KREMLİN ƏN BÖYÜK QORXUSU REALLAŞIR... – Ukrayna müharibəni Rusiya ərazisinə keçirir

İstənilən uzunmüddətli müharibənin arxasında ilk növbədə iqtisadi resurs dayanır. Ukraynada davam edən savaş səbəbindən Rusiya bütün iqtisadiyyatını tədricən hərbi relslər üzərinə qoymağa başlayıb.

Əlbəttə, Ukrayna ilə müqayisədə Rusiyanın nəzəri baxımdan uzunmüddətli və üzücü müharibə aparmaq imkanı daha çoxdur. Amma bu müharibənin necə və hansı şərtlər daxilində bitəcəyini standart hesablama və dəyərləndirmələrlə müəyyənləşdirmək çətindir. Çünki bu zaman bir-birilə bağlı olan xeyli faktor nəzərə alınmalıdır.

Rusiyada hələ sovet dönəmindən qalmış nəhəng hərbi sənaye kompleksi var və o, əskisi kimi olmasa da, hər halda işləyir. Ona görə də ölkənin bütünlüklə hərbləşdirilməsinə xeyli illər sərf edilməyəcək, sadəcə çoxlu pul və texnoloji material lazım olacaq.

Bəzi analitiklərin ”Rusiyanın iqtisadiyyatı çökür, ağır sanksiyalar maliyyə resurslarını sürətlə əridir” kimi sözləri gerçəyi əks etdirmir. Rusiyanın ciddi çətinliklərlə qarşılaşmasına baxmayaraq, müharibəni davam etdirməsi üçün hələ ki, kifayət qədər maliyyə vəsaiti var.

Rusiyanın karbohidrogen satışından yaxşı pul qazanmasının və sankisylardan yan keçməyi bacarmasının səbəbi Qərbin buna göz yummasıdır. Əslində, bunun qarşısını daha sərt tədbirlərlə kəsmək üçün digər dövlətlərə qarşı ikili sanksiyalar tətbiq edilə bilər. Amma Qərb müxtəlif bəhanələrlə radikal addımlardan yayınır. Kreml isə əldə etdiyi gəlirləri silah istehsalına yönlətməklə qısamüddətli perspektivdə də olsa, ölkə əhalisinin bir hissəsini işlə təmin edir. Bu, iqtisadi sferanın digər sahələrinə də müsbət təsir göstərir.

Vətəndaşların sosial təminat sahəsindəkı problemləri heç də fəlakətli səviyyədə deyil. Rusiya reallıqları çərçivəsində sosial vəziyyəti normal hesab etmək olar.

 

 

 

Putinin sözlərinə görə, 2023-cü ildə Ümumi Daxili Məhsulun 4 %-i müdafiə xərclərinə yönəldilib, amma bu il həmin xərclər artaraq 6,8 faiz təşkil edəcək. Müharibə başlamamışdan öncə Qərbdə Rusiya ordusu haqqında bilərəkdən reallığı əks etdirməyən təsəvvür yaradılmışdı. Gəlinən nəticə belə idi ki, Rusiya dünyada ABŞ-dən sonra ikinci ən güclü orduya malikdir.

Anca hər şey gerçək müharibə şəraitində üzə çıxdı və aydın oldu ki, bu tərifli ordu qarşıya qoyduğu tapşırığı yerinə yetirə bilmir. Onun özündən qat-qat zəif olan Ukrayna üzərində qələbəsi yalnız ABŞ-nin və Avropa ölkələrinin Kiyevi silahla təchiz etməyəcəyi təqdirdə baş tuta bilər. Amerikalı rəsmilər də bu fikirdədirlər.

