Əsas Səhifə > Slayd > TAĞI ƏHMƏDOVUN “BURCUDA” BİLMƏMƏKLİYİ
TAĞI ƏHMƏDOVUN “BURCUDA” BİLMƏMƏKLİYİ27-04-2016, 20:07 |
Bir neçə gündür ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov medianın gündəmindədir. Səbəb keçmiş MTN şefi Eldar Mahmudovun yaratdığı dəstənin ən əsas fiqurlarından biri, hazırda həbsdə olan Akif Çovdarovun ondan təhdid yolu ilə 3 milyon manat pul almasıdır. Tağı Əhmədov özü bu barədə yayılan məlumata münasibət bildirməkdən imtina edib. Bu da məlumatın əsassız olmadığına şübhələri artırıb. Lakin Tağı Əhmədov hansı səbəbdən Akif Çovdarovun təhdidindən çəkindiyi, niyə bu barədə “yuxarılar”a məlumat vermədiyi bəlli deyil. Ehtimal olunur ki, MTN-də Tağı Əhmədov barədə çox ciddi kompromat olub. Əks halda Bakı Metropoliteninin keçmiş rəisini ram etmək asan olmazdı. Tağı Əhmədov kimlərdən kömək istəyə bilərdi?
Baş Prokurorluq təkzib etmir!
Tağı Əhmədovun özü də məlumatı təkzib etməyib. O, jurnalistin sualını axıra qədər dinləsə də cavab verməkdən imtina edib. Vurğulayıb ki, haqqında yayılan xəbərlərə münasibət bildirmək istəmir. Susmaq isə, ümumi qəbul olunmuş qaydaya görə, razılıq əlamətidir. Deməli A.Çovdarovun şantaj yolu ilə Tağı Əhmədovdan 3 milyon xərac aldığı dəqiqdir. Belə də qaranlıq qalan yeganə məsələ T.Əhmədovun hansı kompromatlarla şantaj olunmasıdır. Poqonlu MTN banditinin əlində hansı faktlar, materiallar olub ki, metropoliten şefi, özünün təbiri ilə desək, bu işdən “burcudub” qaça bilməyib? Tağı Əhmədov milyardlara sərəncam verib! Fikrimizcə, burda iqtisadi maxinasiyalardan, metropolitendəki yeyintilərdən danışmaq qeyri-ciddi olar. Əvvəla MTN-in metropolitendə belə bir yoxlama aparmaq, ortaya yeyintilərlə bağlı tutarlı faktlar çıxarmaq səlahiyyəti yox idi. Hətta belə faktlar MTN-in, Akif Çovdarovun əlinə keçsəydi də, T.Əhmədov buna görə şantaja boyun əyməz, Çovdarova o qədər pul verməzdi. Məgər Bakı metropolitenində ciddi korrupsiyanın olduğu, metrostansiyalarda illərdir qanunsuz mağazaların fəaliyyət göstərdiyi, bu ticarət obyektlərindən aylıq yığılan böyük məbləğdə vəsaitlərin vergi qeydiyyatından yayındırıldığı, şəxsi ciblərə axdığını Azərbaycanda bilməyən var idi? Məgər belə böyük vəsaitləri T.Əhmədov təkbaşına “yeyirdi”? Əlbəttə ki, yox, belə bir şey mümkün deyildi. Metropolitendəki korrupsiyadan, ticarətdən yığılan vəsaitlərdən olsa-olsa T.Əhmədova cüzi faiz çata bilərdi. Bunu metropolitenin dövriyyəsində olan məbləğin böyüklüyündən də görmək olar.
Çovdarovun özfəaliyyəti, yoxsa…
Bu səbəbdən əgər həqiqətən də A.Çovdarov T.Əhmədovu metropolitendəki korrupsiya ilə şantaj edibsə, deməli bu, heç bir halda onun özfəaliyyəti olmayıb. Görünür ki, bu hadisə T.Əhmədovun işdən çıxarılması ərəfəsində baş verib və ümumi qayda-qanuna söykənib. Axı sirr deyil ki, Azərbaycanda kimisə vəzifədən çıxarmazdan əvvəl, mütləq onun “kassasında” təmizlik işləri aparılır… Yox, əgər Tağı Əhmədovu cəzalandırmaq A.Çovdarov-E.Mahmudov cütlüyünün şəxsi təşəbbüsü olubsa, T.Əhmədov zamanında bu barədə heç kimə şikayət edə bilməyibsə, deməli bu halda kompromatın nədən ibarət olduğunu anlamaq üçün Çovdarovun dəst-xəttinə yenidən nəzər salmağa ehtiyac var: Qadınla şantaj, adam oğurluğu, işgəncə… Rasim ƏLİYEV
Geri qayıt |