Bakıda piyadalar yolu bağladılar, yol polisi dilə gəldi

Metronun "Koroğlu" stansiyasının qarşısında piyadalar kütləvi halda yolun hərəkət hissəsinə çıxaraq aeroport istiqamətində tıxaca səbəb olublar. Onlar demək olar ki, yolu bağlayıblar.

Bu barədə Milli.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə əlaqədar şəhərin mərkəzindən "Koroğlu" stansiyasına doğru Heydər Əliyev prospektində, oradan da aeroport istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir.

Sıxlığın əsas səbəbi isə sərnişin qismində olan piyadaların "Koroğlu" stansiyasının çıxışında avtobus gözləmə bəhanəsi ilə yolun hərəkət hissəsinə çıxmasıdır: "Baxmayaraq ki, mən özüm də burdayam və digər yol polisi əməkdaşları ilə birlikdə piyadaları qaydalara riayət etməyə və səkiyə qayıtmağa çağırsaq da, buna nail ola bilmədik.

Qeyd edim ki, həmin ərazidə avtobus dayanacağı yoxdur. Dayanacaq metronun şimal çıxışı hissəsində yerləşir. Lakin Bakıdan kəndlərə gedən vətəndaşların metrodan çıxan kimi qapıdaca avtobusa minmək istəməsi, bu məqsədlə yolu tutması və gözləməsi ərazidə sıxlığın yaşanmasına gətirib çıxarıb. Avtobusun guya olmaması iddiaları da onlara bu əsası vermir.

Orada avtobuslar var və dayanacaq da şimal çıxışı hissəsindədir. Amma onlar metrodan çıxan kimi yolu kəsməyə üstünlük verirlər".

Bölmə rəisi qeyd edib ki, bəzi avtomobillərdə yanacağın qurtarması, bəzilərinin təkərlərinin sürüşməsi, digərlərinin isə xarab olaraq yolda qalması isə vəziyyəti bir qədər də çətinləşdirib: Buna baxmayaraq, əməkdaşlarımız özləri onlara kömək edərək vəziyyəti sahmana sala bildilər. Eyni zamanda, yolıar qardan təmizlənir, buzlu hissələrə iaə qum və duz səpilir".






Fikirlər