"Əsas odur ki, kürəyimə banka salan bir arvadım olsun, bir də katibəm" - Matişgə (18+)

Professorun eşqbazlığı 

 
(Hekayə) 
Mən deyəndə ki, içən kimi gedib transformatora girirdim, doktor Gözəlov başını mənalı tərzdə yelləyib dedi: “Sənin başın xarabdır, içəndə də transformatora girmək olar”? - Puuufff... Girmək nədir? Hələ sevişmək də olar bu lənətə gəlmiş transformatorun içində. Hə, Allah haqqı, bax belə də dedim. İnanmırsız? Niyə inanmırsız ki, mənə? Mən həmişə içəndə belə edirdim, yəni demək istəyirəm ki, transformatora girirdim. Elə həmin gün də transformatora girmək istəyirdim. İmkan vermədilər. Yəni demək istəyirəm ki, tələbələrim imkan vermədilər. Hə, bayaqdan onu demək istəyirəm də. Mən professoram. Özü də balaca yox ha, lap yekə bir professoram. İnanmırsız? Vicdan haqqı yalan demirəm. Lap yekə bir professoram. Bu binaya gəlməzdən əvvəl də kos - koca bir universitetdə dərs deyirdim. Çoxlu tələbələrim var idi, lap çox. Tələbələrimdən biri mənə ləqəb də qoymuşdu, Şirindil deyirdi. Mən də acığa düşüb o tələbəmi sevirdim. Sevirdim deyəndə ki, elə belə uzaqdan- uzağa sevirdim də. Kişi qadını necə sevər? Bax mən də öz tələbəmi elə sevirdim. O çox məlahətli, incə hərəkətli, zərif bir qız idi. Yumru sifətində qara gözləri xəfif parıltı saçırdı. Əl - qərəz, zalımın qızı yandırıb- yaxırdı məni. Axır bir gün dözməyib ona sevgimi bəyan etdim. Sevgimi bəyan etdim deyəndə ki, elə belə, əlindən tutdum, sonra da üzündən öpdüm, başqa heç nə. Qız bilirsiz nə dedi? Dedi ki, “Cəhənnəm ol”! Hə, dəqiq yadımdadır, Allah haqqı elə belə də demişdi. Sonra da nə düşündüsə qulağımın dibinə tərs bir şillə ilişdirdi. Sonra da sorğusuz-sualsız getdi başqasına. Sorğu - sualsız deyəndə ki, bu haqda mənə bir kəlmə də demədi. Mən də acığa düşüb oldum yalquzaq. Yalquzaq deyəndə ki, başladım içməyə. Elə həmin gün də içib transformatora girmək istəyirdim. Amma girə bilmədim, girə bilmədim deyəndə ki, həmin gün çox içmişdim. O qədər içmişəm ki, yıxılıb qalmışam transformatorun qarşısında. Tələbələrim də bundan xəbər tutub yığışıblar başıma, o ki var “selfi” çəkdiriblər öz sevimli Şirindil müəllimləri ilə. Sonrası da məlum məsələdir də. Hərə öz profilində, öz səhifəsində paylaşıb tikiblər Şirindilin torbasın... 
