MOSKVA "C planı" HAZIRLAYIR - QƏRB ekspertindən SENSASİYALI İDDİALAR

Moskva "C planı" HAZIRLAYIR - Qərb ekspertindən SENSASİYALI İDDİALAR

“Ukrayna onun hazırda nəzarət etdiyi ərazilərə mümkün qədər daha çox diqqət ayırmalıdır. Kiyevin nəzarət etdiyi ərazilər inkişaf etdirilməli, korrupsiyaya qarşı ciddi kampaniyalar və ciddi iqtisadi islahatlar aparılmalıdır”.

Publika.az xəbər verir ki, bunu Rusiya mövzusu üzrə tanınmış mütəxəssis, bir sıra Amerika və Rusiya nəşrlərinin müxbiri, Vaşinqtondakı Avropa Siyasətinin Analizi Mərkəzinin (CEPA) böyük elmi işçisi Brayan Uitmor Ukraynanın “Apostrof” nəşrinə deyib.

Sülhməramlıların Donbasda yerləşdirilməsi ilə bağlı təkliflərə toxunan analitik Kiyev və Qərbə çox ehtiyatlı olmağı məsləhət görüb.

“Düşünürəm ki, Donbasda sülhməramlıların yerləşdirilməsi vacibdir. Amma mən sülhməramlıların Rusiya motivləri (Moskva sülhməramlıların yalnız separatçılarla Ukrayna Silahlı Qüvvələrinin təmas xəttində, Kiyev və Qərb isə işğal edilmiş bütün Donbas ərazisində yerləşdirilməsini təklif edir –red.) ilə yerləşdirilməsinə şübhə ilə baxıram. İblis həmişə detallarda gizlənir, buna görə də diqqətli olmaq lazımdır ki, söhbət hansı sülhməramlılardan gedir. Mən xatırlatmaq istəyərdim ki, sülhməramlılar 2008-ci ilə qədər Abxaziya və Cənubi Osetiyada idilər. Və hamınız 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyada nəyin baş verdiyini bilirik. Bu iki ərazinin Rusiya tərəfindən yumşaq zəbt edilməsi oldu. Yəni, bütovlükdə düşünürəm ki, sülhməramlılar yaxşı ideyadır. Amma diqqətli olmaq lazımdır”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya Donbasda güclü yanıldı: “Moskva Donbasda rusmeylli əhval-ruhiyyəni həddindən artıq qiymətləndirdi. Onlar düşünürdülər ki, Krimdakı kimi sürətli və asan əməliyyat olacaq, əslində başqa cür alındı. Əvvəl ümid edirdilər ki, Krıma quru dəhlizi çəkmək olar: Xarkovdan Odessaya qədər. Ancaq onlar güclü yanıldılar. Nəticədə, Rusiya “B planı”na keçdi. Bu, Ukraynanı Donbası Moskvanın şərtləri ilə öz tərkibinə geri qəbul etməyə məcbur etmək planı idi. Bu, Ukraynanın federasiya halına salınması layihəsidir. İndi bu plan da iflasa uğrayır və Moskva hansısa “C planı”nı axtarır”.






Fikirlər