Ərdoğan Pentaqondan şübhələnib - “amerikalılar” ORDUDAN təmizlənir

Ərdoğan Pentaqondan şübhələnib - “amerikalılar” ordudan təmizlənir

Vaşinqton və Ankara arasında iplər sürətlə qopur 

 

Türkiyədə iyulun 15-də başlayan gərginlik davam edir. İyulun 17-də  İstanbulda Sabiha Gökçen Hava Limanında, Konyada yerləşən 3-cü Qırıcı Hərbi Hava bazasında polis əməliyyat keçirərək hərbçiləri həbs edib. Daha bir neçə hərbi hissədə, o cümlədən İzmirdə jandarma qərargahı, Malatya hərbi hava bazasında hələ də tam nəzarət bərpa olunmayıb. İstanbul Levent bölgəsində Hərbi Akademiyanın yaşayış binaları polis mühasirəsindədir.
 
Eyni zamanda son bilgilərə görə, qiyamçıların istifadə etdiyi Akıncı Hərbi Hava bazasının yenidən ələ keçirilməməsi üçün hökumət qırıcıları uçuş zolağını bombalayaraq yararsız hala gətirib.
Bəzi məlumatlara görə, gündüz saatlarına qədər 6 hərbi döyüş təyyarəsi, 42 vertolyot və bir hərbi gəmi təyinat yerində deyil. Bundan başqa, ölkənin bir çox bölgələrində hərbi hissələrin bağlandığı və polisin içəri girə bilmədiyi haqda bilgilər var. Hökumət rəsmiləri isə gərginliyin hələ bir həftə davam edəcəyini bildirirlər. Bu səbəbdən də əhali meydanlara çağırılır. Çevriliş cəhdinin ikinci dalğasının olacağı haqda kəşfiyyatın məlumat əldə etməsi ilə bağlı MİT rəhbərliyi tərəfindən açıqlama yayılıb.
Həbslər isə davam edir. İyulun 17-də axşama olan məlumata görə, ölkədə 70 general və admiral həbs olunub. Onların içərisində ən yüksək rütbəli komandir, 2-ci ordu komandanı (cənub-şərq bölgəsində) ordu generalı Adem Huduti də var. Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və Ali Hərbi Şuranın üzvü, ordu generalı Akın Öztürk də daxil olmaqla, çoxlu sayda ordu komandanları həbs olunanlar arasındadır.
 
Həbs olunanlar içərisində sürpriz şəxslər də var. Məsələn, İncirlik Hərbi Hava bazasının komandir general-mayor Bekir Ercan da bazar günü həbs olunub. Bir gün əvvəl  bazanın qərargah rəisi həbs olunmuşdu və eyni zamanda hökumət bazaya verilən elektriki kəsdiyi üçün istifadəsiz hala gəlmişdi. Ancaq 17-si səhər Vaşinqton rəsmilərin bazanın yenidən fəaliyyətini bərpa etdiyini bəyan edib. 
Ankarada həbs olunanlar arasında prezidentin baş hərbi köməkçisi, polkovnik Ali Yazıçı da var. Yazıçının qiyam zamanı Ankarada olduğu bildirilir. Daha bir sürpriz şəxs eks-prezident Abdulla Gülün köməkçisi olmuş və hazırda xüsusi təyinatlı polka rəhbərlik edən general İsmayıl Güneser olub.
 
Bundan başqa, Ankarada 24-ü rəis olmaqla 149 polis həbs olunub, Ərzurumda isə 15-i zabit olmaqla 79 polis işdən azad edilib. Ali və Konstitusiya məhkəmələrində də həbslər olub. Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan, Erdal Tezcan və daha bir neçə hakim həbs olunub. Bütün ölkə boyu polisin axtarış-əməliyyat tədbirləri davam etdiyi üçün siyahı hər dəqiqə artır. Ədliyyə naziri Bəkir Bozdağ artıq 6 min nəfərin həbs olunduğunu bildirib. Eyni zamanda həbslərin hələ davam edəcəyini də əlavə edib.
Türkiyə xalqı isə küçələrdədir. Milliyyətçilər, dindarlar, solçular, bütün qrupların təmsilçiləri meydanlara çıxaraq çevrilişə etirazını bildirir. Ancaq olayların davam etməsi və rəsmilərin bəyanatı göstərir ki, təhlükə hələ də qalır. Lakin ehtimal olunan təhlükənin nə olması, ikinci bir qiyam, yoxsa başqa bir hadisə, o haqda bilgi yoxdur. 
 
