Mehman Əliyev barəsində 3 aylıq HƏBS QƏRARI

Hüquq müdafiəçiləri və vəkillərdən olaya reaksiyalar gəldi; Mətbuat Şurası ölkə prezidentinə müraciət etdi...

Avqustun 24-də “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev həbs edilərək, barəsində 48 saat şübhəli şəxs qismində saxlanma qərarı çıxarılmışdı. Dünən axşam saatlarında məhkəmə qarşısına çıxarılan “Turan” rəhbəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıldı.

Saxlanıldığı gün Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən M.Əliyevə sonradan 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsi də irəli sürüldü.

Müstəqillik illəri ərzində daim ölkənin öndə gedən mətbu orqanlarından birinə rəhbərlik edən bir şəxsin həbsi ilk günlərdən icitimai narazılıq və narahatlıq doğurub. Ölkənin tanınmış şəxsləri, media qurumları bu həbsə öz münasibətlərini sərgilədilər.

Azərbaycan Mətbuat Şurası M.Əliyev məhkəmə önünə çıxarılmamışdan saatlar öncə onun həbsi ilə bağlı ölkə başçısına müraciət ünvanladılar. Mətbuat Şurasının müraciətində deyilirdi: “Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dəst-xəttiniz jurnalistlərimiz tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmaqdadır. Media ictimaiyyətimiz eyni zamanda söz və ifadə azadlığının dərinləşməsinə yönələn səmimi mövqeyinizi görür, yüksək qiymətləndirir, səsləndirdiyiniz fikirləri özünün fəaliyyət platforması kimi qəbul edir. Qətiyyətlə demək olar ki, Siz azad sözün, müstəqil fikrin müdafiəçisi olan işıqlı lidersiniz. Buna görə də jurnalistlər Sizi özlərinin dostu hesab edirlər və heç şübhəsiz, bu dostluq əbədidir.

Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də “Turan” İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı humanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm, cənab prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik".

Həmin gün Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı. Səadət Bənəniyarlı, Əliməmməd Nuriyev, Eldar Zeynalov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Zaliha Tahirova, Əvəz Həsənov “Turan” İA-nın direktoru Mehman Əliyevin saxlanması ilə bağlı dəyirmi masa keçirdilər.

Image result for Novella cəfəroğlu

N.Cəfəroğlunun “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, dəyirmi masa iştirakçıları “Turan” rəhbərinin həbsi ilə əlaqədar eyni zamanda hökumət və beynəlxalq qurumların rəhbərliyi ilə danışıqlar aparırlar: “Mehman Əliyev Azərbaycanın dəyərli ziyalısı, ölkədə demokratik cəmiyyət qurulması üçün fədakarca mübarizə aparan vətəndaşdır. Onun həbsindən ciddi narahatlıq keçiririk. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zərbə olardı. Ümid edirik ki, hökumət bu məsələdə adekvat mövqe tutacaq”.

Image result for Əliməmməd Nuriyev

Ə.Nuriyev öz facebook səhifəsində də M.Əliyev barədə qəti qərar çıxarılandan sonra bu statusu paylaşıb: “Mehman Əliyev ölkəmizdə vətəndaş cəmiyyətinin, medianın inkişafı, Azərbaycan maraqlarının qorunması uğrunda hər zaman çalışan dəyərli şəxsiyyətlərimizdən biridir. Uzun illərdən bəri, Milli Azadlıq Hərəkatından bu yana bərabər addımlamışıq. Mehman bəy hər zaman açıq fikirliyi, mütərəqqi ideyaları və yanaşmaları ilə fərqlənib. Ölkəmizdə müstəqil medianın qaranquşlarındadır. Böyük bir media məktəbinin əsasını qoyanlardandır. Əminik ki, Mehman bəyin saxlanılması ilə bağlı anlaşılmazlıq aradan qalxacaq və o, tezliklə azadlığa qovuşaraq öz ənənəvi ictimai və jurnalistika fəaliyyətinə davam edəcək. Bununla əlaqədar əlimizdən gələn qədər çalışacağıq”.

“Turan” agentliyinin kollektivi isə, direktor M.Əliyevin saxlanmasından sonra sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandıracağını elan edib.

Kollektiv bildirib ki, M.Əliyevə qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

“Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir”.

“Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək”, kollektivin açıqlamasında deyilib.
Vergilər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Turan" İnformasiya Agentliyi MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, istintaq zamanı "Turan" İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib".

M.Əliyevə qarşı irəli sürülən üç maddə üzrə onu nə qədər cəza gözləyir?

Image result for Əsabəli Mustafayev

Bununla bağlı “Yeni Müsavat”a danışan tanınmış hüquqşünas Əsabəli Mustafayev bunları dedi: “Bu maddələr az ağır dərəcəli kateqoriyaya aid cinayət işləridir. Çoxu deyir ki, 308.1 maddəsidir. Əgər 308.2-dirsə, bu, ağır cinayətlərə aiddir. Orada 8 ilə qədər cəza gözlənilir. Əgər bu maddə 308.1-dirsə, az ağır cinayət sayılır. Burada 5 ilə qədər cəza nəzərdə tutulur. Bu üç maddənin içərisində ən ağırı 308-ci maddədir. O biri maddələrdə cəza 3 ilə qədərdir. Əgər bu ittihamlar qüvvədə qalarsa, gələcəkdə məhkəmə hökmü olacaqsa, təqribən 5-7 il arasında cəza olacağını düşünürəm. Az ağır dərəcəli maddələr olduğuna görə, 7 ili keçməyəcəyini zənn edirəm. Burada çox maraqlı məsələ qanunsuz sahibkarlıq maddəsinin verilməsidir. Çünki bu rəsmi orqandır, hüquqi şəxsdir. 192-ci maddə isə lisenziyası olmadan yaxud müvafiq qeydiyyata alınmadan fəaliyyət göstərilməsidir. Özləri də deyirlər ki, bu təşkilat vergi ödəyib, amma guya az ödəyib. Başa düşülən ittiham deyil ki, qeydiyyatda olan təşkilat kimi həm vergi ödəyir, həm də qanunsuz sahibkarlıqdır. Vəkillər yəqin ki, buna şərh verəcəklər. 308-ci maddə isə tam qondarmadır. Hətta lap vergidən yayınma varsa belə, bu əməli artıq özü əhatə edir, yəni vergidən yayınıb. 213-cü maddədə göstərilir ki, şəxs ilk dəfə bu maddə ilə ittiham olunursa, o şəxs məsuliyyətə cəlb olunmaya bilər. Görünür bunun qarşısını almaq üçün həmin 308-ci maddəni irəli sürüblər”.






Fikirlər