Deputat heç kimi təhqir edə bilməz` - Aparat RƏHBƏRİ

“Millət vəkili heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz”.

 Bunu Milli Məclisin Aparatı rəhbəri Səfa Mirzəyev KİV rəhbərləri ilə keçirilən görüşdə deyib. 
Onun sözlərinə görə, bunun üçün parlamentdə İntizam Komissiyası var və belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər: “Azərbaycanda informasiya qıtlığı var. Bu, onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş vermir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donald Trampın sevimli sözü ilə desək, “feyklər” yazaraq ictimaiyyətə buraxır”.
S. Mirzəyev deyib ki, ölkədə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuat o qədər də çox deyil: “KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”.






Fikirlər