"Trampın təsiri bu ssenarilərdən hansının daha çox reallaşacağını müəyyən edəcək..."
Vladimir Putinin qəfil ölümü və ya Ukraynanın möcüzəvi əkshücumu kimi az ehtimal olunan ssenariləri nəzərə almadan, müharibənin dörd real nəticəsi mövcuddur.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Həlledici amil Donald Trampın Putinin Rusiyanın Qərbin Ukraynaya dəstəyinə dözə biləcəyinə və nəticədə qalib gələcəyinə dair inancını sarsıtmaq qabiliyyəti olacaq. Bu, ssenarilərdən hansının həyata keçəcəyini müəyyən edəcək.
1-ci ssenari: Məğlubiyyət
Ən pis ssenari Rusiyanın uzun müddət müharibə aparması və danışıqlardan yayınmasını nəzərdə tutur. Belə şəraitdə, əgər ABŞ Ukraynanı dəstəksiz qoyarsa, o, hərbi məğlubiyyətlə üzləşə bilər.
Tramp ABŞ-ın Əfqanıstandan xaotik çıxışı ilə bağlı tənqidlərini xatırlayaraq, belə fəlakətli nəticədən çəkinəcək. Ukraynanın məğlubiyyəti qlobal təhlükəsizlik üçün dəhşətli nəticələr doğuracaq. Milyonlarla ukraynalı qaçqın xaricdə sığınacaq axtaracaq, minlərlə insan isə Ukraynada qalaraq Rusiya həbsxanalarına düşəcək. NATO strateji mövqelərini itirəcək, Kremlin tankları Polşa sərhədlərində peyda olacaq.
2-ci ssenari: Uğursuz sülh
İkinci ssenari birincidən çox da yaxşı deyil. Bu halda Qərbin lazımi dəstəyindən məhrum olan Ukrayna zəif mövqedən güzəştə getməyə məcbur olacaq və ölkənin parçalanması, həmçinin rusiyayönümlü hökumətin yaradılmasını nəzərdə tutan razılaşma imzalanacaq.
Bu, Rusiya üçün zəfər, Ukrayna və müttəfiqləri üçün isə nəzərəçarpacaq məğlubiyyət olacaq. Bu halda Tramp üçün Nobel mükafatından söhbət belə gedə bilməz.
3-cü ssenari: Atəşkəs
Üçüncü ssenari döyüşlərin dayandırılmasını nəzərdə tutur. Əgər bu, hərtərəfli sülh nizamlanmasına keçid kimi qəbul olunarsa, regionu sabitləşdirə və Ukraynanın suverenliyini beynəlxalq təhlükəsizlik zəmanətləri şərti ilə qoruya bilər.
Lakin əgər atəşkəs sülh sazişi ilə müşayiət olunmasa, bu, yalnız münaqişəni donduracaq. Minsk razılaşmalarının təcrübəsi göstərir ki, bu, sadəcə, müharibənin növbəti mərhələsinə zəmin yaradır, çünki Rusiya hücumlarını yenidən başlatmağa qərar verə bilər.
ABŞ-ın yeni Dövlət katibi Marko Rubio bir müsahibəsində vurğulayıb: "Biz bu münaqişəni sabit bir şəkildə başa çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik. Biz, sadəcə, döyüşlərin dayandırılmasını deyil, bir neçə ildən sonra yenidən başlamayacaq bir həll istəyirik".
4-cü ssenari: Sülh razılaşması
Dördüncü ssenari Ukrayna üçün ən ümidverici olanıdır. Bu, ABŞ-ın dəstəyi ilə möhkəm mövqedən danışıqlar apararaq iqtisadi dayanıqlığı, suverenliyi və təhlükəsizlik zəmanətlərini təmin edəcək razılaşmanın imzalanmasını nəzərdə tutur.
Hazırkı vəziyyəti nəzərə alsaq, 1991-ci il sərhədlərinə qayıdış ehtimalı azdır. Ukraynanın mövqeyinin gücləndirilməsi ABŞ-ın qətiyyətli addımlarını, o cümlədən Rusiyaya qarşı sanksiyalar, hərbi dəstək və iqtisadi yardım tələb edəcək.
Ukrayna, ehtimal ki, müəyyən ərazi güzəştləri ilə razılaşmalı olacaq. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusuna görə, artıq ukraynalıların 32 faizi sülh naminə belə addımları nəzərdən keçirməyə hazırdır. ABŞ-dan etibarlı zəmanətlər olduğu halda, bu göstərici arta bilər.
Nəşr yazır: "Trampın təsiri bu dörd ssenaridən hansının daha çox reallaşacağını müəyyən etməkdə həlledici olacaq".