Mehdiyevin Qurban Məmmədovla bağlı müəmmalı SÜKUTU...

Mehdiyevin Qurban Məmmədovla bağlı müəmmalı sükutu

Xaricdən Azərbaycan hakimiyyətinin ünvanına sərt tənqidlər səsləndirən Qurban Məmmədova Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə Prezidentin sabiq köməkçisi Əli Həsənovun dəstək verdiyi barədə iddialar var.

Yenisabah.az xəbər verir ki, artıq bu iddialar hakimiyyətə yaxınlığı şübhə doğurmayan media orqanları vasitəsilə tirajlanmağa başlayıb. Elə dünən ATV kanalında mövzu ilə bağlı geniş süjet yayımlanıb. Bundan sonra məsələ daha da böyüyüb. Artıq Əli Həsənov iddiaları cavablandırıb. O deyilənlərin əsassız olduğunu bildirməklə yanaşı bu mövzunu qabardanları “naqis qələm əhli” adlandırıb.

“Lakin, bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kompaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kompaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc sərf ediblər”, - deyə Prezidentin keçmiş köməkçisi bildirib.

AMEA prezidenti Ramiz Mehdiyev isə hələ ki, susur. Baxmayaraq ki, bu ittihamlar onun nəvəsinin toyu ilə bağlı qalmaqaldan daha ciddidir. Ramiz Mehdiyevin toy qalmaqalına dörd məqalə həsr etməsinə rəğmən adının hakimiyyəti ən sərt formada tənqid edən Qurban Məmmədovla hallanmasını sükutla qarşılaması müxtəlif mülahizələrə səbəb olub. Artıq sosial şəbəkələrdə gedən müzakirələrdə “od olmayan yerdə tüstü çıxmaz” prinsipi önə çıxıb. Digər tərəfdən, müxtəlif media quruluşları mövzunu daha da inkişaf etdirərək iddiaları hökm kimi tətbiq etməyə başlayıblar. Bütün bunlara rəğmən, akademik israrlar susur. Bəlkə də deməyə sözü yoxdur...

"AzerTaym.az"






Fikirlər