Səhəri gün universitetdə bir həngamə, bir zıbbıltı qopdu ki, gəl görəsən. Əvvəl rektor danışdı, sonra da müəllimlər. Hələ deyəsən, rektorun katibəsi də orda idi. Vallah həmin gün “paxmel” idim deyə dəqiq xatırlamıram. Amma mənə elə gəlir ki, rektorun katibəsi də orda idi. Nə isə, sözüm onda deyil, sözüm ondadır ki, həmin gün universitetdə böyük bir toplantı oldu. Onbaşılar, yüzbaşılar, süpürgəçilər, katibələr hamısı bir yerə toplaşmışdılar. Hamı məni söyürdü, məni söyürdülər deyəndə ki, dünənki hadisədən danışırdılar, yəni tələbələrimlə mənim “selfi”mdən. Az danışdılar, çox danışdılar axırda rektor dedi ki, Şirindil müəllim ictimai təhlükədir. Yəni dedi ki, xalqın balalarını, millətin gələcəyini Şirindilə etibar etmək olmaz. Adam “alkaş”dır, adam əyyaşdır, nə bilim, arvadbazdır, şorgözdür- nədir. Hə, vallah rektor belə də deyirdi. Deyirdi ki, Şirindil müəllim ictimai təhlükədir. Kos- koca bir təhsil ocağında isə belə bir təhlükəni saxlamaq olmaz: “ Buna görə adama bilirsiz nə edərlər? Adamın anasını ağladarlar”! Axır qərar qəbul olundu, atdılar universitetdən məni... Gecə attraksionları... Sirli, sehirli bir teatır, Anarxist işıqlar, Bapbalaca bir qapı, Giriş hamı üçün deyil... Qəflətən həmin sirli-- sehirli axşamkı hadisəni xatırladım. Yadıma sirli qapı, onun üzərindəki sehrli lövhə, gizlənparç oynayan al- əlvan hərflər düşdü. Nə yazılmışdı orada? Hə yadıma düşdü, “Giriş hamı üçün deyil” və bir də “Yalnız dəlilər üçün”... Həmin günü dumanlı xatırlayıram, amma dəqiq yadımdadır, belə, bax belə də yazılmışdı: “Yalnız dəlilər üçün”! Mən? Adım Ədalətdir. Vallah ciddi sözümdür. Siz o Şirindil məsələsinə fikir verməyin. Şəxsiyyət vəsiqəmdə elə belə də yazılıb: Ədalət. Yəni demək istəyirəm ki, bu adı mənə atam verib. Amma zəhləm gedir bu addan. Bu ada görə başım o qədər çəkib ki... Bizim binada isə hamı mənə professor deyir. Burada ipləmələrin hamısı mənə hörmət edir, mənə təzim edirlər. Məni görən kimi ayağa durub yol verirlər. Mənə etibar edirlər. Hərdən doktor Gözəlov mənə iş də tapşırır. Bilirsiz, bu mənim çox xoşuma gəlir. Özümü önəmli, əvəzsiz insan kimi hiss edirəm həmin vaxtlar. Bura, bizim bu ev mənim çox xoşuma gəlir. Burdan başqa heç yeri xoşlamıram. Bir dəfə ağlıma nə isə gəldi gecə qacıb getdim, qoşuldum azad həyata. Amma üç gündən artıq qala bilmədim. Özüm qayıdıb gəldim və məni təzədən bu binaya qəbul etdilər. Çox sağ olsunlar. Ona görə sağ olsunlar deyirəm ki, buradan yaxşı yer əliçıraqlı axtarsam da tapa bilmərəm. Kim deyir ki, bura dəlixanadır? Vallah kim deyirsə yalan deyir. Ciddi sözümdür, inanmayın belə ara söz- söhbətlərinə. Bizim bina dəlixana deyil. Özüm də heç dəliyə oxşamıram. Sadəcə bir az ipləməyəm. Hətta doktor Gözəlov hərdən deyir ki, bizim bina üçün mən çox ağıllıyam. Deyir ki, mənim çox bəlağətli danışığım var. Bunu özüm də bilirəm, Allah haqqı ciddi sözümdür. Hərdən mənə elə