Şirməmməd Hüseynovun DOĞUM GÜNÜDÜR

17 dekabr Azərbaycan mətbuatının yorulmaz araşdırıcısı, mərhum professor Şirməmməd Hüseynovun doğum günüdür.

"AzerTaym.az" modern.az-a istinadən məlumat verir ki, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU-da filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-da jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU-da mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən 2019-cu ilə kimi BDU-da  mətbuat tarixi kafedrasının professoru olub.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.

Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.

Şirməmməd Hüseynov 24 iyun 2019-cu il tarixində 95 yaşında  vəfat edib.






Fikirlər