10 ildir parlamentdə “YATAN” qanun

2017-ci ilin müəmması: Rəqabət Məcəlləsi niyə qəbul edilmədi?

Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələnin gündəmə gəlməsindən artıq 10 il ötür. Lakin ölkə iqtisadiyyatı, xüsusən də azad sahibkarlığın inkişafı üçün son dərəcə vacib olan bu məcəllənin qəbulu yubadılır. 2017-ci ildə də Milli Məclis Rəqabət Məcəlləsinin qəbuluna nail ola bilmədi. Halbuki qonşu Rusiyada Rəqabət Məcəlləsi qəbul edildi. Bəs görəsən, Azərbaycanda Rəqabət Məcəlləsinə göstərilən bu müqavimətin səbəbi nədir?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, böyük ehtimalla Rəqabət Məcəlləsi gələn il qəbul olunacaq. Onun sözlərinə görə, ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu vacibdir və qaçılmazdır:

“Rəqabət Məcəlləsinin qəbulu məsələsi 2016-cı ildə ölkə prezidenti tərəfindən ortaya qoyulmuş ”Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Amma orada bu məcəllənin  2017-2021-ci illər arasında qəbulu vurğulanıb.  2017-ci il başa çatır və bu baxımdan, Rəqabət Məcəlləsinin qəbulu artıq bu il  mümkün deyil. Ancaq mənə daxil olan məlumata görə, 2018-ci ildə, nəhayət, Rəqabət Məcəlləsinin parlamentin plenar iclasına çıxarılaraq, qəbulu nəzərdə tutulur. Mən özüm də müəyyən şəxslərlə, orqanlarla bu barədə danışmışam, məcəllənin 2021-ci ilə qədər deyil, elə 2018-ci ildə qəbul olunmasının vacibliyini söyləmişəm. Mənə də bildirilib ki, gələn il artıq adıçəkilən məcəllənin qəbulu tam başa çatacaq. Belə bir məcəllənin qəbulu olduqca vacibdir.

Image result for Vahid Əhmədov

Ölkə prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılsa da, müəyyən müsbət nəticələr əldə edilsə də, hələ də bəzi sahələrdə inhisarçılıq elementləri qalmaqdadır. Ölkə rəhbərinin qəbul etdiyi qərardan sonra mən bu məsələdə hər hansı qruplar tərəfindən müqavimətin olacağını gözləmirəm. Ola bilər ki, hazırda qanunda hansısa dəyişikliklər edilir. Lakin Rəqabət Məcəlləsinin qəbulu məsələsinin 2018-ci ildə başa çatması gözlənilir".

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bu sənədin qəbul olunmasının əleyhinə olan qüvvələr var: “Artıq 10 ildir ki, Rəqabət Məcəlləsi ilə bağlı qeyri-müəyyənlik davam edir. Belə bir ciddi sənədin parlamentdən bu günə qədər keçməməsi suallar doğurur ki, parlamentdə bir çox məmurlara yaxın lobbi qrupları fəaliyyət göstərir və Rəqabət Məcəlləsinin qanuniləşməsinə imkan vermir. Çünki Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra inhisarçılıqla mübarizə üçün bir hüquqi baza yaranacaq. İstənilən hüquqi və ya fiziki şəxs bu bazadan istifadə edərək şirkətlərə qeyri-sağlam rəqabət etdiyinə və ya maneələr yaratdığına görə məhkəmələrə müraciət edə bilər. Yüzlərlə bu cür hallar ola bilər və məhkəmədə bu tipli işlərin sayı arta bilər. Azərbaycanda inhisarçıların kimlər olduğunu bilməyən yoxdur. Dövlətdə mühüm vəzifə tutmadan, məmur olmadan inhisarçılıqla birbaşa məşğul olmaq mümkün deyil”.

Image result for Natiq Cəfərli

İqtisadçı vurğuladı ki,  məhz inzibati resurslardan istifadə edərək inhisarçılıq yaradılır və dəstəklənir: “Belə çıxır ki, Rəqabət Məcəlləsinin qəbul olunmamasında iri məmurların və onlara bağlı maraq qruplarının, o cümlədən deputatların da ciddi müqaviməti var. Onlar 10 ildir ki, bu qanunun qəbul olunmasını əngəlləyirlər. Ancaq Rəqabət Məcəlləsi qəbul olunmadan da, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ləngidilir. Rəqabət Məcəlləsinin qəbulu hər iki məsələdə əsas şərtlərdən biridir. Mən hesab edirəm ki, bu qanunun qəbulunun gecikdirilməsi təkcə iqtisadi deyil, siyasi maraqlardan da doğur. Rəqabət Məcəlləsinin qəbuluna imkan verməyən maraq qrupları Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda, ÜTT və AB ilə əməkdaşlığını da əngəlləməyə çalışırlar. Bunun təkcə iqtisad maraqlardan deyil, siyasi maraqlardan da qaynaqlandığını düşünürəm”.






Fikirlər