Uşaq əməyinə qarşı mübarizə ilə bağlı TƏLİM-SEMİNAR keçirilib

 

AzerTaym.az AHİK-in mətbuat xidmətinə istinadəv xəbər verir ki İyunun 10-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki «Təhsil» İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə «Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı» mövzusunda təlim-seminar keçirilib.

   Seminarda Xaçmaz Rayon İcra Hakimiyyətinin, region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndələri, həmkarlar ittifaqı rayon komitələrinin sədrləri vəfəalları iştirak ediblər.
   Tədbiri giriş sözü ilə AHİK-in sədr müavini Cavanşir Alxasov açıb.
   O, təlim-seminarın proqramı haqqında məlumat verərək bildirib ki, bu tədbir silsilə xarakteri daşıyır. Daha bir neçə regionda keçirilməsi nəzərdə tutulub. «Uşaq hüquqları haqqında» qanunun 4-cü maddəsinə görə, həmkarlar ittifaqı təşkilatları da ölkədə uşaq hüquqlarının müdafiəsini təmin edənlər sırasındadır. Azərbaycan həmkarlar ittifaqları uşaq və yeniyetmələrə dair üzərinə düşən vəzifələri dəqiqləşdirir, imkanlarını onların hüquq və mənafelərinin qorunmasına səfərbər edir, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbirləri həyata keçirir.
   Sədr müavini vurğuladı ki, ilkin strateji fəaliyyət proqramı kimi, Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı haqqında qərar qəbul edilib. Əsas iş istiqamətlərindən biri əmək fəaliyyətinə başlamış uşaqların mənafelərinin üstün tutulması, onların hüquqlarının və sağlamlıqlarının qorunması olub. Müəyyən edilib ki, AHİK-ə üzv olan təşkilatların fəaliyyəti ilk növbədə iş yerlərində çoxuşaqlı, azgəlirli ailələrin müəyyən edilməsinə və onlara köməklik göstərilməsinə yönəldilsin, uşaq əməyi məsələsi ilə bilavasitə məşğul olan strukturlar yaradılsın.
   C. Alxasov qeyd etdi ki, AHİK hər təqvim ilinin 1 və 12 iyun tarixlərinin bütün dünyada Uşaqların Müdafiəsi Günü və Uşaq Əməyi Əleyhinə Gün kimi qeyd olunmasını diqqət mərkəzində saxlayır, konfrans və treninqlər təşkil edilir. İstehsal və təhsil müəssisələrində keçirilən seminar və "dəyirmi masa"larda gənc nəslin sağlam həyat tərzi, erkən nikahın fəsadları, erkən hamiləliyin riskləri, insan alveri, narkotik və HİVİ/QİTS bəlası mövzularında izahat işləri aparılır.
   Sədr müavini bildirdi ki, Azərbaycanda məcburi əmək və əmək müqaviləsi olmadan uşaq əməyindən istifadə halları və faktları həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi yerlərdə baş verə bilmir. Bu, ötən illərdə tərəfdaşlarımız ilə birgə təşkil olunmuş monitorinqlər zamanı da təsdiqləndi. Təəssüf ki, həmkarlar ittifaqı təşkilatları iqtisadi fəal əhalinin yalnız 30 faizini öz sıralarında birləşdirir. Özəl sektor və transmilli şirkətlər tərəfindən işçilərin hüquqlarnın pozulması faktları isə artıq reallığa çevrilib.
   Seminarda AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynovun «Uşaq əməyi: mövcud vəziyyət və gələcək addımlar», əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətovun «Uşaq əməyinin anlayışı və istifadəsi», sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimi Asəf İbrahimovun «Uşaq əməyinin sağlamlığının qiymətləndirilməsi», əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradovun «Uşaq əməyinin qiymətləndirilməsi», hüquq şöbəsinin əməyin baş hüquq müfəttişi Rövşən Məmmədovun «Uşaq əməyinin hüquqları» mövzusunda məruzələri dinlənilib. Seminar müzakirələrlə davam etdirilib.






Fikirlər