Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar bağlı OLACAQ

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bu gün Bakıda bir sıra mərkəzi yollar bağlı olacaq. 
AzerTaym.az xəbər verir ki, əsasən Şəhidlər Xiyabanı istiqamətində hərəkət məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən məlumatına görə, yanvarın 20-də səhər saat 08:00-dan etibarən Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Həmin küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması Şəhidlər Xiyabanında ziyarət mərasimi başa çatana qədər davam edəcək.
Bu addım faciə qurbanlarının xatirəsini anan ziyarətçilərin təhlükəsizliyi məqsədi ilə atılır.
Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
 
 
 
 






Fikirlər