Keçmiş müdafiə naziri “YENİ MUSAVAT”ı topa tutdu...

Yeni Musavatın başqanı Rauf Arifoğlunu, nə də oradakı iki üç nəfər Hacı Zamin, Xalid Kazımlı kimi qabiliyyətli, qeyrətli jurnalistlərdən başqa digərlərini qələm sahibi sayıram. O ləyaqətli jurnalistlər də təəssüf ki, orada işləyirlər. Yalan danışmağın, adama nifrətin dərəcəsi var ancaq bu qədər də olmaz. Onların mənə sonsuz nifrəti var və mən də buna görə özümü xoşbəxt hesab edirəm”. 

Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri Rəhim Qazıyev Ərdoğanın Rəhim Qazıyevlə bağlı çıxışının video yazısı ilə bağlı “Yeni Musavat”da yazılmış fikirlərə münasibət bildirərkən deyib. 
Keçmiş müdafiə naziri ilk öncə qeyd edib ki, “Yeni Musavat”ın qeyd etdiyi hadisə yanvarın 31-də Şuşada yox, 1992-ci il fevralın dördündən beşinə keçən gecə baş verib: “Biz doqquz nəfər qeyrətli balalarımızla birgə Şuşanı müdafiəyə getmişik. Orada içərimizə salınmış Etibar Hüseynov adlı şərəfsizin bizə qarşı törətdiyi qətliamda 8 balamız ölüb, 6 nəfər yaralanıb və onlardan biri də mən olmuşam. “Yeni Musavat” onu da iddia edir ki, Ərdoğanla görüş zamanı mən müdafiə naziri olmamışam. Düzdür, mən Şuşaya gedəndə müdafiə naziri deyildim, Şuşaya adi əsgər kimi getmişdim. Amma Rifah partiyası ilə görüşdə müdafiə naziri idim. Ərdoğan həmin çıxışında qeyd edir ki, biz cumhurbaşqanı Elçibəylə də görüşdük. Elçibəy cumhurbaşqanı fəaliyyətinə 17 iyul 1992-ci ildə başlayıb. Bunlar o qədər çaşıblar ki, Rəhim Qazıyevin adı gələndə az qalırlar adlarını da itirələr. Mən Rauf Arifoğlu kimi min məzhəbə qulluq etmirəm. Bir dinim, bir imanım, bir məzhəbim var və ona da qulluq edirəm”.
 
