TAĞI ƏHMƏDOVUN “BURCUDA” BİLMƏMƏKLİYİ – Çovdarov onu nə ilə şantaj edə bilərdi?

tagi ehmedov mtn akif covdarov azpolitika sayti

Bir neçə gündür ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov medianın gündəmindədir. Səbəb keçmiş MTN şefi Eldar Mahmudovun yaratdığı dəstənin ən əsas fiqurlarından biri, hazırda həbsdə olan Akif Çovdarovun ondan təhdid yolu ilə 3 milyon manat pul almasıdır.

Tağı Əhmədov özü bu barədə yayılan məlumata münasibət bildirməkdən imtina edib. Bu da məlumatın əsassız olmadığına şübhələri artırıb. Lakin Tağı Əhmədov hansı səbəbdən Akif Çovdarovun təhdidindən çəkindiyi, niyə bu barədə “yuxarılar”a məlumat vermədiyi bəlli deyil. Ehtimal olunur ki, MTN-də Tağı Əhmədov barədə çox ciddi kompromat olub. Əks halda Bakı Metropoliteninin keçmiş rəisini ram etmək asan olmazdı.

Tağı Əhmədov kimlərdən kömək istəyə bilərdi?

ali-asadov-komekci1Bu mövzuda “Azadlıq”a daxil olan bəzi məlumatlar da bu ehtimalı gücləndirir. Məlumatlarda bildirilir ki, Tağı Əhmədovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dost olub. Əli Əsədov isə keçmiş MTN şefi Eldar Mahumdovun yaxın qohumudur. Hətta bəzi iddialara görə, Eldar Mahmudovun nazir təyin olunmasında Əli Əsədovun da mühüm rolu olub. Bundan başqa Tağı Əhmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mərhum qardaşı Mais Mehdiyevlə də yaxın dost olub. Bu halda sual olunur:Nədən Əli Əsədov və Mais Mehdiyev Tağı Əhmədova yardım etməyib? Axı Əli Əsədovun Eldar Mahmudova bir xahişi bəs edərdi ki, Akif Çovdarov Tağı Əhmədovdan əl çəksin. Yaxud mərhum Mais Mehdiyev vasitəsilə məsələyə hakimiyyətin siyasi qanadına rəhbərlik edən Ramiz Mehdiyev müdaxilə edə bilərdi. Məgər Akif Çovdarov adıçəkilən məmurlardan daha güclü fiqur idi? Bu sualların cavabı açıq qalır.

Baş Prokurorluq təkzib etmir!

BPQeyd edək ki, “Yeni Müsavat”ın əməkdaşı Akif Çovdarovun qanunsuz əməllərindən zərərçəkənlər sırasında Tağı Əhmədovun olub-olmamasını dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb.Xidmət rəhbəri Eldar Sultanov Tağı Əhmədovun A.Çovdarovun əməllərindən zərərçəkənlər sırasında olmasını təkzib etməyib. Deyib ki, bu məsələni şərh etmirlər. Akif Çovdarovun vəkili Sadiq Rəsulovla da əlaqə saxlanılıb. S.Rəsulov “mən bununla bağlı müsahibə vermirəm” deməklə kifayətlənib. Ümumilikdə isə Tağı Əhmədovun Akif Çovdarovdan şikayətçi olmasını təkzib etməyib.

Tağı Əhmədovun özü də məlumatı təkzib etməyib. O, jurnalistin sualını axıra qədər dinləsə də cavab verməkdən imtina edib. Vurğulayıb ki, haqqında yayılan xəbərlərə münasibət bildirmək istəmir.

Susmaq isə, ümumi qəbul olunmuş qaydaya görə, razılıq əlamətidir. Deməli A.Çovdarovun şantaj yolu ilə Tağı Əhmədovdan 3 milyon xərac aldığı dəqiqdir. Belə də qaranlıq qalan yeganə məsələ T.Əhmədovun hansı kompromatlarla şantaj olunmasıdır. Poqonlu MTN banditinin əlində hansı faktlar, materiallar olub ki, metropoliten şefi, özünün təbiri ilə desək, bu işdən “burcudub” qaça bilməyib?

