İlham Əliyev Azərbaycan cüdoçusuna qızıl medal TƏQDİM EDİB

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız Azərbaycan millisinin aktivinə dördüncü qızıl medalı yazdırıblar.

AzerTaym.az xəbər verir ki, dördüncü qızıl medalı Azərbaycana 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə qazandırıb.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Sinan Sandal və iranlı Alireza Xocasteh layiq görülüblər.

Medalları idmançılara Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunlarının çempionu Nicat Şıxəlizadəni təbrik edib.

Qalib idmançımızın şərəfinə arenada Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

 






Fikirlər