ERMƏNİSTAN tarana gedir - Rusiyanın “AYAĞININ ALTI” QAZILIR

Ağ Ev para, Moskva isə... İrəvana mövcudluq zəmanəti vəd edir - işğalçı təhlükəli oyuna girib; səhvlər edə-edə tələsən yeni baş nazir Paşinyan qəliz seçim qarşısında...

Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər iddia eləsə də ki, ölkədə baş vermiş inqilabın geosiyasi əsası yoxdur və inqilab sırf daxili problemlərlə, ağır iqtisadi durumla, korrupsiya ilə bağlıdır, reallıq bunun əksini deyir, küçə hərəkatının həm də Kremlə qarşı olmasına şəhadət verir. Birinci elə Paşinyanın baş nazir olan kimi bir çox mühüm dövlət postuna bircə rusiyapərəst kadrı belə, qoymaması.

Qəribədir deyilmi? Bir yandan o, Ermənistanın Rusiya siyasi orbitində və təhlükəsizlik çətiri altında qalacağına Putinə söz verir, “aramıza heç kim girə bilməz” deyir, o biri yandan isə Rusiyanın maraqlarına cavab verməyən, onu qıcıqlandıran kadr siyasəti aparır.

Ermənistanın yeni təhsil naziri Araik Arutunyan isə işə başlar-başlamaz, rus dilinə qarşı çıxıb. Musavat.com-un xəbərinə görə, facebook-dakı canlı yayımda o, ölkə vətəndaşlarını elektron poçtlarını operativlik dərəcəsinə uyğun surətdə və yalnız erməni dilində göndərməyə çağırıb. Sitat: “Kiril, latın hər nə zibilsə, bu hərflərlə yazılan heç bir məktub nəzərə alınmayacaq. Gəlin, məktublarımızı yalnız erməni dilində və əhəmiyyətlilik qaydasına uyğun olaraq göndərək”.

kreml ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, Arutunyanla yanaşı, bir sıra digər mühüm postların yeni rəhbərləri də Kremlə, yumsaq desək, sevgi bəsləməyən amerikapərəst və qərbpərəst kadrladır. Məsələn, baş nazirin müavini Ararat Mirzoyan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnasakanyan, ədliyyə naziri Artak Zeynalyan, kənd təsərrüfatı naziri Artur Xaçatryan, mədəniyyət naziri Lilit Makunts, iqtisadi inkişaf və investisiya naziri Artsvik Minsyan kimi. Son olaraq Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi postuna qərbpərəst Armen Qriqoryanı təyin edib və iqtisadçı məsləhətçi qismində məşhur amerikalı Daron Acemoğlunu Ermənistana dəvət edib.

*****

pashinyan armenia ile ilgili görsel sonucu

Göründüyü kimi, Paşinyanın kadrları artıq Rusiya əleyhinə açıq getməkdən çəkinmirlər. Bu yerdə yada salaq ki, ötən il Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda olarkən açıq şəkildə rus dilinin işğalçı ölkədə ikinci dövlət dili olmasını istəmiş və hələ o vaxt təklif Ermənistanda narazılıq doğurmuşdu.

Ötən əsrin 80-cı illərində sonuncu azərbaycanlının qovulmasından sonra postsovet məkanında yeganə monoetnik ölkəyə çevrilən Ermənistanda bu cür anti-Rusiya çağırışlarının artacağı gözlənilir. Nədən ki, yeni baş nazir Nikol Paşinyanın özü də Rusiyaya nifrət edir - bunu hələlik gizlətmək zorunda qalsa da.

Yəni Rusiyaya, rus dilinə qarşı demarş Ermənistanda davam edən post-inqilab ovqatı ilə birbaşa əlaqəlidir. Ancaq Ermənistanda Rusiyanın ayağının altını qazımaq, bir əlini ona təhlükəsizlik, mövcudluq qarantı vəd edən şimala (Rusiyaya), digərini də maliyyə köməyi vəd edən okeanın o tayına (ABŞ-a) uzatmaq Nikol Paşinyan və komandasına baha başa gələ bilər. Nədən ki, bunların ikisi eyni vaxtda mümkün deyil. Rusiyanın ayağının altını qazımaq isə elə öz ayağının altını qazımaq deməkdir Ermənistan üçün.         

