Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına “HƏ” dedi - YENİLƏNİB

Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib. 

Modern.az xəbər verir ki, iclasda Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusu barədə qəbul eetdiyi qərar oxunub. 
Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. 

Qərarda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğun olduğu bildirilib.
***

Bu dəqiqələrdə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. Modern.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxılır.
İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edib. 

İclasda çıxış edən məruzəçi-hakim Rafael Qvaladze ölkə Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş “parlamentin buraxılması” məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğu barədə məlumat verib:

“Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsindən xahiş edib ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul etsin”. 
Milli Məclisin qərarı barədə məlumat verən sorğuçu tərəfin nümayəndəsi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib. Onun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların yüksək əksəriyyəti tərəfindən qəbul edilib: 
“Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi, həmin institut 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının tarixində bu cür ictimai siyasi hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmamış, onun tətbiqi üçün zərurət olmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid bir fikir formalaşmamışdır. Eyni zamanda, Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. 
Həmçinin Milli Məclisin buraxılması ictimai siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. İndi Konstitusiya Məhkəməsinin icraatında olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 98.1 maddəsinin hazırkı vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydalarının, prosedurunu müəyyən etmək və müddəanı tətbiqi nəticəsində potensial hər hansı bir hüquqi mənfi nəticənin qarşını almaqdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək qərara almışdır ki, göstərilən sualların aydınlaşdırılması üçün onlar məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir. 
Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq, yaranmış vəziyyətdə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər:

“Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin Konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət əsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamız  məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli Məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”. 
Ə. Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir. 
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

Müşavirədən sonra Prezidentin sorğusu ilə bağlı məhkəmənin qərarı elan olunacaq.

***
Bu dəqiqələrdə Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb. Modern.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəfin  nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.
Qeyd edək ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciətinə baxıb. 

Yekunda "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar  qəbul edilib.

Azərbaycan Prezidenti isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsi dekabrın 2-də Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxıb və onun Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.






Fikirlər