Əsas Səhifə > Sosial > KƏRƏM HƏSƏNOVUN “SOL ƏLİ” RABİTƏ NAZİRLİYİNDƏ! -
KƏRƏM HƏSƏNOVUN “SOL ƏLİ” RABİTƏ NAZİRLİYİNDƏ! -2-02-2016, 19:41 |
Rabitə və yüksək texnologiyalar nazirinin şübhəli kadr siyasəti: Vidadi Zeynalovu kim əvəz etdi? Xəbər verdiyimiz kimi, nazir Ramin Quluzadənin əmri ilə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub. Korrupsiya və müxtəlif cinayətlərdə iştirakına görə, həbs olunan Vidadi Zeynalovun yerini Əli İzzət oğlu Abdullayev tutub. Bu təyinat cəmiyyətə ilk baxışdan heç nə deməsə də, bir qədər dərindən maraqlandıqda ortaya ciddi suallar çıxarır və müəyyən ehtimallara yol açır. Ancaq maraqlıdır, 1979-cu ildə anadan olan Əli Abdullayev 2001-ci ildə, yəni 22 yaşında, əmək fəaliyyətinə başlayan kimi hansı keyfiyyətlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri kimi məsul vəzifəyə təyin olunub. Diqqət edin, birbaşa müdir…
Fərhad Əliyevin yüksəlişində də bir qohum kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub. Sabiq nazir də bunun qarşılığı olaraq, onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib. Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyinin tərkibində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti kimi fəaliyyət göstərirdi. Quruma o vaxt da Kərəm Həsənov rəhbərlik etsə də, kadr təyinatları məhz Fərhad Əliyev təəfindən aparılırdı.
Birincisi, Kərəm Həsənov da əslən Cəlilabad rayonundandır. Əli Abdullayevin atası isə bu rayonda nüfuzlu şəxsdir. Hətta Kərəm Həsənova da köməyi dəydiyi, onun vəzifə almasına dəstək verdiyi istisna deyil . Dəyməsə belə, xaraktercə cəsarətsiz, ancaq hiyləgər biri olan Kərəm Həsənov onun rayondakı nüfuzunu gözardı edə bilməzdi. İkincisi, Kərəm Həsənovun Əli Abdullayevin Fərhad Əliyevlə qohum olmasından öz məqsədləri üçün yararlandığı bildirilir. Yəni, Kərəm Həsənov qohumunu işdə saxlamaq, hətta daha yüksək vəzifəyə təyin etməklə, Fərhad Əliyevi ona qarşı düşmənçilikdən yayındırmağa çalışdığı istisna deyil. Bununla bağlı hələ 2 il əvvəl “AzPolitika.info” da dərc olunan “AZƏRBAYCANDAKI ƏMLAK TALANININ ASTAR ÜZÜ” adlı araşdırmada da Əmlak Komitəsində baş verən hadisələrdən məlumatlı şəxsin maraqlı bir fikri dərc olunub. Sitat: “Əvvəllər K.Həsənovun rəhbərlik etdiyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əli Abdullayevin Fərhad Əliyevlə qohumluq əlaqəsi olduğu üçün, K.Həsənov onun komitənin mərkəzi aparatında işləməyini heç vəchlə həzm edə bilməzdi. Odur ki, onu Mərkəzi Aparatdan uzaqlaşdırmaq üçün guya ən məsuliyyətli sahəni ona etibar etdiyini bildirib, RAM-a baş direktor təyin etdi. Bununla da həm gələcək naminə özünü sığortaladı, həm də F.Əliyevin ona hər hansı problem yaratmaması üçün qohumunu auksiondakı saxtakarlıqlara şərik etdi”.
Qeyd edək ki, dövlət mülkiyyətinin özəlləşdirilməsində olan maxinasiyaların böyük əksəriyyətinin məhz Auksion Mərkəzində reallaşdırıldığı heç kimə sirr deyil. Burda isə Əli Abdullayevin iştirak etməməsi mümkün deyildi. Bununla bağlı yuxarıda adını qeyd etdiyimiz araşdırmadan bir epizodu xatırladaq: “Bəzən müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsin heç özəlləşdirmə payı alıb, arxa qapıdan auksionda təqdim etməsinə ehtiyac qalmırdı. Onsuz da K.Həsənova və R.Şahbazova məlum idi ki, çeklər dövriyyədən çıxdıqdan sonra həmin payları 1-2 manatdan almaq mümkün olacaq. Amma müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsdən təqdim edəcəyi özəlləşdirmə payının miqdarına görə, bir ədədinin pulunu 8-10 manatdan alırdılar. Bu gün “qara bazarda” hələ də özəlləşdirmə paylarının satılması da bundan xəbər verir… Qeyd edək ki, 2007-ci ildən sonra yaradılmış Açıq Səhmar Cəmiyyətlərin (ASC-lərin) səhmləri ildə 5-6 ixtisaslaşdırılmış çek hərracı keçirilməklə 15-30 % hissələrə bölünərək satılıb. Məqsəd çek hərracı keçirilməsi haqqında görüntü yaratmaqdan, vaxtı uzatmaqdan ibarət olub. Nəticədə bu qaydada keçirilən ixtisaslaşdırılmış çek hərracında istənilən şəxsi və ya onun ailə üzvlərini qalib elan etmək daha asan idi. Beləliklə də, cek həracı keçirilmə görüntüsü yaradılaraq, dövlət əmlakı bəzi şəxslərə satılıb və ya talan edilb.
Yəni, Əli Abdulayevin uzun illərdir rəhbərlik etdiyi sahədə ciddi qanun pozuntularının, korrupsiyanın, maxinasiyaların olduğuna dair çoxsaylı iddialar, faktlar və sübutlar var. Hətta Prezident də bu vaxtacan aparılan özəlləşdirmə prosesindən narazılığını bildirib. Dövlət müəssisələrinin özəlləşdirildikdən sonra işləməməsinin, əmlakının talanmasının səbəbini bu prosesdə şəffaflığın təmin olunmaması ilə bağlayıb. Əli Abdulayev birbaşa bu prosesə rəhbərlik edən şəxslərdən biridir. İndi belə bir şəxsin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni Aparat rəhbəri təyin olunması, əlbəttə, təəccüb doğurmaya bilməz. Xüsusən də nəzərə alsaq ki, Prezident İlham Əlyev nazir Ramin Quluzadəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ilk növbədə şəffaflığın təmin olunmasını tapşırıb, onun kadr seçiminə uğurlu başladığını söyləmək çətindir. Elə bu təyinatın səbəbini də… AzPolitika.info
Geri qayıt |