gəlir ki, məndən yaxşı siyasi xadim, partiya sədri- zad olardı. Sonra düşünürəm ki, yox çətin olardı mənə. Siyasətbazların hamısı çərənçidir. Çərənçilik etməklə də orda- burda qarınlarını otarırlar. Əvvəl otlayıb qarınlarını qaldırırlar, sonra da başlarını. Başlarını qaldırırlar deyəndə ki, qarınlarını otarıb doyduqdan sonra başlayırlar danışmağa. Ay nə bilim, azadlıq belə gəldi, demokratiya elə getdi... Yəni onu demək istəyirəm ki, bizim binada dəli yoxdur. Sadəcə olaraq hamının başı bir az havalıdır. Elə doktor Gözəlovun da. Doktor Gözəlovdan söz düşmüşkən, bu binada hərdən kefaçan əhvalatlar da olur. Qulaq asın bir, görün nə deyirəm. Bizim doktor Gözəlov tez- tez tibb bacılarını dəyişir. Dəyişir deyəndə ki, hər il bizim binaya gözəl- göycək tibb bacıları gəlir. Gəlirlər, doktor Gözəlovun yanında bir az praktika keçirlər sonra da çıxıb gedirlər. Hə onu deyirəm də, bizim binada on- on iki tibb bacısı var. Arabir onlar işlərini vaxtından əvvəl bitirib dairə vurub çənə döyürlər. Ay danışırlar ha. Elə bil qırıq radiodur zalımın qızları. Onlar danışanda mən də özümü verirəm qapının arxasına, qızların danışığına qulaq asıram. Bilirsiz onlar nədən danışırlar? Əvvəl bir yerə toplaşıb ağızlarına su alırlar. Ağızlarına su alırlar deyəndə ki, heç nə danışmırlar, susub bir- birlərinin üzünə baxırlar. Sonra biri deyir: “ Şükür Allaha ki, doktur Gözəlovla sevişəndə məndə o hal baş vermədi”. O biriləri də qayğılı- qayğılı başlarını tərpədirlər. Yenə ağızlarına su alırlar. Bir az keçmiş başqa bir qız deyir: “ Şükür Allaha ki, doktur Gözəlovla sevişəndə məndə də o hal baş vermədi”. Bax beləcə, onlar növbə ilə eyni sözü təkrar edirlər. Görürsüz? Dəlidilər ya yox? Mən də ipləməyəm, amma şükür Allaha ki, onlar kimi deyiləm. O ki qaldı qızların dediyi “o hal” a vallah mən bilmirəm söhbət nədən gedir. Hərdən istəyirəm qızlar danışanda qapının arxasından çıxıb soruşam. Amma elə qorxuram ki. Qorxuram gedib doktor Gözəlova deyələr, o da qəzəblənib məni burdan qova. Eh onsuz da kefim istəyən vaxt mən burdan çıxıb gedə də bilərəm. Amma yox. O qədər də səfeh deyiləm ki, ağlıma belə bir şey gəlsin. Burada günüm pis keçmir. Bir də mənsiz burada hər şey kəllə- mayallaq olar. Bircə ondan qorxuram ki, günün birində doktor Gözəlov görə ki, mənim ağlım yerindədir, buradan qova, düşəm azad aləmə. Onda gərək özüm özümü dolandıram. Azad aləmin nə olduğunu yaxşı bilirəm. Mən bilirəm azad aləmdə insanlar necə dolanır. Hər gün səhər tezdən durub işə gedirlər, müdirlərinin nazı ilə oynayırlar. Yeri gələndə rəhbərin üst- başını da təmizləyirlər. Bilirsiz nə üçün? Sadəcə bir tikə çörək üçün. Qorxurlar ki, birdən müdirin qəzəbinə tuş gələrlər. Yadımdadır, biz həmişə rektorun otağına girəndə ehtiyatla girirdik. Özü də pencəyimizin üst düyməsin bərk- bərk bağlayırdıq. Yəni bununla demək istəyirdim ki, biz kişi deyilik, bu universitetdə tək kişi