“AZƏRBAYCAN Ermənistanı BEYNƏLXALQ TRİBUNALA verməlidir”

İşğalçı ölkənin Beynəlxalq Tribunalda cavab verməsi üçün inkarolunmaz faktlar ortada

Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a bildirilib ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də, saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib.


Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Həmin faktlarla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.


Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, prokurorluqda cinayət işinin açılması lazım idi və bu edildi. Ancaq Azərbaycan tərəfi bu məsələyə hüquqi qiymət verilməsində təkcə Füzulu Rayon Prokurorluğunda açılan cinayət işi ilə qane olmamalıdır. Azərbaycanın Beynəlxalq Tribunala müraciət etmək hüququ var və bu hüquqdan istifadə etməliyik.

Ermənistanı Beynəlxalq Tribunala verməliyik: “Əlbəttə, bu, müxtəlif instansiyalardan keçməlidir. Azərbaycandakı müvafiq hüquqi orqanlar Ermənistanın Alxanlı kəndini atəşə tutması və biri azyaşlı olmaqla, iki dinc sakinin öldürülməsi ilə bağlı istintaq aparmalı, buna hüquqi qiymət verilməlidir. Bundan sonra isə Beynəlxalq Tribunala müraciət edilməlidir. Biz, ümumiyyətlə, ermənilərin Azərbaycan ərazilərinə hücumlara başlamasının ilk vaxtlarından Beynəlxalq Tribunalla ciddi şəkildə işləməyi öyrənməli idik. Ermənilərin bu illər ərzində əksər hərəkətləri Beynəlxalq Tribunala çıxarılmaq üçün yetərlidir. Xocalının, Qaradağlının, Kəlbəcərin işğalı zamanı dinc əhaliyə qarşı qırğınlar törətmələri, digər rayonlarımızı işğal edəndə də Ermənistan dinc əhaliyə qarşı bütün beynəlxalq normaları pozaraq qırğınlar törədiblər. Qazaxda Baqanis-ayrım kəndi ermənilər tərəfindən tamamilə yandırılmışdı. Bu zaman dinc əhalinin böyük hissəsi orada yandırılıb. Biz Ermənistanın bu cür insanlığa qarşı törətdiyi cinayət faktlarını beynəlxalq hüquqi müstəviyə daşımalıyıq. İstənilən vandal aktlar hüquqi qiymət aldıqdan sonra siyasi qiymət ala bilir. Çünki öncə hüquqi müstəvidə araşdırılır, sonra siyasi müstəviyə daşınır. Ermənistanın iyulun 4-də Alxanlı kəndində dinc sakinlərə qarşı törətdiyi cinayət də daxil Qarabağ savaşı başlayandan indiyə qədər törətdikləri vandalizm aktlarının hamısı haqda sənədləri toplayıb Beynəlxalq Tribunala, Haaqa Məhkəməsinə müraciət edilməlidir”.

Politoloq vurğuladı ki, iki yaşlı uşağın Ermənistan tərəfindən artilleriya atəşi ilə qətlə yetirilməsi faktını Azərbaycan dövləti beynəlxalq hüquq müstəvisinə nəyin bahasına olur-olsun çıxarmalıdır. Çünki ikiyaşlı uşağın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi hərbi cinayətdir. Cəzalandırılmalıdır. Haaqa Tribunalı bu cür qətllər törədən hərbçilər üçündür. Bir-iki il öncə Aralıq dənizinin Türkiyə sahillərində dənizdə batan, təxminən Zəhra yaşda bir miqrantın cəsədi sahilə çıxmışdı, bütün dünya ayağa qalxdı. İndi də bəşər əhli eyni reaksiyanı göstərməli, aqressoru qınamalı, cəzalandırmalıdır. Bunun üçün isə Azərbaycan dövləti ciddi hüquqi, siyasi işlər həyata keçirməlidir.


 






Fikirlər