“Məktəbdə repititor ola bilməz, bu bəlalar gətirəcək” - ETİBAR ƏLİYEV

etibar

“Məktəbdə repetitor ola bilməz. Azərbaycanda repetitor təhsili geniş vüsət alıb. Bu orta məktəblərdəki təhsilin keyfiyyəti və imtahanların test üsulu ilə keçirilməsi səbəbindən genişlənib. İndiki halda təhsilə cavabdeh qurumlar fəaliyyətlərini repetitor xidmətinin çəkisinin aşağı salınmasına yönəltməlidir”.

Bu sözləri “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev Nazirlər Kabinetinin məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərarını “musavat.com”-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu gün bizim orta məktəb müəllimlərimizin böyük əksəriyyəti testlər üzrə mütəxəssisləşiblər: “Bu da öz növbəsində dərsliklər vasitəsilə biliklərin verilməsi və proqramın normal mənimsənilməsinin qarşısını alır. Hazırda konkret olaraq Bakı şəhərində fəaliyyət göstərən demək olar ki, bütün məktəblərdə müəllimlər dərsdən sonra elə məktəbdəcə repetitorluq edirlər və o da sirr deyil ki, onların qazancında direktorların da payı var. Həm də müəllimlərin böyük əksəriyyətinin fəaliyyətindən görünür ki, məktəbdə dərs zamanı repetitorluq etdiyi uşaqlara daha çox diqqət ayırırlar. Əlbəttə, bütün bunlar repetitorluğun gətirdiyi bəlalardır”.

E. Əliyevin sözlərinə görə, artıq bunları ibtidai sinif şagirdləri də bilir. Məsələn, Rusiyada belə bir qərar qəbul ediblər ki, proqram uşaqlara tam şəkildə mənimsədilmədiyi halda əlavə dərslər təşkil olunur ki, həmin dərslərin pulunu valideynlər ödəyir. Bu isə repetitorluğa çəkilən xərcdən bir neçə dəfə azdır: “Məktəbdə təhsil verənin bircə adı olmalıdır-müəllim. Repetitor məktəbdən kənarda dərs keçə bilər. O, məktəbdədirsə, repetitor ola bilməz. Əgər məktəblər repetitorlar üçün məkana çevriləcəksə, onda təhsil mühiti ikiqat bərbad vəziyyətə salınacaq.İndiki vəziyyətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələləri tənzimləyə bilmir. Bu idarədən narazılıqlar çoxdur”.

 






Fikirlər