R.Qazıyev daha sonra Rifah partiyası ilə olan həmin görüşdən danışıb: “Ərdoğangil 1992-ci ilin, səhv etmirəmsə ya oktyabr, ya da noyabr ayında Azərbaycana gəliblər. Mən onda cəbhədəydim, mənə xəbər verdilər ki, Rifah partiyasının üzvləri sizinlə görüşmək istəyir. Mən də ona görə cəbhədən erkən qayıtdım. Xətrini çox istədiyim, elminə, siyasətinə hörmət bəslədiyim rəhmətlik Nəcməddin Ərbakan başda olmaqla  Rifah partiyasından 12 nəfər gəlmişdi. Onlarla xidməti otağımda görüşdük, həmin vaxt otaqda “Fatihə” surəsi və üçrəngli bayrağımız asılmışdı. Divarlara kimlərinsə şəkillərini düzməmişdim, çünki dövlətin atributları vardı və onlara hörmət etməliydim. Onlarla geniş söhbətimiz oldu, cəbhədə baş verənlərdən, uğurlarımızdan danışdım. Həmin ərəfədə NATO üzvü olan Türkiyənin o dövrdəki baş naziri Süleyman Dəmirəl acından ölən Ermənistana külli miqdarda taxıl və enerji vermişdi. Mən də nümayəndələrə bildirdim ki, ermənilərin məğlubiyyətə uğradığı bir məqamda onlara enerji və taxıl verən kəsə mən qardaş deyə bilmərəm. Ərdoğan da o görüşdən sonra gedib ölkəsində çıxış edib, olanları danışıb. Mənim o çıxışdan heç xəbərim də yox idi, indi aydın görünür ki, həqiqət illərdən sonra üzə çıxır. Ancaq Heydər Əliyevə, İlham Əliyevə yazdığı təhqirləri unudaraq orden alan, ləyaqətini satmış adam bu həqiqəti qəbul etmək istəməyib Rəhim Qazıyevi yalançı çıxarmaq istəyir. Həmin videoda mən özüm heç nə danışmamışam. Belə çıxır ki, Ərdoğan o qədər başını itiribmiş ki, Elçibəy hökumətinin vaxtı ilə Mütəllibov hökumətinin vaxtını səhv salıb?!” 
Sabiq müdafiə naziri sonda qeyd edib ki, Ərdoğanın onun adını müsbət mənada hallandırması hələ çoxlarında da qıcıq doğuracaq: “Ermənistan üzərində qazanılmış uğurları mənim, sənin və ya o birinin adına yazmaq olmaz. Bütün uğurlar qeyrətli oğullarımızın qanı, canı bahasına Azərbaycanın adına yazılıb. Həmin uğurları gözü götürməyənlərə bir daha demək istəyirəm ki, R.Qazıyev müdafiə naziri təyin olunanda nə oturmağa kabineti, nə atmağa silahı yox idi. Dağılmış Sovet ordusunun Azərbaycanda olan hərbi hissələri Azərbaycanda olan bütün hərbi əmlaka rəhbərlik edirdi. Hələ AXC hakimiyyətə gəlməmiş qısa müddətdə biz onları geri aldıq. Müdafiə naziri olduğum 11 ay müddətində 64 il Azərbaycanı təpiyi altında əzən sovet ordusunu Azərbaycandan çıxartdıq. Qeyrətli oğullarımızın qanı, canı bahasına Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizini şərəfsiz düşməndən azad etdik. Etdiklərimin üzərindən qara xətt çəkə bilərlər, ancaq bu kimi videolarla, sənədlərlə həqiqətlər gec də olsa üzə çıxacaq. Mən allah deyiləm, allahın quluyam və mənim haqqıma girə bilərlər,  amma o dövrdə erməninin başına od yağdıran qeyrətli balalarımızın haqqına girməyə kimsənin haqqı yoxdur. Bu şəhidlər o şəhdilərdən deyil deyərək şəhidlərimiz arasında ayrıseçkilik salmaq nanəciblikdir. 
“Yeni Musavat”ın rəhbərinə son olaraq demək istəyirəm ki, bildiyim qədər Ərdoğan heç vaxt spirtli içki qəbul etməyib və o zaman Azərbaycana gələndə də ayıq başla olub və heç nəyi dəyişik salmayıb. Sadəcə həmin vdeoda Rəhimin adı müsbət mənada çəkilib deyə həddindən artıq qıcıqlanıbsız”. 
Qeyd edək ki, “Yeni Musavat”da məlum video ilə bağlı bunlar yazılıb: “Xatırladaq ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub. Ərdoğanın danışdığı hadisə isə 1992-ci ilin yanvar ayının 31-də Şuşa şəhərində olub. Onda R.Qazıyev nazir deyildi. Hadisə Şuşanın müdafiəsində iştirak etmək üçün Bakıdan gedən 109 nəfərdən ibarət könüllülərin məskunlaşdığı məktəbdə olub. Həmin vaxtlar ildırım sürətilə xəbər yayıldı ki, guya ermənilər Rəhim Qazıyevi vurub. Bəzi məlumatlarda onun öldüyü, bəzi xəbərlərdə isə ağır yaralandığı deyilirdi. Sonradan məlum oldu ki, Emin Məmmədov ad-soyadlı bir şəxs Bakıdan gedən döyüşçülərə atəş açıb, hadisə nəticəsində 8 nəfər yaralanıb. Rəhim Qazıyev isə həmin hücumdan salamat qurtarmışdı. nə yaralanıb, nə də ölüb. Bu günədək bilinmir ki, Emin Məmmədov niyə bu əməli törədib... Bu hadisə Rəhim Qazıyevin müdafi naziri olması üçün əla PR-a çevrildi. O, bundan az sonra Azərbaycan Müdafiə Nazirliyinin başına gətirildi...”






Fikirlər