sənsən. Başqa necə olmalıdır axı? Qorxurduq də. Qorxurduq ki, birdən rektor katibəsi ilə sevişəndə gedib üstünə çıxarıq, o da qəzəblənib bizi işdən çıxarardı. Zarafat deyil e, bu boyda tərbiyəsizlik olar? O boyda rektor ətli- əndamlı katibəsi ilə sevişə, sən də gedib çıxasan üstünə. Təsəvvür edirsiz də? Universitetdə doqquz ballıq zəlzələ baş verərdi. Bax azad həyat belə olur. Burada isə yaxşı dolanıram. Artıq şey də könlümdən keçmir. Tələbələrimin də canı sağ olsun, mənə yaxşı baxırlar. Mənə yaxşı baxırlar deyəndə ki, hər həftə yanıma gəlirlər. Yox əşi, onların gəlməyi mənim vecimə də deyil. Əsas odur ki, əlidolu gəlirlər. Baldan, qaymaqdan-zaddan gətirirlər, mən də yeyib yatıram burda. Pfffuuu... Siz də elə bilirsiz mən darıxdığım üçün onları xatırladım? Yox, əşi, o qədər də ipləmə deyiləm. Əliboş qonaq mənim nəyimə lazımdır? Əliboş kişiyə heç arvadı da yaxınlıq vermir. Yaxınlıq vermir deyəndə ki, deyir “Get cəhənnəm ol”! Hardan bilirəm? Doktor Gözəlovun arvadından eşitmişəm. Vallah ciddi sözümdür. Gözəlov əliboş gedən kimi arvadı deyirdi “Get cəhənnəm ol”! Ya da özünü vururdu xəstəliyə, guya ki, xəstələnib. Nə isə, sözüm onda deyil, sözüm ondadır ki, bu binada günüm xoş keçir. Arabir mənim sifətimdəki təbəssümü görürsüz də. Ha istəyirəm, yaxamdan əl çəkmir. Bəzən isə bilə- bilə gülümsəyirəm, gülümsəyirəm ki, doktor Gözəlov mənim havalı olduğumu, e üzr istəyirəm, ipləmə olduğumu düşünsün. Belə hallarda saatlarla güzgü qarşısında durub özümə baxıram. Çox gülməli ağzım var. Sallaq dodaqlarıma, çürük dişlərimə baxanda gülməkdən ölürəm. Hələ bığımı demirəm... Kaş siz öz gözlərinizlə məni bu vəziyyətdə görəydiniz. İpləmələri tanımağa nə var ki? Ağzına və dişlərinə baxsan hər şey məlum olar. Ancaq mənim görkəmim dəliliyimə dəlalət etmir. İnanmırsız? Axı siz niyə inanmırsız ki, mənə? Vicdan haqqı düz sözümdür, sadəcə bəxtim gətirib, bəxtim gətirib ki, dəlilərə oxşayıram... Eh o qədər şeylər bilirəm ki, danışsam ürəyiniz gedər. Bir dəfə doktor Gözəlov mənə dedi ki, adını professor qoymusan, bütün günü də boşboğazlıq edib danışırsan. Danışmaqdansa niyə ağıldankəmlər palatası haqda kitab yazmırsan? Puuuffff... Kitab? Bilirsiz nə dedim doktora? Dedim ki, yazmağına yazaram e, amma kitab yazası olsam gərək bakirəliklərini burda itirən tibb bacılarından da yazam. Bax bunu doktor Gözəlova deyəndə o özündən çıxdı. Sən demə doktor bu haqda heç kimin heç nə bilməsini istəmirmiş. Amma nə vaxtsa mən bu haqda kitab yaza da bilərəm. Haçansa deyəndə ki, lap qocalıb əldən düşəndə yaza bilərəm. Onda qovulsam da vecimə deyil. Ondan sonra kimdir məni azad həyatda işlədən? Gedib qocalar evinə də sığına bilərəm. Mənim burda olduğum müddətdə necə neçə tibb bacısı dəyişib. Dəyişib deyəndə ki, onların hamısı doktor Gözəlovun əlindən keçib. Onların hamısı da bir- birindən gözəl, lap kefin istəyəndir. Vicdan haqqı ciddi sözümdür, siz onları