RUSİYA İqtisadiyyatı çökür! – “SİSTEM ÖZ İMKANLARININ son həddindədir”

 

 

Əgər Rusiyanın bu il yenicə meydana çıxmış təbliğat nəşri olan “Sputnik”-in baş rubrikasına inansaq, 2016-cı ilin əvvəlində neftin bir barelinin qiyməti 100 dollara qalxmalı, Rusiya iqtisadiyyatı isə artıq 2017-ci ildən böyüməyə başlamalıydı. Ancaq Rusiyanın valyutasının məzənnəsi bir dollar üçün 77 rubla kimi aşağı yuvarlanıb, neftin bir barelinin qiyməti isə 2003-cü ildən indiyədək ilk dəfədir ki, 30 dolların altına düşüb.

İctimai Rəyin Öyrənilməsi Üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, bəzi KİV-lərdən fərqli olaraq, Rusiya əhalisinin yarısı ölkədə baş verənlərə real yanaşaraq, hesab edir ki, ən mürəkkəb zamanlar hələ qabaqdadır.

- Bu cür mürəkkəb iqtisadi vəziyyətin səbəbi nədir?

Əlbəttə, Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalar Moskvanın Ukraynaya müdaxilə etmək istəyinin qarşısını almaq və onun himayəsi ilə bəslənən Donbasdakı separatçıların “Novorossiya” arzularından vaz keçmələri üçün edilib. 2015-ci ilin sonunda sanksiyalar əlavə olaraq, yarım il də uzadıldı. Bu isə Rusiyanı kapital bazarına çıxışdan məhrum edir. Lakin Rusiya iqtisadiyyatının geriləməsinin başlıca səbəbi neftin qiymətinin düşməsidir. 2014-cü ilin staqnasiya dövründən sonra Rusiyanın Ümumi Daxili Məhsulu 2015-ci ildə 3,8 % azalıb. Çinin neft məhsullarına olan tələbatının azalması karbohidroğen bazarını aşağıya tərəf dartır. Analitiklərin əksəriyyəti Rusiya iqtisadiyyatının 2016-cı ildə bərpa olunacağına şübhə ilə yanaşırlar.

- Dövlət hansı tədbirləri görür?

Dövlət fəlakət halına qarşı tədricən tədbirlər görür. Prezident Vladimir Putin indiyədək problemlərin ciddilik səviyyəsini azaltmağa meyilli olsa da, Almaniyanın “Bild” jurnalına verdiyi müsahibəsində sanksiyaların beynəlxalq bazarda Rusiyaya əhəmiyyətli təsir göstərdiyini etiraf edib. 1998-1999-cu ildə baş verən ağır böhranın təkrarlanacağı təhlükəsini nəzərə alan Rusiya maliyyə naziri Anton Siluanov büdcənin yeni reallıqlara adaptasiya etdirilməsinin vacibliyini bildirib. Bütün nazirliklər birinci rübdə xərclərin 10% azaldılması planını hazırlamalı, dövlət isə yeni gəlir mənbələri axtarmalıdır. Amma qeyd etmək gərəkdir ki, çox az vaxt qalıb. Çünki bir neçə həftə öncə hökumət neftin bir barelinin qiymətini 50 dollar səviyyəsində götürməklə, 2016-cı ilin büdcəsini təsdiq edib.

- Uzunmüddətli perspektivdə böhranın hansı nəticələri ola bilər?

Putinin sistemi məcazi mənada çar ilə rus xalqı arasında “sizin azadlığınız əvəzinə sabitlik” sistemi üzərində qurulub. Lakin deyəsən bu sistem öz imkanlarının son həddindədir. Yüksək inflyasiya (2015-ci ildə 12,9%) əhalinin real gəlirlərinin aşağı düşməsinə gətirib çıxarıb. 2015-ci ildə yoxsulların sayı 2 milyon nəfər artıb. Bu gün 20,3 milyon rusiyalının aylıq gəliri 140 dollardan aşağıdır. Böhrandan hətta ən yaxşı təmin olunmuş vətəndaşlar da əziyyət çəkirlər. Bunu 2015-ci ildə satılan avtomobillərin sayının kəskin azalması faktı da təsdiq edir. Artıq bölgələrdə ilk ictimai etiraz hərəkatları peyda olmağa başlayıb. Məsələn, nümunə kimi uzaq mağıstrallı yük avtomobilləri sürücülərinin etiraz aksiyalarını göstərmək olar. Bu il seçki ilidir. Ona görə də, əgər mövcud rejim təhlükə altında qalarsa, onda onlar yenidən xüsusi tədbirlər görməyə cəhd edəcəklər.

Putinin etibarlı çeçen müttəfiqi Ramzan Kadırov ön plana çıxaraq, hakimiyyəti ölkədəki iqtisadi vəziyyətdən “istifadə etməyə cəhd göstərən” müxalifətçiləri məhkəməyə çəkməyə çağırır. Kadırov deyib: ”Bu cür insanları xalq düşməni və satqın hesab etmək lazımdır. Təxribatçı fəaliyyətlərinə görə, belələrini bütün ciddiliyi ilə mühakimə etmək gərəkdir”.
Onun sözləri Stalin dövründə istifadə edilən terminologiyaları xatırladır…






Fikirlər