Müharibənin ikinci ilində tamamilə bəlli olur ki, Vladimir Putinin lap əzəldən qarşısına qoyduğu başlıca məqsədi Ukraynanı bütövlüklə işğal edib Rusiyaya qatmaqdan ibarət olub. Krımın ilhaq edilməsi, qondarma Donetsk və Luqansk “respublikaları”nın qurulması ilkn mərhələnin aşılması prosesi idi. İndi isə deyirlər ki, Rusiya müharibənin gedişində zəbt etdiyi torpaqlarla kifayətlənmək şərtilə sülhə razılaşa bilər. Bu, inandırıcı deyil, çünki rusların planında daha irəliyə getmək var. Putin düşünür ki, müharibə uzandıqca Ukrayna tükənəcək və bundan sonra döyüşməyə nə insan resursu, nə də silah qalacaq. Nəticədə ruslar cəbhəni bir neçə istiqamətdən yarıb Kiyevə qədər yürüyəcəklər. Ondan sonra hər şeyi Moskva diqtə edəcək.

 

 

Putin Ukrayna haqqında nə düşündüyünü bu yaxında bir daha dilə gətirdi. Onun Rusiya təbliğatçısı Yevgeni Kiselyova verdiyi son müsahibəsi də həmişə olduğu kimi geniş və məlumatsız auditoriya üçün nəzərdə tutulmuşdu. O, özünü sülhpərvər göstərsə də, gerçək istəklərini gizlədə bilmədi. Putin ictimaiyyət qarşısında özünü güclü, cəsarətli, humanist ideyaların alovlu daşıyıcısı və hər şeyi öncədən hesablayan strateq kimi göstərməyə çalışır.

Putinin Ukraynanı əslində, necə görmək istədiyini isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ifadə edib. Onun səsləndirdiyi yeddi bənddən ibarət “sülh formulu” Ukrayna dövlətinin xəritədən silinməsini nəzərdə tutur.

Sözsüz ki, Moskvanın ən böyük “kozırı” taktiki nüvə silahından istifadədir və bunu tez-tez səsləndirir. Taktiki nüvə silahı isə “şıltaq silah”dır. Əgər o, cəbhə boyunca yerləşən Ukrayna mövqelərinə atılarsa, bundan rus əsgərləri də ziyan görəcək. Həmçinin, birdən Ukrayna nüvə başlığı daşıyan raketi və ya təyyarəni Rusiya mövqelərinə yaxın yerdə, yaxud hətta Rusiya ərazisində vursa, o zaman necə olacaq? Hələ bunun beynəlxalq rezonansı da var. O zaman Qərblə Rusiya arasında ən adi münasibətlər də kəsilər və üstəlik dünyanın qalan hissəsi də Moskvadan üz döndərə bilər. Digər yandan, “dünyanın ikinci ən güclü ordusu” üç günə məğlub edəcəyi (?) ölkəyə niyə nüvə silahı atsın ki?

 

 

 

Qərb generalları deyrlər ki,Ukraynaya yardım verilməzsə, o, məğlubiyyətlə üzləşəcək. Həmçinin, ABŞ-nin analitik informasiya şəbəkələri əsasən bu sayaq məqalələr dərc edirlər və sanki bilərəkdən ictimai fikri bu yöndə hazırlayırlar. Məsələn, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ Ukraynaya müvafiq silahlar yollamasa məğlubiyyət qaçılmazdır.

