Ağalarov 800 milyon dollarlıq yol layihəsini aldı

Ağalarov 800 milyon dollarlıq yol layihəsini aldıAzərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun şirkəti Moskva Dairəvi Avtomobil Yolunun tikintisinə dair layihəni alıb.

"AzerTaym.az" bildirir ki,Virtualaz.org saytının verdiyi xəbərə görə bu, yol tikintisi layihəsinə dair Moskva hökumətinin strukturu olan “Avtodor” tərəfindən keçirilən tenderin qalibi, “Qazprom”un podratçısı “Stroyqazkonsaltinq” şirkətinin tikinti işlərinə başlamaması nəticəsində mümkün olub.

“Stroyqazkonsaltinq” ərəb əsilli biznesmen Ziyad Manasirə məxsus idi. Bu yaxınlarda şirkətin mülkiyyətçisi dəyişib.

Həmin tenderdə Ağalarovun “Crocus Group” şirkəti də iştirak etmişdi və ən aşağı qiymət təklif etməsinə baxmayaraq “Avtodor” şirkətin yol tikintisində kifayət qədər təcrübəsinin olmamasını əsas gətirərək “Stroyqazkonsaltinq”i qalib elan etmişdi. Mətbuat isə bunun arxasında korrupsiyanın dayandığını yazırdı.

Moskva meriyasının Yeni Ərazilərin İnkişafı Departamentinin rəhbəri Vladimir Jidkin bildirib ki, magistralın tikintisi nəzərdə tutulduğu kimi 2016-cı ildə başlayacaq.

“Baş podratçı ilə bağlı problemlər meydana çıxdı, hazırda belə qərara alındı ki, əvvəlki podratçının layihədən çəkilməsinə görə ikinci yeri tutan “Crocus Group” işləri görəcək”- deyə Jidkin bildirib.

Bu nəhəng yol infrastrukturunun tikintisi üçün büdcədə 51 milyard rubl - indiki kursla təxminən 800 milyon dollar nəzərdə tutulub.






Fikirlər