Radarlar haqqında informasiya verən mobil telefonlar məsuliyyət doğururmu?

Kamran Əliyev: “Həmin proqram radarların işləyib-işləmədiyini dəqiq müəyyənləşdirirsə, məsələyə məhkəmədə baxıla bilər”

Radarların fəaliyyətinə maneçilik törədən, cihazlardan, anti-radar sistemlərindən  istifadənin sürücülər üçün məsuliyyət doğurduğu bəllidir.

Maraqlıdır, smartfon tipli mobil telefonlarda mövcud olan və radarlar haqqında sürücünü məlumatlandıran proqramlara görə də sürücü məsuliyyət daşıyırmı?

Moderator.az-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mobil telefonlara yazılan bu proqramların radarları nə dərəcədə müəyyən edib-etmədiyini dəqiq deyə bilmərəm. Bəzi naviqasiya proqramları radarların mövcudluğunu göstərə bilər. Amma ona görə sürücü məsuliyyətə cəlb edilə bilməz. Əgər sürücünün avtomobilində konkret olaraq ölçü cihazlarının işinə maneçilik törədən və ya onlar üçün hansısa formada maneçilik yaradan qurğuların, anti-radarların tətbiq edilməsi müəyyən olunarsa, bu zaman sürücü məsuliyyət daşıyır. Cihaz müsadirə olunmaqla sürücü 500 manatdan 800 manata qədər cərimə oluna bilər.

Elə proqramlar var ki, onlar radarların olmasını göstərə bilər. Avropada da belə naviqasiya sistemləri var ki, onalr radarların olmasını bildirir. Bu cihazların radarların konkret olaraq fəaliyyət göstərib-göstərmədiyini bildirmir. Həmin cihazlar radarın nəzərdə tutulduğunu göstərir.

Yəni radarın işləyib-işləməməsindən asılı olmayaraq radarın olduğunu göstərir. Bu isə yol nişanlarına bərabər bir şeydir. Yəni əgər həmin yolda radar varsa, bu işarə qeyd edilibsə, o zaman kimsə proqrama bu barədə informasiya qeyd edə bilər. Lakin əgər sürücüyə məxsus hər hansı bir cihaz, eləcə də telefon konkret olaraq radarın işləyib-işləmədiyini müəyyən edirsə, o zaman bu məsələyə məhkəmədə baxıla bilər”.

 






Fikirlər