Keçmiş MİLLƏT vəkilindən Ermənistanın ƏSGƏR analarına ilginc müraciət...

"Bu işğal erməni xalqına, erməni analarına və gənc erməni əsgərlərinə əzab və göz yaşından savayı nə verdi ki?"

Sabiq  millət vəkili Gülər Əhmədova Ermənistanın əsgər analarına müraciət edib. 

 "Biz qəbul etsək də, etməsək də qonşuyuq və keçmişdə, dünənimizdə və bu günlərdə yaşananlara baxmayaraq Ermənistan işğala son qoyaraq Azərbaycan torpaqlarını geri qaytarandan sonra da birgə yaşamağa məhkumuq. İki xalq arasında yaşanan dəhşətlərdən və hər iki tərəfdən çoxsaylı itkilərdən sonra bu qonşuluğun gələcək aqibəti barədə birmənalı fikir bildirməkdə çətinlik çəksəm də bir ona əminəm ki, nə siz Ermənistan adlanan dövlətdən çıxıb başqa qitəyə köçən deyilsiniz, nə biz. Istənilən halda birgə yaşayışın və normal qonşuluq prinsipinin mövcudluğundan hər iki tərəfin xalqı və insanları fayda götürərdi. 
Amma hələ cəbhədə qanlı döyüşlər gedir və kimin günahkar olduğunu bir kənara qoyaraq Ermənistanın bütün qadınlarını, xüsusən əsgər analarını bu mənasız qan-qırğına son qoyulması üçün əli təkcə Xocalıların günahsız qurbanlarının deyil, eləcə də öz xalqının qanına batmış Serj Sərkisyana qarşı dirəniş göstərməyə və onu işğalçılıq siyasətindən əl çəkməyə və sülhə məcburetməyə çağırıram. İki gün öncə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti haqlı olaraq bildirdi ki, əgər erməni əsgəri Azərbaycan torpağında ölmək istəmirsə bu ölkənin ərazisindən rədd olmalıdır. Bəlkə də Ali Baş Komandanımızın bu ritorikasından məmnun qalmamısınız, amma soyuq başla düşündükdə onun tamamilə haqlı olduğunu etiraf edərsiniz. Axı siz o oğulları başqa ölkənin torpağında qanına qəltan edilməsi üçün doğub min bir əziyyətlə böyütməmisiniz ki? Bu işğal erməni xalqına, erməni analarına və gənc erməni əsgərlərinə əzab və göz yaşından savayı nə verdi ki? 23 illik işğal Ermənistana xoşbəxtlik gətirdimi? Bu işğal erməni xalqının ac qarnını doyurdumu, onları işlə təmin etdimi? Yəqin ki, bu sualın cavabını tapmaq üçün nə politoloq olmağa gərək var, nə iqtisadçı ekspert. Odur ki, mən müasir dünyanın gerçəkliklərindən baş çıxaran erməni əsgər analarına səslənirəm ki, çox gec də olsa bu qanı durdurmaq üçün Sərkisyanı sülhə məcbur edin. 
 
Ali Baş Komandanımız deyir ki, erməni analarına yazığım gəlir, onlar nəyə görə əsassız olaraq ağlamalıdırlar, nəyə görə qan tökülməlidir, biz müharibə istəmirik, biz öz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik, bunlarla dəfələrlə təxribat törədirlər, bizə qarşı hücum edirlər. Bu bir daha onun sübutudur ki, Azərbaycan hakimiyyəti müharibə istəmir, qan tökmək istəmir, amma cəllad Sərkisyan rejimi zorla erməni xalqını müharibəyə sürükləyir.
Etiraf etsəniz də, etməsəniz də Allah və beynəlxalq birlik bilir ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Bu torpaqların Azərbaycana məxsus olmasını bütün dünya qəbul edir. Qarabağın işğaldan azad olunmasıyla bağlı başda BMT - nin 4 qətnaməsi olmaqla bütün beynəlxalq qurumların müvafiq sənədlər qəbul etdiyini bilirsiniz və buna əməl etməyə borclusunuz. Bunu etməsəniz, yaxud Sərkisyan bu çağırışınıza saymazyanalıq göstərsə inanın ki, işğal etdiniz Azərbaycan torpaqları başdan-başa erməni əsgərləri üçün cəhənnəmə çevriləcək, onların çoxunun cəsədini taparaq məzarından belə təsəlli almaq şansınız olmayacaq. Ona görə də neçə ki, bu dəhşəti yaşamamısınız, bu şansı qaçırmayın, özünüz, övladlarınız, millətiniz naminə. Sonra deməyin ki, kimsə bizi qəflət yuxusundan oyatmadı. Bunu sizə övladı əsgər olan Azərbaycan anası deyir. Başqa şansınız yox. Çünki heç bir Azərbaycanlı anası, Azərbaycan oğlu Qarabağın işğalda qalmasıyla razılaşmayacaq. Qarabağda həlak olan hər bir Azərbaycanlı şəhid, erməniler isə tarixdə işğalçı kimi qalacaq"






Fikirlər