Ələt Azad İqtisadi Zonasına MÜSTƏSNA STATUS verilir

Deputatlar qanun layihəsini müzakirə etdilər

Yanvarın 24-də Milli Məclisin 3 komitəsinin birgə iclası keçirilib və Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı qanun layihəsi müzakirə olunaraq Milli Məclisin müzakirəsinə göndərilib. İclasda Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya  və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrindən   olan deputatlar  iştirak edib.

Əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, bu sənəd prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb.

İclasda iştirak edən deputatlar da müzakirələrdə iştirak edərək, dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri diqqətə çatdırıblar.  Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bəs görəsən, qanun layihəsində hansı önəmli məqamlar yer alır? Ələt İqtisadi Zonasının üstünlükləri nələr olacaq?

Vahid Əhmədov ile ilgili görsel sonucu

Bu sualları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırdı. Deputat bildirdi ki, bu çox əhəmiyyətli və perspektivli bir qanun layihəsidir: “Biz hələ 2009-cu ildə ”Xüsusi İqtisadi Zonalar haqqında" Qanun qəbul etmişdik. Müəyyən  dövr ərzində bu cür iqtisadi zonaların yaradılmasına cəhdlər oldu, ancaq çox təəssüflər olsun ki, yaradılmadı. Çünki qanun keyfiyyətli qanun deyildi və bu qanunda müəyyən məhdudiyyətlər var idi. Hətta Sumqayıtda müəyyən texnoparklar yaradıldı, müəyyən vergi və gömrük güzəştləri edildi, ancaq azad iqtisadi zona yaradıla bilmədi. Bütün bunları nəzərə alan dövlət başçısı Milli Məclisin sədr müavini Valeh Ələsgərovun sədrliyi altında Ələt İqtisadi Zonası ilə əlaqədar xüsusi bir işçi qrup yaratdı. Bu işçi qrup Ələt İqtisadi Zonasının yaradılması ilə bağlı qanun layihəsi işləyib hazırladı. Biz də ötən gün 3 komitə birlikdə bu qanun layihəsini müzakirə etdik. Bu xüsusi bir qanun layihəsidir. Azərbaycana investorların gəlməsi üçün, belə bir azad ticarət zonasının fəaliyyət göstərməsi üçün çox əhəmiyyətli və perspektivli bir qanundur. Ölkəmizdə son zamanlar aparılan islahatlar, xüsusilə nəqliyyat dəhlizlərinin həyata keçirilməsi,  Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt Ticarət Limanının tikintisi, bir çox transmilli layihələrin həyata keçirilməsi artıq bizə şərait yaradır ki, belə bir qanun layihəsi qəbul edilsin və Ələt Xüsusi İqtisadi Zonası yaradılsın. Bu qanun layihəsi məhz bununla əlaqədardır".

Əhmədovun sözlərinə görə, qanunda Ələtdə çox güclü, çox geniş bir istehsalat parkının yaradılması nəzərdə tutulur:“Oraya kənardan müdaxilə, ümumiyyətlə, mümkün deyil. Vergi güzəştləri, gömrük güzəştləri tətbiq olunur. İnzibati qaydada yoxlamalar ümumiyyətlə yoxdur. İdarəetmə demokratik qaydada Ələt İqtisadi Zonasının rəhbərliyi tərəfindən həyata keçirilir. Bu qanun qəbul edildikdən sonra bütün məsələlər digər qanunlarla da uyğunlaşdırılacaq, müəyyən əlavə sənədlər qəbul ediləcək. Bu qanun Azərbaycan iqtisadiyyatının cəlbediciliyini artırmaq üçündür. İnvestorlar qanunu oxuyanda normal qaydada başa düşməlidirlər və ölkəmizə sərmayə qoymağa meylli olmalıdırlar. Bu, Azərbaycan üçün önəmli bir işdir”.

Deputat vurğuladı ki, əgər Ələt İqtisadi Zonası qanunda nəzərdə tutulduğu  kimi həyata keçirilə bilsə, bunun davamı da olacaq: “Gələcəkdə şimalda və cənubda dənizə yaxın sahələrdə də   belə iqtisadi zonalar yaratmaq mümkün olacaq. Qanun hazırlanarkən dünya təcrübəsi nəzərə alınıb. Xüsusilə Dubayda yaradılan vəziyyət, oradakı iqtisadi zonalar, digər dövlətlərdəki bu nümunələr nəzərə alınıb. Bildiyiniz kimi, dünyada 1000-dən çox iqtisadi zona var. Bu iqtisadi zonalarda dünya ticarətinin təxminən 25-30 faizi həyata keçirilir. Ona görə də bizim üçün də bu çox vacibdir. Azərbaycandakı indiki şərait, indiki iqtisadi islahat imkan yaradır ki, belə bir iqtisadi zona bizdə də  yaradılsın”.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

 






Fikirlər