Təbiət insanlara əsəbiləşəndə - Minlərlə can, milyardlarla ziyan - SİYAHI

Təbiət insanlara əsəbiləşəndə - Minlərlə can, milyardlarla ziyan

Təbii fəlakətlər böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisələrdir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olmasıdır.

Təbii fəlakətlər arasında sellər daha təhlükəli və daha əhatəlidir. Sellərin yaranması çox güclü leysan yağışların yağması və qar örtüyünün sürətlə əriməsi ilə əlaqəlidir. Adi axınlarından fərqli olaraq, sellər fasiləsiz və yüksək dalğalar şəklində formalaşır. Saniyədə 10 metr və daha yüksək sürətlə gedən axınlar böyük kütlə hərəkəti ilə tikintiləri, obyektləri dağıdır, kənd təsərrüfatı sahələri məhv edir. Sel axınları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür: Sulu-daşlı sellər, sulu-palçıqlı sellər, daşlı-palçıqlı sellər. Növlərinə görə isə 2 yerə ayrılır: turbulentli sellər, strukturlu sellər. Turbulentli sellərdə dağıdıcı təsir 30-40 % təşkil edirsə, strukturlu sellərdə bu daha ağır nəticələr verir. Sellərin 1 kub metr su kütləsini təxminən 65-70%-ni gətirmə materiallar təşkil edir.

Bu ilin aprel ayının 1-i Kolumbiyada güclü leysan yağışları nəticəsində məcradan çıxan Mokoa, Sanqoyako, Mulatos çayları ölkədə dəhşətli hadisələrə səbəb olub. Sel suları onlarla yaşayış evini yuyub aparıb. 45 min əhalisi olan Mokoa şəhərinin 17 qəsəbəsini əhatə edən daşqınlar 300 nəfərin ölümü, 400 nəfərin ağır xəsarət alması ilə nəticələnib. İtkin düşmüş 220 nəfər haqqında isə heç bir məlumat yoxdur.

2016-ci ilin may ayının sonlarında Qırğızıstanın Kadamjayskiy rayonunda baş verən sel daşqınlarında 84 ev, 95 yaşayış məntəqəsi su altında qalıb. Təbii fəlakət 12 körpünü dağıdıb. 21 avtomobili yararsız hala gətirib. Hadisədə 5 nəfər həlak olub, bir uşaq isə itkin düşüb. Uşaq haqqında bu günə qədər heç bir məlumat yoxdur.

2015-ci ilin iyul ayında Tacikistanda anormal isti hava şəraiti nəticəsində buzlaqların əriməsi dağlıq rayonlarında daşqınlara səbəb olub. Təbii fəlakət ölkəyə 92 milyon dollar həcmində zərər vurub. Hadisədə 8 nəfərin öldüyü deyilib.

2014-ci il mayın sonlarında Çinin cənubunda güclü leysan yağışları müşahidə olunub. Əlverişsiz hava şəraiti daha çox Guangzhou, Zhaoqing və Qingyuan şəhərinə ciddi zərər vurub. Çayların daşaraq məcrasından çıxması sel axınlarına səbəb olub. Vəziyyətlə bağlı ölkədə 16 magistral yol bağlanıb. Əyalətdə yüz ildən bir baş verən fəlakətdə 1,1 min ev dağılıb. 19 nəfərin həlak olduğu, daha 7 nəfərin isə itkin düşdüyü deyilib.

2014-cü il aprel ayının 13-ü Tacikistanda 14 nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Ölkənin cənub-şərqində sel suları qəsəbələri yuyub aparıb. Şuroabadsko ərazisində 10-a yaxın ev uçub, 50 yaşayış məntəqəsi axıntılar altında qalıb. Təkcə Boseyskov rayonun Tuqarak kəndində 250 ev yararsız hala düşüb. Əkin sahələrinə böyük ziyan dəyib.

2014-ci il martın 22-də Amerikanın şimalında yerləşən Sietl şəhərində geniş miqyaslı sürüşmə baş verib. Təxminən 30 ev uçub. Sürüşmə nəticəsində Stilaquamiş çayının bir qolu dağılıb və daşqın təhlükəsi yaradıb. Hadisədə 41 nəfər ölüb.

2013-ci il aprelin 24-nə keçən gecə Əfqanıstanın Məzari-Şərif əyaləti sel daşqınları ilə qarşılaşıb. 2 minə yaxın yaşayış məntəqəsi yararsız hala düşüb. Fəlakətdə 20 nəfər həlak olub. Təsərrüfat sahələrinə ciddi zərər dəyib.

2012-ci il oktyabr ayının 4-də sel suları Çinin Yunnan əyalətinin Senxe qəzasında baş verən daşqınlar ölkəyə ciddi ziyan vurub. Daşqınlar şəhərə 10 min kubmetrdən çox daş və palçıq gətirib. Kənd ibtidai məktəbin binası tamamilə dağılıb. Məktəbin yerində 7 metr dərinliyində bataqlıq gölü yaranıb. Hadisə zamanı ərazidə olan 18 məktəbli ölüb.

2012-ci ilin sentyabrında Hindistanın Uttarakxand vilayətinə düşən aramsız yağışlar ərazidə güclü torpaq sürüşmələrinə və sel axınlarına səbəb olub. KİV-in məlumatına görə, 8 kənddə yüzlərlə evi yuyub aparan axıntılar, ən az 45 nəfərin həyatına son qoyub. 18 nəfər itkin düşüb.

