“Ərdoğanla Putinin telefon danışığı ondan xəbər verir ki...” - Politoloq
"Türkiyə və Rusiya prezidentlərinin tez-tez telefon görüşmələri Azərbaycanın maraqlarına xidmət edir”. "AzerTaym.az" bildirir ki,bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığını şərh edərkən deyib. Onun fikrincə, Azərbaycanın məqsədi münaqişənin həllində Türkiyənin danışıqlar masasında əsas oyunçulardan birinə çevirməkdir: "Müharibə başlayandan artıq ikinci dəfədir ki, prezidentlər telefonla danışıb, Suriya, Liviya və Dağlıq Qarabağ məsələsini müzakirə edirlər. Bu telefon danışığı həm də ondan xəbər verir ki, Türkiyə Rusiyaya "biz də burdayıq” mesajını verir, Azərbaycanın əleyhinə addım atıla bilməz. Zaman-zaman Rusiyadan xəbər gəlir ki, Ermənistana dəstəyi artıra, desant qüvvələri göndərə bilərlər. Ona görə Türkiyə hər zaman Rusiyanı xəbərdar etməlidir ki, Rusiya prosesə müdaxilə etsə, Türkiyə də bölgədə olacaq, Turk ordusu Azərbaycana gələcək. Bu mesajlar hər zaman Moskvaya verilməlidir”.
Elxan Şahinoğlu bildirib ki, Rusiya hələ ki proseslərə mudaxilə etmir: "Ona görə də belə telefon danışıqlarının faydası var. Yəqin ki, bəzi detallar müzakirə olunub. Türkiyənin şərti də bəllidir. Ermənilərin işğalçı qoşunları Azərbaycan ərazisini tərk etməlidir”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər telefon söhbəti zamanı Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.