Təbii ki, müharibənin müqəddəratında Amerikanın yardımları xüsusi önəm kəsb edir və ələlxüsus da artilleriyanın rolu böyükdür. Lakin son bir neçə aydır ki, müharibənin axarını dəyişəcək hadislər yaşanır. Pilotsuz Uçuş Aparatlarının(PUA) rolu xeyli artıb. Dron faktoru müharibənin gedişinə ciddi təsir etməyə başlayıb. Hazırda məhz dronların köməyi ilə rusların Avdeyevkadan sonrakı irəliləyişi durdurulub. Müəyyən mənada Ukrayna üçün kritik bir məqamda dronlar artilleriyanı əvəzləyə bilib. Hətta Ukraynada dronlarla bağlı ayrıca bir hərbi birləşmə də yaradılıb. Ukrayna 2024-cü ildə 1 milyon ədəd kiçik həcmli “FPV dron”, 1000 ədəd isə uzaq məsafə qət edə bilən zərbə PUA-ları istehsal etməyi planlaşdırır. Ukraynalılar hazırda müxtəlif funksiyalı 6 növ dron buraxırlar. Ukrayna hərbçilərinin dediyinə görə rusların son üç aydakı canlı qüvvə itkilərinin təxminən 60 faizi dron zərbələrinin payına düşür. FPV dornlar eyni zamanda düşmənin artilleriya qurğularını, zirehli texnikasını, piyadaları vurur. O da qeyd edilir ki, Rusiya dron istehsalında Ukraynadan geridədir.

 

 

Digər yandan, Ukraynanın uzaqmənzilli zərbə PUA-larını təkmilləşdirməsi öz bəhrəsini verir. Belə ki, Ukrayna sərhədindən 800 kilometr uzaqda yerləşən Rusiyanın Nijni Novqorod vilayətindəki Neft Emalı Zavoduna vurulan zərbə müharibənin xarakterində dəyişikliklər baş verdiyini göstərir. Bununla yanaşı, Ukrayna PUA-ları Rusiyanın Ryazan, Rostov, Volqoqrad vilayətlərindəki və Krasnodar diyarındakı Neft Emalı Zavodlarına uğurlu hücumlar təşkil ediblər.

Hadisələrin inkişaf dinamikası göstərir ki, Ukrayna PUA-lar vasitəsilə Rusiyanın Neft Emalı Zavodlarına hücumlarını intensivləşdirərsə Rusiya iqtisadiyyatı böyük təhlükə ilə üzləşəcək. Rusiyada işlək şəkildə olan 30-a yaxın iri Neft Emalı Zavodu var və bunların emal gücünə görə ən böyük həcmliləri əsasən ölkənin Avropa hissəsində yerləşir. Məlumat üçün onu da qeyd edək ki, Fransa və Böyük Britaniya da Ukraynaya xeyli sayda müxtəlif funksiyalı dronlar göndərməyi planlayır.

Rusiyanın ərazi baxımından böyük olması onun havadan yaxşı qorunmasını tələb edir, lakin indiki şərtlər daxilində bu, müşkül məsələdir.

Kremlin bundan sonra qarşılaşacağı digər problem isə Ukrayna ilə qonşu olan vilayətlərin mühafizəsidir. İndi müharibə təkcə Ukraynada yox, Rusiyanın ərazisində də gedir. Etnik ruslardan ibarət ”Azad Rusiya Legionu”, ”Rusiya Könüllülər Korpusu” və “Sibir batolyonu” yavaş-yavaş ölkənin içərilərinə doğru irəliləyirlər. Hələlik onlar böyük zərbə gücünə malik deyillər. Lakin unutmayaq ki, bu hərbi dəstələr tədricən döyüş təcrübəsi qazanırlar və gələcək perspektivdə diviziyaya çevriləcəklər.

 

 

 

Kremlin ən böyük qorxusu müharibənin Rusiya ərazisinə keçməsiydi ki, bu da demək olar, baş verməkdədir. Çünki bu zaman toplanılan ehtiyat qüvvələr ölkə ərazilərini qorumaq məcburiyyətində qalacaq, hakimiyyətə olan inam sarsılacaq və ən əsası isə ölkənin iqtisadi sütunu sayılan obyektlər asan hədəf halına gələcəklər.

Bu, hələ başlanğıcdır. Əgər Qərb Ukraynaya köməyi əsirgəməsə, Kremlin idarəçiliyi laxlaya bilər. Bəs, Qərbin Rusiya ilə bağlı belə bir fikri varmı?

Vaqif Nəsibov

“AzPolitika.info”






Fikirlər