Tural Abbaslı: “Bir mitinqlə müxalifət “qış yuxusundan ayıldı demək OLMAZ

Sərdar Cəlaloğlu: “Mitinqdə şəxsən iştirak etməsəm də, üzvlərimizin iştirakına mane ola bilmərik”

Milli Şuranın 9 aprelə təyin etdiyi mitinqə bəzi siyasi partiyalar münasibət bildiriblər. Belə ki, KXCP, AĞ Partiya, Azadlıq, ADP, VİP, BAP, AXP toplantı keçirərək, 9 aprel mitinqinə mövqelərini bəyan ediblər. Partiyaların birgə bəyanatında bildirilib ki, onlar 9 aprel mitinqinin tələb və şüarlarını müdafiə edirlər: “Üzv və tərəfdarlarımızın mitinqdə iştirakını məqsədəuyğun hesab edirik”.

Milli Şura tərəfdarları isə sosial şəbəkələrdə mitinqin təbliğatını aparıb, insanları meydanlara çağırırlar. Maraqlı məqam ondan ibarətdir ki, yuxarıdakı bəyanatda adıçəkilən partiyalardan bəzilərinin liderləri bildiriblər ki, onlar mitinqdə iştirak etməyəcəklər. Eyni zamanda ekspertlər də hesab edirlər ki, mitinqin təşkil olunması heç də müxalifətin “səngər”dən çıxması anlamına gəlmir.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, mitinqi çox normal qəbul edir:

“Mitinqi normal və vacib hesab edirəm. Çünki xeyli sayda siyasi problemlər yığılıb qalıb. Ölkədə böhran yaranıb, insan hüquqları pozulur, siyasi məhbus problemləri var. Belə bir şəraitdə xalqın hakimiyyətə dirənişi, öz iradəsini bildirməsi vacibdir. Bunun da yollarından biri mitinqlərin keçirilməsidir. Ona görə də mitinqlər həm konstitusiyaya görə vətəndaşların hüquqlarıdır, həm də mövcud vəziyyət belə bir mitinqlərin keçirilməsini vacib hesab edir. Şəxsən mən özüm mitinqdə iştirak etməyəcəm. Ancaq partiyamızın üzvlərinin bu cür aksiyalarda iştirakının qarşısını almağa ixtiyarımız yoxdur. Nə qanun, nə də konstitusiya buna icazə vermir”.

AG Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu mitinq də, sadəcə olaraq, cari işlərdən biridir:

“Heç bir hərəkət olmamasından, hansısa addımın atılması yaxşıdır. Ancaq məqsəd nəyinsə olması deyil, məqsəd hakimiyyətə real təsir edə biləcək mitinqlərin təşkili, bu mitinqlərə xalqın cəlb olunmasını təmin etməkdir. Düşünürəm ki, təyin olunan mitinq bu funksiyanı icra edib, xalq kütlələrini öz ətrafına toplaya bilməyəcək. Yenə də bəlli bir kəsim narazı elektorat mitinqdə iştirak edəcək. Bu isə müxalifət arasında lider yarışında kimisə önə çıxarıb, kimisə ikinci plana atacaq. Ancaq inanmıram ki, bu cür təkbaşına, ümummüxalifət mitinqi olmadan hakimiyyəti silkələyən aksiya təşkil olunsun. Bu mitinqlə müxalifət ”qış yuxusundan ayıldı" söyləmək olmaz. Çünki bundan öncə də mitinqlər olmuşdu. Məncə, müxalifət özünü, ümumiyyətlə, proseslərdən kənarda qoyub. Özünü xalqdan ayırmaqla onsuz da müxalifət öz statusunu itirib. Nəticədə isə hakimiyyət təkbaşına oyunçudur. Bu gün biz əgər real nəticə əldə etmək istəyiriksə, xalqı öz yanımıza çəkməliyik. İnanmıram ki, bu cür bir mitinqlə müxalifətdə canlanma olsun. Bunun üçün siyasi situasiya yetişməli, canlanma olmalıdır. Yoxdursa, bunu yaratmaq lazımdır. Yaratmaq üçün isə heç bir addım atılmır. Yəni mən bu mitinqi cari işlərdən biri kimi qiymətləndirirəm. Qeyri-adi gözləntim yoxdur. Bir çox narazı kütlələr var ki, onlar müxalifətdən birlik gözləyirlər. Hər kəsin iştirakı təmin olunsaydı, o zaman mitinqdən nə isə gözləmək olardı".

KXCP sədri Mirmahmud Mirəlioğlu isə modern.az saytına açıqlamasında bildirib ki, mitinqdə iştirak etməyəcək.






Fikirlər