Avtoxuliqan və qohumları polislərə hücum edib

Avtoxuliqan və qohumları polislərə hücum edibEhsan Zahidov: “Nurlan Manafov və onun qohumları polisin qanuni tələbinə tabe olmaq əvəzinə...”

Əldə etdiyimiz məlumata görə, bu gün (29 iyul, 2015-ci il) Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü və onun qohumları ilə Yol Polisi əməkdaşları arasında qarşıdurma yaranıb.

Musavat.com xəbəri dəqiqləşdirmək üçün DİN-nin Mətbuat Xidməti ilə əlaqə yaradıb. Xidmətin rəis müavini Ehsan Zahidov xəbəri təsdiqləyib. O, bildirib ki, iyulun 29-da saat 11 radələrində Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Nurlan Manafov “Tofaş” markalı avtomobili idarə edərkən sürət həddini aşıb: “Üstəlik nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyinə görə ərazidə xidmətdə olan Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Polisin qanuni tələbinə məhəl qoymayan sürücü avtomobilin sürətini daha da artıraraq yol hərəkəti qaydalarını davamlı şəkildə pozmaqla digər hərəkət iştirakçıları üçün real qəza şəraiti yaradaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivinə daxil olub”.

E.Zahidov deyib ki, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməklə kobud qayda pozuntusu və avtoxuliqanlıq hərəkətləri törədən sürücünün məsuliyyətə cəlb edilməsi üçün qeyd edilən ünvana gələn Binəqədi RPİ DYPŞ-nin əməkdaşları Nurlan Manafovun qohumlarının zor tətbiqi və kobud müdaxilələri ilə üzləşiblər: “Əllərində müxtəlif kəsici və küt alətlər olan bir neçə şəxs xidməti vəzifələrinin icrasını həyata keçirən polis əməkdaşlarına qarşı zor tətbiq edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, xidməti BMW markalı avtomobilə isə maddi ziyan vurublar.

Avtoxuliqan və qohumları polislərə hücum edib
Dərhal görülən tədbirlər nəticəsində hadisənin iştirakçıları əvvəllər məhkum olunmuşlar Nurlan Manafov və Vüsal Əliyev, eləcə də Teymur Əliyev, Rəcəb Manafov, Xatirə Əliyeva saxlanılıblar. Müvafiq təlimata uyğun olaraq onlar xidməti “Fiat Doblo” markalı avtomobildə RPİ-yə gətirilərkən Rəcəb Manafov yolda qaçıb, Xatirə Əliyeva isə qaçmağa cəhd edərkən yıxılaraq xəsarət alıb”.


E.Zahidov bildirib ki, faktla bağlı Binəqədi RPİ-də cinayət işi qaldırılıb, araşdırmalar aparılır.






Fikirlər