Dəmir yollarının Yevlax-Mingəçevir mənzilində 9,3 kilometrlik yol əsaslı TƏMİR OLUNUR

 

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTaym.az-a bildirilib ki, sentyabrın 12-də Yevlax-Mingəçevir mənzilində 9,3 kilometr uzunluğunda yolun əsaslı təmirinə start verilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 348 kilometr dəmir yolu əsaslı təmir olunub. 






Fikirlər