Yeri gəlmişkən, iyulun 17-də hökumətin qiyamın təşkilatçısı olaraq ittiham etdiyi ruhani Fətullah Gülən ABŞ-dakı iqamətgahında jurnalistlər üçün mətbuat konfransı keçirib. F.Gülən çevrilişlə heç bir əlaqəsinin olmadığını bildirib. Ancaq təbii ki, bütün şübhələr onun üzərindədir və qiyamdan dərhal sonra prezident Ərdoğan ABŞ-a müraciət edərək növbəti dəfə Gülənin geri verilməsini tələb edib. ABŞ dövlət katibi Con Kerri isə dərhal cavab verərək Gülənin verilməsi üçün Türkiyədən tələb sənədlərini almadıqlarını bildirib. Kerri deyib ki, əsaslandırılmış sənədlər olarsa bu məsələyə baxılacaq. 
Ancaq Ankaranın hadisədən sonra İncirlik bazasını bağlaması, işıqları söndürməsi və dövlət rəsmilərinin Amerikanı ittiham edən işarələr verməsi narahatlığın bir ucunu Vaşinqtona bağlayır. Doğrudanmı, bu çevrilişi illər uzunu ordu ilə rəqabətdə olan və 20 ilə yaxındır Amerikada yaşayan bir ruhani lider edib? Bu saata qədər 50-dən çoxu general olmaqla, 290 hərbçi Gülənin adamları olub? 
 
Məsələ ondadır ki, indi Türkiyə rəsmiləri açıq deməsələr də, bəzi ekspert və yazarlar qiyamın arxasında xarici güclərə, o cümlədən Amerikaya işarə edirlər. Söhbət ABŞ dövlət rəhbərliyindən deyil, Pentaqondakı generallardan gedir. Hələ bu ilin martında amerikalı politoloq və keçmiş diplomatlar Türkiyədə hərbi çevriliş olacağı ilə bağlı yazı yazmışdılar. İndi həmin yazılar daha çox gündəmə gəlir. Yeri gəlmişkən, ABŞ konqresmeni Bred Şerman twitter hesabında “Türkiyəyə hərbi çevrilişdən sonra real demokratiya gələcək, Ərdoğan diktaturası sona çatacaq” deyə yazıb. Yəni çevriliş mövzusu amerikalı siyasətçilər üçün gözlənilməz olmayıb. Hətta arzuolunan olub. 
 
Doğrudanmı, F.Gülən o qədər güclü bir təşkilat qurub ki, Türkiyə ordusunda onlarla generalı ələ ala bilib? 
 