Güclü qasırğa 2011-ci il oktyabrın 24-də İtaliyanın şimalında yerləşən Liquriya və mərkəzi Toskanu vilayətini dağıdıb.

Onlarla yaşayış məntəqələrini yararsız hala salan güclü küləklər sel sularına səbəb olub. Hadisədə 10 nəfər həlak olub.

2011-ci ilin sentyabrında Əfqanıstanın Nanqarnax əyalətində üç gün aramsız yağan yağışların ardından sel suları əyaləti tanınmaz hala salıb. 640-dan çox ev dağılıb, sel suları Çaparxar, Xuqiani, Xesarak qəzalarında təxminən 200 hektara yaxın təsərrüfat sahələrini məhv edib. Yüzlərlə iri buynuzlu mal-qara tələf olub. Bir sıra infrastruktur obyektləri uçub. İnsan tələfatı barədə məlumat yoxdur.

2011-ci il yanvarın 12-də güclü palçıq seli Braziliyanın Rio-de-Janeyro ştatının bir hissəsini məhv edib. Regionda sutka ərzində normadan kənar təxminən 800 millimetr yağış yağıb ki, bu da təbii fəlakətə səbəb olub. 630-dan çox insan həlak olub, 13 min insan evsiz qalıb. Bu təbii kataklizm Braziliyada ən böyük təbii fəlakət olaraq tarixə düşüb.

2010-ci il sentyabr ayının 20-də Çinin cənubunda yerləşən Qunandun əyaləti qasırğa, sel və sürüşmələr nəticəsində dağıntılar altında qalıb. Son 200 ildə yağan ən güclü yağışlar 70 nəfərin ölümünə səbəb olub. Yerli əhalidən 65 nəfər itkin düşüb. 4 minə yaxın ev dağılıb. 42 min hektardan çox kənd təsərrüfatı sahələri zərər görüb. Təhlükəsiz bölgələrə evakuasiya olunmuş insanların sayı 95 min nəfərə çatıb.

2010-ci il sentyabrın 4-də Qvatemalada aramsız yağan leysan yağışları sutka ərzində təxminən 40 sürüşmə hadisəsinə səbəb olub. Çaylar məcrasından çıxıb, körpülər, yollar dağılıb. Ölkədə fövqəladə vəziyyət elan olunub, 10 mindən artıq sakin evakuasiya edilib. Sürüşmə nəticəsində magistral yolda hərəkət edən avtobus qəzaya uğrayıb. Ən az 45 nəfərin həlak olduğu bildirilib.

2010-ci il avqust ayının 16-da Çinin Qansu əyalətində leysan yağışları daşqınlara səbəb olub. Güclü sellər 30 min hektardan çox əkin sahəsini və 15,2 mindən çox yaşayış binasını yararsız hala salıb. Təbii fəlakət nəticəsində 36 nəfər həlak olub, 23 nəfər isə itkin düşüb.

2010-cu il avqust ayının 9-u Hindistanın iki əyalətində- Qamu və Kəşmirdə güclü sel axınları baş verib. Nəticədə 145 nəfər həlak olub, 500 nəfər itkin düşüb. Bir çox tikililər və infrastruktur obyektləri yararsız hala düşüb.

2010-ci il avqustun 7-də Çinin şimal-qərbində Qansu əyalətində sel çıxması nəticəsində 1250-dən çox adam həlak olub, 500 nəfər itkin düşüb. Sel gecə saatlarında başlayıb. İlkin məlumatlarda əraziyə 40 dəqiqədə 98 millimetr yağıntı düşüb.

2010-ci iyun ayının 28-də Çinin Quycjoy əyaləti və ətraf əraziləri güclü sel suları altında qalıb. Sürüşmə nəticəsində 30-u azyaşlı uşaqlar olmaqla 99 nəfər həlak olub. 2 dəqiqə ərzində bütün ərazini tutan sel sularından xilas olma şansı olmayıb.

2010-ci il mayın 19-da Konqo Demokratik respublikasının şərqində, vulkan yamaclarında baş vermiş fəlakət 46 nəfərin həyatına son qoyub. 200 ev dağılıb.

2010-ci il mayın 7-də Tacikistanın cənubunda sel axınları 16 nəfərin ölümü ilə nəticələnib. 1,5 mindən çox ev su altında qalıb, çox sayda körpü uçub, yüzlərlə kilometr avtomobil yolu dağılıb. İtkin düşən 40 nəfərdən xəbər alınmayıb.

2010-ci il aprelin 2-də Peruda yerləşən Arroito qəsəbəsi sel axınları nəticəsində tamamilə məhv olub. Ən azı 12 nəfər təbii fəlakətin qurbanı olub və daha 100 nəfər itkin düşüb.

2010-cu il yanvar ayının 1-də başlayan şiddətli yağışlar Braziliyanın Rio-de-Janeyro ştatının İlya Qrandi kurort adasında sürüşmələrə səbəb olub. Fəlakət nəticəsində 52 nəfər ölüb. Axtarış zamanı xilasedicilər dağıntılar altından daha 31 nəfərin cəsədini tapıblar.






Fikirlər