Əsas Səhifə > Slayd > Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına “HƏ” dedi
Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına “HƏ” dedi4-12-2019, 14:05 |
Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib. Modern.az xəbər verir ki, iclasda Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusu barədə qəbul eetdiyi qərar oxunub. Qərarda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğun olduğu bildirilib. Bu dəqiqələrdə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. Modern.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxılır. İclasda çıxış edən məruzəçi-hakim Rafael Qvaladze ölkə Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş “parlamentin buraxılması” məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğu barədə məlumat verib: “Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsindən xahiş edib ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul etsin”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər: “Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin Konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət əsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamız məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli Məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”. Müşavirədən sonra Prezidentin sorğusu ilə bağlı məhkəmənin qərarı elan olunacaq. *** İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur. Yekunda "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar qəbul edilib. Azərbaycan Prezidenti isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi dekabrın 2-də Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxıb və onun Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Geri qayıt |