*****

“Paşinyanın öz kabinetindəki yeni təyinatları onun yeni reform, nəfəs gətirən islahatlar keçirməyə çalışdığını göstərir. Əsas məqsəd isə müəyyən qədər Rusiyadan uzaqlaşmaqdır”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun müşahidəsinə görə, Paşinyanın ilk addımlarından Qarabağ münaqişəsi kartından istifadə edəcəyi hiss olunur.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq səbəbə belə aydınlıq gətirib: “Çünki Qarabağ münaqişəsinin həll edilməsi və bu kartdan istifadə edilməsi iqtisadi problemlərin həllinə böyük bir təkan verə bilər. Ancaq nə qədər ki, Ermənistanın Rusiya ilə əlaqələri yüksək səviyyədə davam edəcək, bu problemin həlli inandırıcı deyil. Çünki Rusiya münaqişənin həllində maraqlı deyil. Dağlıq Qarabağ məsələsi bu gün həll olunsa, Ermənistan Rusiyanın əlindən çıxacaq. Ona görə də Rusiya çalışacaq ki, bu münaqişəni rıçaq kimi əlində saxlasın. Paşinyan da bunu gözəl başa düşür. Tək raketlərlə, hərbi ləvazimatlarla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Odur ki, Paşinyanın kütləyə söz verdiyi məsələ məhz iqtisadi problemlərin həlli ilə bağlı idi. Sərkisyanın da hakimiyyətdən devrilməsinə iqtisadi problemlər səbəb olmuşdu”.

pashinyan armenia ile ilgili görsel sonucu

Ekspertin qənaətincə, Paşinyan indi seçim qarşısındadır: “Son vaxtlar ABŞ Ermənistana kömək edəcəyi ilə bağlı müəyyən bəyanatlarla çıxış edir. Hətta dövlət katibi Mayk Pompeonun Amerika Erməni Milli Komitəsinə (ANCA) göndərdiyi məktubda Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar həcmində maliyyə yardımı etməyə hazır olduqlarını bildirilib. Lavrov isə yeni təyin olunmuş xarici işlər naziri Zoqrab Mnatsakanyanla Qarabağ münaqişəsinin həlli, Ermənistanın KTMT-dən çıxmaması istiqamətində müəyyən addımlar atmağa tələsir. Bu gün Qərb də, Rusiya da çalışır ki, öz təsir vasitəsini Ermənistanda saxlasın. Paşinyan Qərbə tərəf yönəlsə, Rusiyanı itirər. Bu baş versə, Rusiya Ermənistanı bağışlamaz. Digər tərəfdən, Qərb də çalışacaq ki, nə olur-olsun, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Paşinyan Sərkisyandan fərqli olaraq, Qərbə doğru daha çox addımlar atır. Bu problem ona gətirib çıxara bilər ki, ümumiyyətlə, Paşinyan keçid baş nazir olsun”.

*****

Başqa yandan, Paşinyan erkən parlament seçkilərinə görə tələsir. Çalışır ki, tərəfdarları mandatların yarıdan çoxunu əldə eləsin ki, yeni parlamentdə təzədən baş nazir olsun. Yerlərin çoxunu qazanmaq üçünsə xalqa verilən vədlərin heç olmasa, bir qismi reallaşmalıdır. Bacaracaqmı, marığa yatan daxili rəqiblər, əks-inqilabçılar, ən əsası, Rusiya qoyacaqmı?

İrəvanda hələ də davam edən küçə etirazları göstərir ki, vaxt limiti elə də çox deyil. Odur ki, Paşinyan tələsir. Səhvlər edə-edə tələsir və tarana gedir. Azərbaycan fürsəti qaçırmamalıdır... 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi