Dəmir YOLU sahəsində ƏMƏKDAŞLIQ MÜZAKİRƏ edilib

Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.

C.Qurbanov çıxış edərək, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Azərbaycan Prezidenti İlham Əliyev BTQ-nin açılış mərasımındə bildirib ki, bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.

"Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

AzerTaym.az






Fikirlər