Və bu generallar öz iradələri ilə dövlətə qarşı hərbi çevriliş hazırlayıb, onu həyata keçirməyə çalışıblar? Bu iddianın özü belə şübhəlidir, çünki ordu hər zaman dünyəviliyin dayağı olub və Gülən hərəkatına qarşı əsas cəbhəni təşkil edib. İndi necə oldu ki, birdən-birə belə bir ordunun 100-dək generalı illərlə mübarizə apardığı dini hərəkatın üzvü olsun? Daha bir ilginc məqam, qiyam baş verdiyi gecə telekanallara bağlanaraq hökumətə dəstək verən generallardan bir çoxu sabahı gün həbs olundu. Bu generalların həqiqətən çevrilişə dəstək verdiyi, yalnız uğursuzluğa düçar olduqlarını bildikdən sonra hökuməti dəstəklədikləri, yoxsa günahsız olaraq həbs olunduqları hələlik bilinmir.  
Bu qiyamdan dərhal sonra ABŞ-ı ittiham edən yazıların və çıxışların gündəmə gəlməsi iki məqama görə maraq doğurur. Birincisi, F.Gülən ABŞ-da yaşayır, ikincisi isə Türkiyə ordusunun Pentaqonla çox yaxın əlaqələrinin olmasıdır. Bura son illərdə Türkiyə hakimiyyəti ilə Vaşinqton arasında soyuyan əlaqələri, xüsusən də Pentaqonun Ankaraya münasibətini əlavə etmək lazımdır. Pentaqon son illərdə açıq şəkildə Suriyada kürdləri silahlandırır, eyni zamanda Ankaranın tələblərinə qarşı çıxaraq kürdlərin Suriya sərhədlərinə yerləşməsinə dəstək verir. Hətta Ankaranın etirazlarına baxmayaraq, öz təmsilçisini Rojovaya - Suriyadakı kürd mərkəzinə göndərir. Bu ilin yazında ABŞ müdafiə naziri nümayişkaranə surətdə Ankaraya deyil, İncirlik bazasına gələrək Türkiyə hakimiyyətinə İŞİD-ə qarşı ciddi mübarizə çağırışı etmişdi. Hələ bir neçə ay əvvəl mediada amerikalı ekspertlərin Türkiyədə hərbi çevriliş proqnozları ilə bağlı yazılar üzə çıxanda bir çoxları bu işdə ABŞ-ın əlinin olacağını yazırdı.
Ən çox diqqət çəkən isə o idi ki, Ankara ilə münasibətlərin belə kəskin olmasının fonunda Pentaqon Türkiyə Baş Qərargahı ilə çox yaxın münasibətlərini qoruyub saxlayır, hətta inkişaf etdirirdi.
O zaman bir çox ekspertlər hesab edirdi ki, Vaşinqton Türkiyə ordusunu hökumətdən fərqli olaraq özünə yaxın müttəfiq hesab edir. Çünki ordu dünyəvidir, eyni zamanda hakimiyyətdən fərqli olaraq daha praqmatik və müəyyən mənada muxtar qurum olaraq siyasi-diplomatik məsələlərə qarışmırdı. Bundan başqa, Türkiyə ordusunda hələ də çoxlu sayda yüksək rütbəli NATO zabitləri vardı və onlar ABŞ və digər NATO ölkələri orduları ilə yaxın əlaqələrə malik idilər. 
İndi isə həbslər dairəsinin sürətlə genişlənməsi onu göstərir ki, Ankara bu çevrilişin arxasında yalnız gülənçilər deyil, eyni zamanda Amerika generallarının da olduğundan şübhələnir. Ya da qiyam cəhdinin yaratdığı vəziyyətdən istifadə edərək ordu içərisindəki hökumətə qarşı olan zabitləri təmizləyir. Nəticə etibarı ilə bu prosesdə iştirak edib-etməməsindən asılı olmayaraq qiyam cəhdindən sonra başlanacaq təmizlənmə prosesində ordudakı NATO və ABŞ təsirində olan zabitlər kənarlaşdırılacaq. 
Məlum olduğu kimi, “Ergenekon” hadisələrindən sonra ordunun “təmizləndiyi” deyilsə də, əslində son illərdə, xüsusən də axırıncı bir ildə cənub-şərq vilayətlərində hərbi əməliyyatların başlamasından sonra orduda hökumətə qarşı güclü müqavimət formalaşmışdı. Hakimiyyətin təzyiqlərinə baxmayaraq generalların Suriya ərazisində hərbi əməliyyatlara qatılmaması, hökumətin əksinə olaraq NATO və ABŞ-la yaxınlaşması Ankarada narazılıqla qarşılanırdı. Xüsusən də Suriya məsələsində Türkiyə ordusu açıq şəkildə hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq sərhədin o üzünə əsgər göndərilməsinə qarşı çıxdı. 
Hər bir halda hökumət ordudakı “sözəbaxmaz”, “amerikançı” generalları təmizləyəcək. 
 
Ankaranın əsas narahat olduğu “B” planı nədən ibarət ola bilər? 
İki versiya var, birincisi, daha bir hərbi qiyam cəhdi baş verə bilər. Bu ehtimalı gücləndirən hərbi hissələrdə hələ də əməliyyatların davam etməsidir. İkinci variant isə Türkiyədə xaos və gərginliyin yaranmasıdır. Şəbəkələrdə təxribat məlumatlarının yayılması, öyrədilmiş silahlı adamların təxribatçı çağırışları. Bəzi bölgələrdə suriyalı qaçqınlara, bəzi bölgələrdə isə ələvi məhəllələrinə hücum çağırışları və kiçik cəhdlər bu təxribatın elementləridir. Buna qarşı yeganə yol isə xalqı səfərbər olaraq tutmaqdır.
Nəticə olaraq bu hadisələr Türkiyə dövlətinə zərbə vurur. Qiyamçıların kimlərdən ibarət olmasından asılı olmayaraq, bu hadisə ilə ordu əvvəlki təsir gücünü və muxtariyyətini bir qədər də itirəcək. Bunu bərpa etmək üçün uzun zaman tələb olunacaq, yaxud da ümumiyyətlə, bu mümkün olmayacaq. Davam edən həbslər ordu içərisində hazırkı hökumətə soyuq yanaşan zabitlərin böyük qisminin xaric edilməsi ilə nəticələnəcək. Hökumət ordu üzərində təsirini artıracaq və bununla ordu daxili müstəqilliyini itirəcək. Eyni zamanda Türkiyə cəmiyyəti də böyük bir travma yaşayacaq. Bəlkə də bu təxribatı hazırlayan qüvvələrin əsas məqsədi bu idi. 
Bu vəziyyətdən çıxmaq, cəmiyyətdəki travmanı yüngülləşdirmək üçün hakimiyyət müxalifətlə birgə hərəkət edərək milli birlik çağırışlarını artırmalı, siyasi gərginliyə səbəb olan qərarlardan imtina etməlidir. Bu isə qarşıdakı dövrdə bilinəcək.






Fikirlər