Mirşahin Ağayev ölkəyə döndü?

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev bir aya yaxındır ki, Türkiyədə müalicə alır. Onun səhhətinin getdikcə düzəldiyi bildirilsə də, hələ də xəstəxanadan evə buraxılmayıb. 

Bu barədə musavat.com-a ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məlumat verib. 

O, bildirib ki, Mirşahinlə ara-sıra telefon əlaqəsi saxlayır: “Həkimlər nə zaman məsləhət bilsələr, buraxacaqlar, o da qayıdıb gələcək, Azərbaycana... Sadəcə olaraq hazırda Mirşahin Türkiyədə müalicə olunur. Daha etibarlı olması üçün xəstəxanada saxlayırlar. Ancaq səhhətində şükür ki, ciddi problem yoxdur. Mədəsindəki problemlə bağlı əməliyyat keçirmişdi. Əməliyyat da çox uğurlu olub”.

M.Məmmədov ANS-lə bağlı suallarımıza isə cavab olaraq bildirib ki, o, bu məsələ ilə bağlı hansısa məlumat verə bilməz: “Bu barədə mən hansısa bilgiyə sahib deyiləm. Mən də sizin qədər məsələlərdən məlumatlıyam”.

Yada salaq ki, ötən ay Mirşahinin ölkəni tərk etməsi və daha geri dönməyəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bu xəbərlər mətbuat səhifələrinə də yansıdı. Sonradan isə açıqlama verildi ki, Mirşahin Türkiyəyə səhhətindəki problemlə bağlı gedib. 

Eyni zamanda həmin ərəfədə ANS-in prezidenti Vahid Mustafayev sosial şəbəkədə şəxsi səhifəsində bildirmişdi: “Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mirşahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdı. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir”. 

 

 






Fikirlər