TRAMP FEDERAL TƏHQİQATLAR BÜROSUNU NECƏ ZƏİFLƏDİR?

Bir aydan artıqdır ki, Birləşmiş Ştatlarda büdcə böhranı davam edir. Bu da təbii olaraq əsas dövlət orqanlarının işinə mənfi təsir göstərir. Zərbə altına düşənlər arasında Federal Təhqiqatlar Bürosunun (FTB) xəfiyyələri də var.

Maliyyənin dondurulması səbəbindən FTB əməkdaşları cinayətlərin araşdırılmasını və terrorizmə qarşı mübarizəni dayandırmalı olublar. Bir sözlə, ABŞ-ın milli təhlükəsizliyi təhdid altındadır.

FTB Xəfiyyələri Assosiasiyasının yaydığı hesabatda bildirilir ki, davam edən “şatdaun” – federal hökumətin işini dayandırması büronun fəaliyyətinə əngəllər yaradır. Assosiasiya hazırda fəaliyyət göstərən və istefada olan 14 min xəfiyyənin maraqlarını təmsil edir. Xəfiyyələrin bir qismi anonim şəkildə bildiriblər ki, məlum böhran onları ABŞ vətəndaşlarını lazımi səviyyədə qorumağa imkan vermir.

«Böhranın davam etməsi dünyanın hər yerindəki əks-kəşfiyyat və antiterror əməliyyatlarımıza hər gün bir az daha artıq mənfi təsir göstərir”, – deyə Assosiasiyanın prezidenti Tom O.Konnor bildiib Əlavə edib ki, ABŞ-ın milli təhlükəsizliyi Federal Təhqiqatlar Bürosunun maliyyələşməsi ilə birbaşa bağlıdır.

Onun sözlərinə görə, FTB informatorlara və tərcüməçilərə pul ödəyə, şahidləri sorğu-suala çəkə, məxfi bilgilərə giriş sisteminin işlək olmasını təmin edə bilmir: “Büronun əməliyyatları maliyyə tələb edir. Artıq əməliyyatlara görə narahat olmağa başlayırıq”.

“Şatdaun”a görə Federal Təhqiqatlar Bürosunun bir çox analitikləri məcburi məzuniyyətə gediblər. Xəfiyyələr isə cinayətkarlar barədə məlumatların toplanılmasını və onların motivlərinin qiymətləndirilməsini müstəqil şəkildə həyata keçirməli olurlar.

Bütün bunlar isə təkcə cinayətlərin araşdırılmasını ləngitmir, həm də sübut bazasının yığılmasına mənfi təsir göstərir. ABŞ-da prokurorluq institutu məhz bu sübut bazasından asılıdır.

Məsələn, bir xəfiyyə hansısa işin araşdırılmasına üç ildən artıq vaxt sərf edib. Həmin iş üzrə qətl, banditizm və çirkli pulların yuyulması maddələri üzrə 23 ittiham irəli sürülüb. Lakin indi FTB əməkdaşı işi dayandırmaq məcburiyyətində qalıb. Səbəb isə odur ki, onun bölməsində ispan dilində danışan bir nəfər belə, qalmayıb. Və o, latınamerikalı dəstələrdəki informatorlarla əlaqə quran tərcüməçinin pulunu ödəyə bilmir.

Böhran narkotik ticarəti və qanunsuz silah satışı ilə məşğul olan radikal qrup və dəstələrdə olan informatorlara da ödəniş etmək imkanlarını məhdudlaşdırır. Maliyyə motivasiyası mənbələr üçün böyük əhəmiyyət kəsb edir və ödənişin gecikməsi onları qorxuya sala bilər.

“Washington Examiner”ə danışan bir xəfiyyə bildirib ki, uşaqların oğurlanması və ticarəti üzrə işi dayandırmalı olub. FTB-nin antiterror bölməsinin bir əməkdaşına isə Afrikaya olan ezamiyyətinin xərclərini öz hesabına ödəmək təklif olunub.

“HuffPost” yazır ki, məlum böhrana görə FTB əməkdaşları xidməti vəzifələrini yerinə yetirmək üçün göndərildikləri şəhərlərdə çətinliklərlə üzləşirlər. Onlar həmin şəhərlərdə aldıqları evlərin kreditlərini ödəyə bilmirlər.

“The New Yorker”in redaktoru Devid Rod bütün bunları prezident Donald Trampın FTB-ni zəiflətmək üçün həyata keçirdiyi məqsədli siyasət kimi qiymətləndirir: “Donald Tramp FTB-nin təklərləri altına çubuqlar qoymağa başlayıb. Özü də bu proses Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsinə dair hökuməti şantaj etməmişdən əvvəl başlayıb”.

Devid Rod bildirir ki, xüsusi xidmət orqanları əməkdaşlarının fəaliyyətinin səmərəliliyi ABŞ cəmiyyətinin onlara etibarlılıq dərəcəsindən asılıdır: “FTB müstəqilliyini qorumağa və siyasətə qarışmamağa çalışır. Lakin ABŞ prezidenti bürounun fəaliyyəti və onun keçmiş direktoru Ceyms Komi ilə bağlı tez-tez çaşqınlıq yaradan bəyanatlarla çıxış edir”.

Rodun fikrincə, dekabrın 16-da Tramp yalan bəyanat verərək FTB-nin onun keçmiş vəkili Maykl Koenin ofisinə qanunsuz daxil olduğunu bildirib. Tramp eyni zamanda Federal Təhqiqatlar Bürosunun Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsinə dair təhqiqatını “əcinnə ovu” adlandırır.

Trampın hücumları FTB xəfiyyələri arasında parçalanma yaradıb. Onların bir qismi Komini dəstəkləyərək Trampın qanunların pozduğunu düşünür. Bir qismi isə Komini tənqid edərək onun demokratlara səs vermək, həmçinin Tramp və ətrafının Rusiya ilə əlaqələrini araşdırmaqla bağlı çağırışını yanlış sayır. Sonuncuların fikrincə, bu, FTB-ni siyasi baxımdan tərəfli edir.

Sosioloji sorğunun nəticələri göstərib ki, FTB-nin fəaliyyətinə müsbət yanaşan respublikaçıların sayı 65 faizdən 49 faizə düşüb. Demokratların büro ilə bağlı qənaəti dəyişməz olaraq qalıb. Onların təqribən 76 faizi FTB-nin fəaliyyətindən razıdır.

Yeri gəlmişkən, büdcə böhranından sonra Donald Trampın dəstək reytinqi 40 faizə qədər azalıb.

Maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə divarın inşasına lazım olan 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub.

ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən demokratlar federal xəzinədən divarın inşasına vəsait ayrılmasına imkan verməyəcəklərini bəyan ediblər. Konqreslə yaranan bu fikir ayrılığı hələ ki həllini tapmayıb.

Tərcümə Strateq.az-ındır






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi