Energetik içkilər Azərbaycanda qadağan OLUNA BİLƏR

Belə içkilərin satışının məhdudlaşdırılması məsələsinə Milli Məclisin payız sessiyasında baxılacaq

“Son illərdə energetik içkilərdən qəfil ölüm halları artıb”. Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Trend”ə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir: “Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər”.

M.Quliyev vurğulayıb ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq. Deputat həmçinin təklif edib ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.

Image result for Musa Quliyev

Qeyd edək ki, son illərdə Azərbaycanda energetik içkilərə maraq xeyli artıb. Xüsusən də gənclər və yeniyetmələr bu cür içkilərin ən çox istifadəçisidir. Tərkibində insan orqanizmi üçün zərərli maddələr olan bu içkilərin istifadəsinin kütləvi şəkildə yayılmasının isə əsas səbəblərindən biri reklam kampaniyalarıdır. Bəzən küçədə onların reklam olaraq pulsuz paylanıldığının da şahidi oluruq. Supermarketlərdən tutmuş, ən xırda mağazalarda belə “Hell”, “Burn”, “Boss”, “Jaguar”, “Rox”, “Red Bull”, “Pitbull”, “Revo”, “Trojka” kimi markalara rast gəlirik. Bu cür içkilərin qiyməti 1-2 manat arasında dəyişdiyindən bəzən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub. Məsələn,  Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu. Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: “Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim”. 

Xatırladaq ki, bir neçə ay öncə energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, “Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub. Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla energetik içkilərin zərərləri haqda “Yeni Müsavat”a danışıb:

Image result for Adil qeybulla

 “Energetik içkilərin tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən də stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir. Üstəlik, bu cür içkilərin üzərində tam olaraq tərkibi yazılmaya, göstərilməyə bilər. Axı kimdir onu yoxlayan, sonuna qədər araşdıran... Bu içkilərə nə ehtiyac var? Çalışmaq lazımdır ki, istifadə edilməsin. İstifadə olunduqda belə, miqdarına diqqət etmək lazımdır”.

Adil Qeybulla qeyd etdi ki, böyüyən orqanizmlərin, yəni uşaqların bu içkilərdən istifadəsi yolverilməzdir: “Bəzən görürük ki, məktəb yaxınlığında bu cür energetik içkilər satılır və uşaqlar da onları alıb içir. Ümumiyyətlə, bu cür içkilərin 18 yaşdan aşağı uşaqlara satılması qadağan olunmalı və yaxud bununla bağlı hər hansı bir qanun qəbul edilməlidir. Maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaşlar başa düşsün ki, bu cür içkilər xeyirdən çox ziyan verir”.






Fikirlər