Əsas Səhifə > Kriminal > MTN-nin POLKOVNİKİ ÖZÜNÜ ASIB, ÖLDÜRÜLÜB, YOXSA QAÇIRILIB? – Şok iddialar
MTN-nin POLKOVNİKİ ÖZÜNÜ ASIB, ÖLDÜRÜLÜB, YOXSA QAÇIRILIB? – Şok iddialar29-12-2015, 11:13 |
MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) müəmmalı ölümü ətrafında müzakirələr səngimir. Onun ölümündən 2 gün sonra kamera yoldaşı olduğu deyilən digər dustaq – Manaf Paşayevin də müəmmalı ölümü bu müzakirələri bir qədər də qızışdıran amildir.“Xural” qəzetinin baş redaktoru, il yarım BİT-dəki kamerada saxlanmış Əvəz Zeynallı qəzetimizə müsahibəsində İ.Əliyevin intihar etməsini şübhə altına alan faktlar açıqlayıb. Deyib ki, BİT-dəki kameralarda pəncərələr elə bir hündürlükdə deyil ki, oradan kimsə özünü asa bilsin. Hətta İlqar Əliyevin ölmədiyi, intihar adı ilə həbsdən azad olunduğunu söyləyənlər də var. Belə fikirlər var ki, İ.Əliyev illərlə qanuni fəaliyyətlə yanaşı, qeyri-qanuni fəaliyyətlə məşğul olub, qanunsuz əmrləri yerinə yetirib. O, bir gün qanunsuzluqlara görə həbsə alınacağı ehtimalını da göz altına almaya bilməzdi. Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılqəzetimizə İlqar Əliyevin ölümü ilə bağlı açıqlama verərkən deyib ki, sabiq rəis müavininin ölümü müəmma ilə əhatələnib: “İlqar Əliyevin ölümünün ardından məhbus Manaf Paşayevin ölümü artıq istintaqın üzərinə kölgə salıb. Deyirlər ki, hər iki şəxs özünü asıb. Soyuq başla düşünəndə, kameradakı pəncərənin hündürlüyü asılmağa imkan vermir. Deməli, adamların özlərini asması mümkün deyil. Üstəlik, İlqar Əliyev informasiya daşıyıcısı idi. Onun bildiyi informasiyalar təkcə dövlətə aid deyildi, əsasən cinayətlərlə bağlı informasiyalar idi. O, sifarişlər əsasında işləyib”. İ.İsmayıl istintaqın şəffaf olmadığına diqqət çəkir: “Onun, ondan 2 gün sonra orada müəmmalı şəkildə ölən məhbusun istintaqlarında şəffaflıq yoxdur. Bu gün bu 2 şəxsin ölümü ilə bağlı rəsmi açıqlamaya qarşı ”bunları siz asmısız”, “yardım etmisiniz” desək, əks tərəfin ittihamı ilə üz-üzə qalmış olarıq. Deyərlər ki, haradan bilirsiz ki, İlqar Əliyev özünü asmayıb? Ona görə də konkret olaraq bunu söyləmirik. Amma onun bu şəkildə ölümündə kifayət qədər ciddi şübhələr var. İ.İsmayıl deyir ki, İ.Əliyevin özünü öldürməsi üçün elə də ciddi əsasları olmayıb: “İlqar Əliyevə 3 maddə ilə ittiham verilib. Özü də bilirdi ki, onu ən pis halda 7-8 il cəza gözləyir. Yəni onun həyatı qabaqda idi. Belə bir halda onun özünü asması bir qədər şübhəlidir. Ondan qat-qat ağır cinayətlərdə adı hallanan Akif Çovdarov bu gün həbsdədir və sağdır”. İ.İsmayıl İ.Əliyevin tutduğu posta uyğun olaraq əldə etdiyi informasiyaların onun özü üçün təhlükə mənbəyinə çevrilə biləcəyinə də diqqət çəkir: “İlqar Əliyev informasiya daşıyıcısı idi, daşıdığı informasiya sıradan informasiya deyildi. Bildiklərini açıqlasaydı, o, çox adamları hədəfə gətirəcəkdi. Bütövlükdə hakimiyyətin elə qanadına toxuna bilərdi ki, gərginlik yaranardı. Belə nəticəyə gəlmək olar ki, nələrisə bildiyinə görə onu aradan götürə bilərdilər. İstənilən halda İlqar Əliyevin ölümü müəmmalı ölümdür və istintaqında da şəffaflıq yoxdur”.
Geri qayıt |