öz gözlərinizlə görsəydiz... Amma onlar burda çox qalmırlar, gəlirlər, praktika keçirlər və gedirlər. Burdan gedən kimi də hamısı partapart ərə gedir. Deyəsən, bu mənada doktorun əli çox yüngüldür. Arabir mən də fikirləşirəm ki, evlənsəm pis olmazdı. Özü də elə bu tibb bacılarından birini qamarlamaq istəyirəm. Amma doktor Gözəlova bu haqda deyəndə o dəli oldu, mənə dedi ki, təəssüflər olsun, başıhavalılara evlənməyə icazə verilmir. Ancaq bir dəfə tibb bacılarından birinə əməlli- başlı vurulmuşdum. Qara gözləri, qara uzun saçları, zərif səsi var idi. Zərif deyirəm e sizə, elə ehtiraslı danışırdı ki, adamın ağlı başından çıxırdı. Özü də mən onun xoşuna gəlirdim. Xoşuna gəlirdim deyəndə ki, həmişə mənim qılığıma girirdi ki, yaxşı və üzüyola olum. Mən də onun yanında dəlilik eləmirdim. Bilirsiz, o da tələbəm kimi atdı məni. Atdı deyəndə ki, səssiz səmirsiz getdi. Bu haqda mənə bir kəlmə də demədi. O gedəndən sonra da ipləməliliyim yenidən tutdu. Ancaq mənə elə gəlir ki, evlənmək o qədər də xoş hadisə deyil. Məsələn elə doktor Gözəlovu götürək. Tez- tez arvadı ilə dalaşır. Dalşır deyəndə ki, arvadı Gözəlovun zəhləsini tökür. Hardan bilirəm? Bunların hamısını özüm görmüşəm. Bir dəfə isə öz qulaqlarımla eşitdim ki, arvadı onu dəli adlandırır. Bundan sonra doktor az qala həqiqətən dəli olacaqdı. Deyirəm yaxşı ki, bu tibb bacıları var. Tibb bacıları onu bu bəladan xilas etdilər. Amma evlənməyin də öz ləzzəti var də. Evlənmək deyəndə ki, cavan tibb bacılarından birini qamarlamağın nəyi pisdir ki? Günün birində gərək doktor Gözəlovla danışam ki, mənə başıvahalı olmadığım barədə arayış versin. Sonra da ondan xaiş edəcəyəm ki, məni bu binaya, yəni ipləmələr palatasına həqiqi professor kimi işə qəbul etsin, öz kreslom olsun, öz katibəm olsun. Katibə deyəndə ki, ora- buramı ovxalayan bir tibb bacısı olsa pis olmazdı. Ayda da 150-200 manat müəllim maaşından-zaddan alardım. Daha sonra isə bilirsiz nə istəyirəm? Evlənmək. Hə, tibb bacısı Ayka ilə evlənmək istəyirəm. Yox, əgər Ayka sözümü yerə salsa onda ya Gülya ilə, ya da başqa bir tibb bacısı ilə evlənərəm, fərqi yoxdur. Onsuz da onların çoxu ər üçün əldən gedirlər. İnanmırsız? Vallah ciddi sözümdür, hər bir cavan qadının içində vəhşi bir ehtiras yatır. Bax sizə dedim axı mən dəli deyiləm. Allah haqqı onların çoxu ər üçün yanıb kül olurlar. Heç vecimə də deyil ki, əgər günlərin bir günü arvadım əsəbləşib özündən çıxar və mənə dəli deyər. Əşi desin də, heç vecimə də deyil. Əsas odur ki, kürəyimə banka salan bir arvadım olsun, bir də katibəm. İpləmələrlə işləməyi öyrənəndən sonra bir arvadın və bir katibənin öhdəsindən gəlməyə nə var ki? Baxın doktor Gözəlov birinin yox e, lap yüzünün öhdəsindən gəlir. Allah haqqı ciddi sözümdür. Kaş siz özünün bu mənzərəni, eh üzr istəyirəm, bu səhnəni öz gözlərinizlə görəydiz. Bilirsiz nəyə bənzəyir? 
Hikmət Kərimoğlu






Fikirlər