Tağı Əhmədov milyardlara sərəncam verib!

Fikrimizcə, burda iqtisadi maxinasiyalardan, metropolitendəki yeyintilərdən danışmaq qeyri-ciddi olar. Əvvəla MTN-in metropolitendə belə bir yoxlama aparmaq, ortaya yeyintilərlə bağlı tutarlı faktlar çıxarmaq səlahiyyəti yox idi. Hətta belə faktlar MTN-in, Akif Çovdarovun əlinə keçsəydi də, T.Əhmədov buna görə şantaja boyun əyməz, Çovdarova o qədər pul verməzdi.

Məgər Bakı metropolitenində ciddi korrupsiyanın olduğu, metrostansiyalarda illərdir qanunsuz mağazaların fəaliyyət göstərdiyi, bu ticarət obyektlərindən aylıq yığılan böyük məbləğdə vəsaitlərin vergi qeydiyyatından yayındırıldığı, şəxsi ciblərə axdığını Azərbaycanda bilməyən var idi? Məgər belə böyük vəsaitləri T.Əhmədov təkbaşına “yeyirdi”? Əlbəttə ki, yox, belə bir şey mümkün deyildi. Metropolitendəki korrupsiyadan, ticarətdən yığılan vəsaitlərdən olsa-olsa T.Əhmədova cüzi faiz çata bilərdi. Bunu metropolitenin dövriyyəsində olan məbləğin böyüklüyündən də görmək olar.

1437385364_1İqtisadçı Rövşən Ağayev bununla bağlı kiçik araşdırmasında müəyyənləşdirib ki, 2007-2013-cü illərdə Tağı Əhmədov milyardlarla ölçülən böyük vəsaitə sərəncam verib. Sitat: “2007-2013-cü illər Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdir. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1.250 milyard manat, subsidiya kimi təxminən 100 milyon manat ayrılıb. Bu orta hesabla ilə 192 milyon manat deməkdir”. Lakin məsələ bununla da bitmir. R.Ağayev daha sonra yazır: “Metronun özünün də illik gəlirləri var. Hələ Tağı müəllimin dövründə – metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığımız məlumat əsasında belə bir təqribi qiymətləndirmə aparmışdıq ki, metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyondan az deyil. Yəni, Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub. Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarətin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlüyünü təsəvvür etmək belə çətin”.

Çovdarovun özfəaliyyəti, yoxsa…

covdarDövriyyədəki rəqəmlərin böyüklüyü ondan xəbər verir ki, T.Əhmədov heç bir halda nəzarətsiz ola bilməzdi. Onu himayə edən çox qüdrətli adamlar mövcud olmalı idi.

Bu səbəbdən əgər həqiqətən də A.Çovdarov T.Əhmədovu metropolitendəki korrupsiya ilə şantaj edibsə, deməli bu, heç bir halda onun özfəaliyyəti olmayıb. Görünür ki, bu hadisə T.Əhmədovun işdən çıxarılması ərəfəsində baş verib və ümumi qayda-qanuna söykənib. Axı sirr deyil ki, Azərbaycanda kimisə vəzifədən çıxarmazdan əvvəl, mütləq onun “kassasında” təmizlik işləri aparılır…

Yox, əgər Tağı Əhmədovu cəzalandırmaq A.Çovdarov-E.Mahmudov cütlüyünün şəxsi təşəbbüsü olubsa, T.Əhmədov zamanında bu barədə heç kimə şikayət edə bilməyibsə, deməli bu halda kompromatın nədən ibarət olduğunu anlamaq üçün Çovdarovun dəst-xəttinə yenidən nəzər salmağa ehtiyac var: Qadınla şantaj, adam oğurluğu, işgəncə…

Rasim ƏLİYEV
AzPolitika.info

 






Fikirlər