 

Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.

Son təyinatına qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.  İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

“AzPolitika” xəbər verir ki, Himalay  Məmişov 1985-ci ildə anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2009-cu ildə isə fərqlənmə ilə magistr pilləsini bitirmişdir. 2017-ci ildə həmin universitetin hüquq fakültəsində doktorantura təhsilini tamamlayıb.

 

 

Əmək fəaliyyətinə 2008-ci ildə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlayıb. Daha sonra İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə çalışıb, Layihə İdarəetmə Qrupunun üzvü olub. 2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib. 2012-2013-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. 2018-ci ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2019-cu ilin yanvar ayında nazirin müşaviri, 1 mart tarixində isə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 

2025-ci il aprelin 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Himalay Məmişov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilmiş və eyni tarixdə Maliyyə nazirinin müavini təyin olunmuşdur






Fikirlər