MÜƏLLİMLƏRİN YAY MƏZUNİYYƏTİ başa çatdı
Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb. Onlar sabahdan – 29 avqust 2018-ci il tarixindən işə çıxmağa başlayacaqlar. Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılacaq. Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri bir qayda olaraq yay tətili dövründə verilir. Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə "Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb. Nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); modern.az
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).