NAXÇIVAN 85-DƏN İMTİNA EDİR - MR-də avtomobillərin qeydiyyat nişanları dəyişdirilir

0928744001309979418

Naxçıvan Muxtar Respublikasında nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb. Bundan sonra MR əhalisinə məxsus nəqliyyat vasitələri məşhur 85 rəqəmi ilə başlamayacaq.

AzPolitika.info-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev naxcivanxeberleri.com saytına bu dəyişikliyi zəruri edən səbəblərlə bağlı danışıb. DYP rəisi xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar respublikada da hər rayonun dövlət nömrə nişanları olub. “Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olundu”.

DYP rəisi daha sonra deyib ki, muxtar respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi bura gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb. Son illərdə muxtar respublikaya kütləvi sayda avtomobil gətirilib. “Beləliklə muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranıb. Bu tələbatı ödəmək üçün muxtar respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınıb. Qərara alınıb ki, muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilsin:
Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz – 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75″

Aydın Ağayev qeyd edib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.

 






Fikirlər