04.08.2014- “100 min könüllü ilə yanınızdayıq” - Məşhur türk döyüşçü

04.08.2014- “100 min könüllü ilə yanınızdayıq” - Məşhur türk döyüşçüYusuf Ziya Arpacık: "Biz savaşı yox, savaş bizi istəyir”

92-ci ildə Qarabağ savaşında Azərbaycana gələn, öncə yeni qurulan Milli Orduda, Şıxov batalyonunda, daha sonra isə türk könüllülərinin "Rüzgar” kampında yer alan Yusuf Ziya Arpacıq Ermənistan-Azərbaycan cəbhəsində son günlər yaşanan gərginliklə bağlı narahatlığını ifadə edərkən "100 min könüllü ilə Azərbaycanın yanındayıq” deyib.

Y.Z.Arpacığın Facebook sosial şəbəkəsindəki "Qarabağ müharibəsi başlayarsa, yüksək təlim görmüş 100 min könüllü döyüşçü ilə Qafqazda olacağıq! Görüş yerimiz İrəvandadır!” mesajı Azərbaycanda geniş müzakirə olunub. Bu mesajı Anadolunun Azərbaycana qardaş dəstəyi kimi qəbul edənlərlə yanaşı, Qarabağ savaşı ilə bağlı beynəlxalq müstəvidə görülən işlərə zərər verə biləcəyi ehtimalını irəli sürənlər də var. Yusuf Ziya Arpacık "Yeni Müsavat”a açıqlamalarında müzakirələrdə səslənən fikirlərə münasibət bildirib.

- Yusuf hoca, yazdığınız mesaj Azərbaycanda savaş yolu ilə Qarabağın azad edilməsini istəyən kəsimə ruh verib. Bir də ortada səsləndirdiyiniz 100 min könüllü rəqəminin gerçəklə ilgisi olmadığını düşünənlər var. Onlara cavabınız nədir?

- Qarabağ bir yana İrəvan da türk torpağıdır və işğaldan azad edilməlidir. Bunun üçün biz 100 min deyil, 100 minlərlə meydana çıxmağa hazırıq. Bu rəqəmi heç kim xəyal kimi qəbul eləməsin. Biz dediyimiz sözün sahibiyik. Qarabağla bağlı, silahla təmin edilmiş, yüksək təlim keçmiş döyüşçülərlə işğala son verilməsi prosesində hər cür dəstək verməyə hazırıq.

- Bu cür açıq fikirlərin ermənilərin beynəlxalq məkanda mövqelərini gücləndirməyə xidmət etdiyini düşünənlər də var. Onlar iddia edir ki, Türkiyədən Qarabağ savaşına könüllülərin gəlməsi ermənilərin türk-müsəlman toplumunun onlara qarşı birləşməsi ilə bağlı yeni kampaniya başlatmalarına səbəb ola bilər.

- Bu gün ortada bir gerçək var - Qarabağ ötən əsrin 90-cı illərindən işğal altındadır. Bu işğala son qoymaq üçün diplomatik müstəvidə aparılan səylər heç bir nəticə vermir. Azərbaycanın bir qarış torpağı azad edilməyib, insanlar hələ də vətənsizdir. Danışıqlar prosesinin heç bir nəticə verməyəcəyi hər kəsə bəllidir. Qarabağı işğaldan azad etmənin bir yolu var - o da savaş. Azərbaycan illərdir danışıqlar prosesinə görə gücsüz vəziyyətə salınıb, təslimçiliyə məhkum edilib. Torpaqları işğal olunan bir dövlət torpaqlarını işğaldan azad etmək üçün heç bir hərəkət edə bilmir. Ermənilər isə getdikcə mövqelərini gücləndirirlər. Artıq silahların danışması zamanıdır.

- Aydındır ki, Ermənistan Qarabağı Rusiyanın güclü dəstəyi ilə işğal edib. Torpaqları diplomatik yolla azad etməyi daha doğru yol sayanların fikrincə, Azərbaycan savaşa başlasa, Rusiyanın güclü ordusu ilə üz-üzə qalacaq. Sizcə, Rusiya faktoruna görə, hərbi əməliyyatlardan çəkinmək doğru taktikadırmı?

- Rusiya bu gün öz imperiya siyasətinin acıları içərisindədir. Ukraynaya hərbi müdaxiləyə görə dünya ilə üz-üzə qalıb. Ukraynanı bölmək planları iflas edən Krem bir də iqtisadi sanksiyalarla üz-üzədir. İndi Azərbaycanın öz torpaqları uğrunda real mübarizəyə başlaması üçün ən real imkanlar yaranıb. Zaman bizim zamandır. Onu dəyərləndirmək lazımdır. Türk millətçiləri ayaqdadır. Biz savaş istəmirik, savaş bizi istəyir. Azərbaycan bilsin ki, bu davada yalnız deyildir.

- Yusuf hoca, sizin İraqdakı türkmən elində çalışmalarınız olduğunu da bilirik. Hər gün həyəcanlı xəbərlər alınan bir bölgənin son durumu necədir?

- Kritik dönəm davam etməkdədir. İŞİD terror qruplaşması dinc əhalinin gününü cəhənnəmə çevirib. Biz bu insanların təhlükəsizliyi üçün bacardığımızı edirik. İnsanların savaş bölgəsindən çıxarılmasından tutmuş, onlara humanitar yardım göstərilməsinə qədər, bir çox işlər görməyə çalışırıq. Türkmənlər bizim qardaşımızdır. Bu gün İraq türkmənləri həm diplomatik, həm hərbi, həm humanitar sahədə ciddi dəstəyə ehtiyac duyur. Terrordan baş götürən insanlar çarəsiz səhraya səpələnmiş durumdadır. Bugündən sabaha ümidləri yoxdur. Türkiyə dövlətindən, bütün türk dünyasından umacaqları çoxdur. Ülkü ocaqlarının başlatdığı humanitar yardım kampaniyası davam edir. Ərzaq, geyim, pul, hər cür yardımı türkmən qardaşlarımıza çatdırmaq üçün səfərbərik. Biz onların bizə uzanan əlini geri çevirməməliyik. Bu bizim qardaşlıq borcumuzdur.






Fikirlər