“Gülənçilər Türkiyəyə göndərdiyim tələbələrin hamısını ələ keçirdi” – SABİQ NAZİR

firiduncelilov0

Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı yeni savaş başlayır. Artıq hökumət dairələri də Gülənçilərin bütün strukturlarda “kök atmasını” etiraf etməyə başlayıb. İddia olunur ki, hətta bəzi nazirliklər tamamilə Fətullah Gülənin nəzarətindədir. Bununla bağlı ölkə mətbuatında kifayət qədər ciddi və əsaslandırılmış yazılar dərc olunur. Buna görə də tezliklə bu adamlara qarşı əməliyyatların başlanılması qaçılmazdır.

Bəs necə olub ki, bu adamlar dövlət idarəçiliyində mühüm postlar tuta biliblər?

Məlum olur ki, Gülənçilər 90-cı illərin əvvəllərindən Azərbaycana ayaq açmağa başlayıb. Buna görə də məsələ gündəmə gələndən sonra, həmin illərdə vəzifədə olan şəxslər əsas qınaq obyektinə çevirilib.

O dövrlərdə Azərbaycanın təhsil naziri işləmiş Firudin Cəlilov AzNews.az-a açıqlamasında Fətullahçıların ölkəyə yerləşdirilməsiylə bağlı maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, Fətullah Gülən tərəfdarları Azərbaycana sabiq Təhsil naziri Lidiya Rəsulovanın dövründə daha çox yerləşdirilib: “Mən nazir postundan gedəndən sonra Gülənçilər Azərbaycana axın-axın gəlməyə başladılar. Xüsusilə də Lidiya xanımın (1993-1997-ci illər) dövründə. Lidiya xanım bu məsələlər barədə məlumatsız idi. Bilmirdi ki, bu proseslərin arxasında nə dayanır, niyyət nədir”.

Təhsil naziri işlədiyi müddətdə Fətullah Gülən tərəfdarlarını Azərbaycana buraxmadığını söyləyən F. Cəlilov hazırda bu şəbəkənin ölkə boyu yayıldığını dilə gətirib: “Necə ki, mənim ixtiyarımda idi, mən onları yaxın buraxmırdım. Məndən əvvəl gəlib yerləşdirilənləri də sıxışdırıb çıxarmışdım. Mənim vaxtımda onların biri də Azərbaycanda məktəb aça bilmədi. Məndən sonra isə ölkəni bürüdülər. İndi hər yerə sirayət ediblər. Elə bir qurum yoxdur ki, orda bu məktəbin nümayəndələri olmasın”.

Sabiq nazir maraqlı bir faktı da açıqlayıb: “Acınacaqlısı odur ki, mən Türkiyəyə təhsil almaq üçün 2 min tələbə göndərmişdim. Mənim nəzarətimdən çıxandan sonra Gülənçilər onların hamısını ələ keçirdi. Bunu dəqiq bilirəm”.

F. Cəlilov qeyd edib ki, Gülənçilər tək Azərbaycanda deyil, hər yerdə, eləcə də Gürcüstan, Rusiya, Tatarıstan, Türkmənistan, Afrika ölkələrində böyük şəbəkələr qurublar: “Bu məsələ ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olmalıdır. Onların harada və necə yerləşməsini araşdırmaq onların işidir. Bundan əlavə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi daha geniş məlumat verə bilər. Çox qorxulu bir olaydır. Türkiyədəki olayda məlum oldu ki, 10 minlərlə adam dövlətin müxtəlif strukturlarında yerləşdirilib. Hətta onlar ordunun içinə belə yeridilib. Bu baxımdan mənə elə gəlir ki, DTX bu məsələ ilə bir az ciddi məşğul olmalıdır”.

 






Fikirlər