Kamran Əliyev: “Ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarı olan nəqliyyat vasitələri hələ də İSTİSMAR OLUNUR”

Geridə qalan həftənin statistikasına görə, qəzalarda 8 nəfər həyatını itirib. Təəssüf ki, piyada ölümlərinin də sayında artım müşahidə edilir.

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir ki, bu rəqəm də ciddi narahatlıq doğurur. Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən noyabrın 11-nə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb. Bu hadisələrin nəticəsində 166 nəfər ölüb, 461 nəfər isə xəsarət alıb.

Türkiyədə də avtomobil qəzaları həddindən artıq çox olsa da, son zamanlarda azalma müşahidə olunduğu bildirilib. Bu günlərdə yollardakı vəziyyətlə bağlı tədbirdə çıxış edən Binəli Yıldırım avtomobil qəzalarının azalmasının avtomobillərə texniki baxış məsələsinin gücləndirilməsi ilə bağlı olduğunu qeyd edib. Qeyd edək ki, ölkəmizdə sovet vaxtından qalma, buraxılış ili 30-40 ili ötən avtomobillər hələ də var və bu avtomobillər yollardadır. Bu cür avtomobillərdən istifadə edənlər bəzən uzaq səfərə belə çıxırlar ki, bu da həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəli vəziyyətlə üzləşmə ehtimalı deməkdir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarıda olan nəqliyyat vasitələrinin hələ də istismar olunduğunu dedi: “Noyabrın 16-18-i arası Türkiyədə 8-ci Karayolu Trafik Günəvliyi adlanan tədbirdə mən də iştirak edirdim. Cənab Binəli Yıldırım orada nəqliyyat vasitələrinin texniki baxışından da danışdı. Amma ən əsas məsələnin hətta çoxillik sürücülük təcrübəsi olan sürücülərin, məktəblərdə və digər təhsil müəssisələrində bu sahədə təhsilin, tədrisin artırılması olduğunu, insanların yol təhlükəsizliyi ilə bağlı maarifləndirilmələrinin vacibliyini qeyd etdi. Statistik məlumatlara görə, Türkiyədə hər 100 min nəfərə düşən ölüm sayı 8,9 təşkil edirsə, Azərbaycanda bu rəqəm 7,8-dir. Bu rəqəmləri əhali sayı, avtomobil sayı ilə müqayisə etdikdə istənilən halda Azərbaycanda qəzaların, qəza nəticəsində ölənlərin sayı əhali və avtomobil sayına görə azdır. Bilirsiniz ki, Türkiyədə kifayət qədər avtomobil istehsal edən müəssisələr var. Orada mütəmadi olaraq köhnə avtomobillərin utilizasiyası prosesi həyata keçirildiyindən uzun müddət istismarda olan nəqliyyat vasitələrinə çox nadir hallarda rast gəlinir.  Sözsüz ki, bu da qəza zamanı ölüm hallarının qarşısını alır. Hörmətli baş nazir çıxışında da ötən illərlə müqayisədə qəza sayının artmasına baxmayaraq ölüm sayının azalmasını vurğuladı.  

Əlbəttə,  avtomobillərin istismar müddəti keçdikcə yenilənməsini biz də istərdik. Çünki nəqliyyat parkının yenilənməsi təhlükəsizlik məsələlərinə bilavasitə təsir edir. Ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarıda olan nəqliyyat vasitələri hələ də istismar olunur. Söhbət onların texniki nasazlığından getmir. Sadəcə, həmin avtomobillər zərbəyə dözümlü olmadıqlarına görə qəza zamanı ölüm ehtimalı daha yüksək olur. Yəni köhnə avtomobilin mexaniki hissələri saz vəziyyətdə ola bilər. Amma bu avtomobillərdə kəmərlərdən başqa heç bir təhlükəsizlik elementləri, yəni  hava yastığı, metalın üzünü örtən plastik materiallar olmadığı üçün qəza zamanı salondakı metal hissənin əyləşən insana birbaşa toxunması nəticəsində ciddi zədə alma ehtimalı daha çoxdur. Amma müasir avtomobillərdə o dəmirlərin üstü xüsusi plastiklərlə örtülür ki, qəza zamanı onlar insana elə ciddi xəsarət yetirməsin, ölümə səbəb olmasın. Nə qədər təbliğat işləri aparsaq da, bəzən insanlar köhnə avtomobilləri ilə heç cür vidalaşmaq istəmirlər. Bildiyim qədər Azərbaycanda da belə bir proqram layihəsi artıq işlənilir. Amma düşünürəm ki, utilizasiya proqramı dövlət tərəfindən deyil, ayrı-ayrı avtomobil şirkətlərinin nümayəndələri tərəfindən də həyata keçirilə bilər. Yəni güzəştli qiymətlərlə satış müqabilində bu avtomobillər həmin dillerlər tərəfindən alınaraq çıxdaş edilib istismardan çıxarıla bilər. Yaxın gələcəkdə belə bir proqram qəbul olunsa, hər kəs gətirib köhnə avtomobilini təhvil verər. Biz həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə belə avtomobillərin yoldan kənarlaşdırılmasını çox istəyirik. Bəzən yeni buraxılmış avtomobillərlə 30-40 il əvvəlin istehsalı olan avtomobil toqquşanda yeni avtomobildə xəsarət belə olmur, köhnə avtomobildə isə 3-4 nəfər xəsarət alır, yaxud dünyasını dəyişir. Bəzi rayonlarda köhnə avtobuslardan hələ də istifadə olunma halları var. Sözsüz ki, belə avtomobillər texniki baxışdan keçməyibsə, onlarda texniki nasazlıq aşkar olunursa, onların istismarı qadağan olunur. Lakin avtomobilin təkcə buraxılış ilinin çox olmasına görə biz heç bir nəqliyyat vasitəsinin istismarını qadağan edə bilmərik”.

Image result for Ərşad Hüseynov

Nəqliyyat eksperti Ərşad Hüseynov nəqliyyatlarla bağlı dövlət proqramının hələ də olmamasından təəssüf hissi keçirdiyini dedi: “Türkiyədə son 15 ildə dövlət səviyyəsində xüsusi proqram çərçivəsində yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir. Bu istiqamətdə işlər görüldüyünə görə doğrudan da 10 il əvvəlki ilə müqayisə edəndə Türkiyədə yol təhlükəsizliyi yüksək səviyyədədir. Azərbaycanda da belə işləmək lazımdır. Təəssüf ki, bizdə dövlət proqramı hələ də yoxdur. Gözlənilir ki, bu proqram yaxın gələcəkdə olacaq. Həmin proqram çərçivəsində daha ciddi, elmi cəhətdən əsaslandırılmış, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə söykənən, Azərbaycan reallıqlarına uyğun gələn işlər görülməlidir. Son bir neçə günün statistikasına baxsaq çox ağır qəzaların olduğunu görərik. Onların demək olar ki, heç birinin texnika ilə bağlılığı yoxdur. Yol nəqliyyat hadisələrinin 20 faizi maşının texniki vəziyyəti ilə bağlı ola bilər. 80 faizini yol hərəkəti iştirakçılarının qaydaları kobud şəkildə pozması təşkil edir. Qəzalara səbəb insan faktorudur. Dövlət tərəfindən iş görülməlidir. Əgər bu işlər görülsə, proqram olsa bunun bir neçə ildən sonra müsbət nəticələrini görə bilərik”.






Fikirlər