Mətbuatın “öldürdüyü” məşhurlar və bunun ACI NƏTİCƏLƏRİ…

metbuat

Bu günlərdə mətbuatda yenə də tanınmışların yalan ölüm xəbəri yayıldı. Bu cür xəbərlər təbii ki, həm həmin adamın özünə, həm də yaxınlarına, çevrəsinə şok yaşadır, pis vəziyyətdə qoyur.

Meyxana ifaçısı Kərimin dünyasının dəyişməsi haqda yanlış məlumatın yayılması isə çox ağır nəticəyə səbəb oldu. Qohumunun sözlərinə görə, meyxanaçı Kərimin anası oğlunun xəstəxanada olmasından xəbərsiz olub. Oğlunun ölüm xəbərinin eşidən ana ağlaya-ağlaya meyxanaçının evinə gəlib və iki saat sonra dünyasını dəyişib. Yaxınları bunun səbəbini yanlış xəbər yayan saytda görür və həmin saytı məhkəməyə verəcəklərini bildiriblər.

Ötən həftə əməkdar artist Naibə Allahverdiyevanın da vəfat etdiyi haqda sosial şəbəkələrdə, mətbuatda xəbərlər dərc olundu. Aktrisa bu məsələyə bərk hiddətlənib, sosial şəbəkədə cavab verdi: “Bəzi saytlar mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də… Amma hər kəs bilir ki, ömrü verən də, alan da Allahdır. Əsas odur ki, bu ömrü dəyanətlə yaşayasan. Özündən sonra azacıq da olsa, bir iz qoyub, gedəsən. Mən əgər bu gün sənətimlə bir çox insanların qəlbinə yol tapıb, sevgi qazanmışamsa, deməli, bu həyatı boş yaşamamışam.

Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi, vurdu, sürüdü, yıxdı, yaraladı, amma qəlbimdən insanlara qarşı sevgini, mərhəməti ala bilmədi. Qəlbimi kin-küdurətlə doldura bilmədi. Buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib, sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin!”

Qeyd edək ki, bundan əvvəl də mətbuatda məşhur sənətkarların, aktyor və ya aktrisaların yalan olaraq, ölüm xəbəri yayılıb. Mətbuatda hansısa məşhurun “öldüyünün”, sonra da “dirildiyinin” şahidi oluruq.

Bunlardan biri də əməkdar artist Kübra Əliyevadır. Ötən il sənətçinin ölüm xəbəri yayıldı. Hətta bu xəbəri sənətçinin yaxın dostları da sosial şəbəkələrdə paylaşaraq, öz təəssüflərini bildirmişdilər. Lakin tez bir zamanda həmin xəbərin yalan olduğu ortaya çıxmışdı. Aktrisa “Narahat olmayın, mən sağ-salamatam, kim, niyə bu xəbəri yayıb, bilmirəm” deyib, barəsində yayılan yalan xəbərə öz etirazını bildirmişdi.

Ölüm xəbəri yayılan daha bir tanınmış əməkdar artist Məcnun Hacıbəyovdur. Ötən il 81 yaşlı aktyorun öldüyü bildirilmişdi. Aktyor bununla bağlı jurnalistlərin sualına cavab olaraq demişdi ki, barəsində yayılan ölüm xəbərini oğlundan eşidib. “Mən adi aktyoram, öləndə nə olar?” – deyə tanınmış aktyor təvazökarlıq etmişdi. Aktyorun oğlu isə atası haqda bu cür xəbərin yayılmasını kəskin tənqid etmişdi.

Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə “öldürülüb”, “dirildilib”. Xəbər saytlarından biri onun ölüm xəbərini yaysa da, üstündən bir az keçmiş məlumatı təkzib etmişdi.

Müğənni onun barəsində yalan xəbəri yazanlara lənət yağdırmışdı: “Belə olmaz axı! Başı batsın, o xəbəri yazanın. Bu insan kimdirsə, düşmənçiliklə yayır, bu xəbəri… Təxribatdır, mənə qarşı… Başqa nə ola bilər ki? Mənim əzizlərim, doğmalarım eşidib, narahat olurlar”.

Mətbuatda barəsində daha çox “öldü” deyə xəbərlər yayılan sənətkar xalq artisti Arif Quliyevdir. Aktyorun özünün dediyi kimi, mətbuatda onu 5 dəfə “öldürüb”, 5 dəfə də “dirildiblər”.

 






Fikirlər