"Ali məktəb rəhbərləri PAPAQLARINI qarşılarına qoyub düşünməlidirlər"

“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin”! 

(Mirzə Ələkbər Sabir)
Mirzə Ələkbər Sabirin satirası əslində zamanın rəsmidir, matın qurumuş kimi tamaşa edirsən, heyrətin susmur. Biz kimik, kim olmuşuq, hara gedirik. Məqsədimiz “qara qızılı insan kapitalına çevirməkdir”. Yaxşı məqsəddir. Bu yük birmənalı şəkildə təhsilin üzərinə düşür. Pullu təhsil vasitəsilə bunu edə bilirikmi? Məncə bu sual hamımızı düşündürür. 
Böyük fransız yazıçısı Viktor Hüqonun 14 yanvar 1850-ci ildə Fransa Qanunvericilik Assambleyasında maraqlı çıxışı olub. Hüqo Fransada təhsilin gələcəyi haqqında bunları deyib: ”Dövlət tərəfindən yaradılan, eləcə də bütün insanları-fitri istedada malik olanları və istedaddan kasad olanları cəlb edən, onları ən yaxşı müəllimlərlə, ən yaxşı tədris metodları ilə təmin edən, elmilik və müntəzəmlik nümunəsi olan bu gözəl ödənişsiz, əsl fransız milli təhsil sisteminin sayəsində milli düha, şübhəsiz ki, ən yüksək tərəqqiyə çata bilər. Elmin qapıları bütün bacarıqlı insanların üzünə taybatay açıq olmalıdır". 
Bu fikir indi də fransız təhsil sisteminin ana xəttini təşkil edir. İndi bir anlıq təsəvvür edin, Qori Müəllimlər Seminariyası pullu olsaydı, bu qədər dühalar yetişə bilərdimi? Müasir dünyada təhsilin kütləviliyi onun ödənişli olmasına yol açdı. Ancaq ölkələr spesifikliyi ilə bir-birindən fərqlənir. Məsələn, bizim kimi ölkələrdə ödənişli təhsil 30 faizi ötməməli idi. Ödənişli təhsilin faizinin yüksək olması mütəxəssis hazırlığına da təsir edir. Yaxud Sovet İttifaqında təhsil pullu olsaydı, Qoşqar Əhmədov, Abbas Zamanov, Yəhya Məmmədov, Məcid Rəsulov, Cəlal Allahverdiyev, Arif  Babayev və başqa görkəmli alimlər yetişə bilərdimi? Əlbəttə ki, yox. Bunların hamısı kasıb ailələrin övladları olub. “Pulun varsa, oxuya bilərsən, pulun yoxdursa, oxuya bilməzsən” fikrinin tətbiqi ölkə üçün mütəxəssis hazırlığına amansız zərbə vurub. Təhsil insanları yoxsulluğa sürükləməməlidir. Təhsil insanların rifah halının yaxşılaşdırılmasına xidmət edən əsas vasitəyə çevrilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində pulsuzluq təhsil almağın qabağını kəsmir. ABŞ elminin qüdrəti istedadlı şəxslərə elmin və təhsilin qapılarını açıq qoymaqla güclənib. Boloniya razılaşmasının  üzvü olan ölkələrin əksəriyyətində tələbələrə uzun müddətli aşağı faizli kreditlər verilir. Buna əməl edən ölkələr gələcəyini düşünən ölkələrdir. İndi təsəvvür edin, kasıb ailənin övladı Tibb Universitetinə daxil olub. Təhsil haqqı 3000 manatdır. Təhsil haqlarının ödənilməsi də valideynlərin məzuniyyət vaxtına təsadüf edir. Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır? Bəs tələbənin geyimi, yol xərcləri, qidalanması və s. necə olsun? Tələbə valideynlərinin düşdüyü vəziyyətə görə daim narahatçılıqmı keçirməlidir? Buna görə də valideynlərə təhsil haqqının ödənilməsində güzəştlər edilməlidir. Tələbələr 1-ci ildə təhsil haqqının yarısını, yaxud 30 faizini ödəsə, ali məktəb müflisləşməz. 
Ali təhsil müəssisələri vəsait qazanmağın yollarını axtarmalıdır. Onsuz da ali məktəblər semestr boyu ödəniş etməyən tələbəni xaric edirlər. Dövlət sifarişinin yerlərinin artırılması daha yüksək bal toplayanların ali məktəblərə daxil olmasına şərait yarada bilər. Məncə, hökumət qanadlarını daha geniş açıb təhsili himayə etməlidir. Əhalinin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə təhsil haqlarını bu cür sabit saxlamaq olmaz. Builki tələbə qəbulunun nəticələri onu göstərdi ki, yüksək təhsil haqları ilə ali məktəbin plan yerlərini doldurmaq mümkün deyil. Gələcəkdə bunun təkrarlanmaması üçün ali məktəb rəhbərləri papaqlarını qarşılarına qoyub düşünməlidirlər.
İndi zaman  o zaman deyil ki, valideynlər “Oxutmuram, əl çəkin!” deyib uşaqlarını oxutmasınlar. Buna şərait yaratmamaq Sabirin dövründə səslənməyən təhsil hüquqlarının pozulmasıdır.  
Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru






Fikirlər