“Bu bəyannamə ilə Rusiya digər ölkələrə də göstərmək istəyir ki...” - Tofiq Zülfüqarov

“Bu bəyannamə ilə Rusiya digər ölkələrə də göstərmək istəyir ki...” - Tofiq Zülfüqarov

  Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəsi 

- Tofiq müəllim, bu gün Azərbaycanla Rusiya arasında yeni sənəd imzalanacaq. Bu sənədin əhəmiyyəti, təsir imkanları haqqında nə demək olar?

- 1997-ci ildə Azərbaycanla Rusiya arasında “Dostluq və Əməkdaşlıq Haqqında” bir saziş imzalanıb. Bu sənəd müxtəlif mövzuları əhatə edir. Həmin sənədin 4-cü bəndində göstərilir ki, əgər Azərbaycana hansısa təhlükə yaransa, qısa zamanda kömək barəsində tərəflər arasında fikir mübadiləsi aparılacaq. Əslində isə iki ölkə arasında tərəfdaşlıq və partnyorluq mövcuddur. İndi isə buna aid bəyannamə qəbul olunur. Azərbaycan Şuşa Bəyannaməsindən sonra Şimal qonşusu ilə də əməkdaşlıq barəsində sənəd imzalayır. Bu ölkəmizin nail olduğu və real siyasi vəziyyəti əks etdirən bir sənəddir. Ukrayna və digər problemləri olan ölkələr fonunda bu uğurlu siyasətin nəticəsi kimi izah olunmalıdır. Bu bəyannamə ilə Rusiya digər ölkələrə də göstərmək istəyir ki, mənimlə dostluq edən yaxşı nəticələr əldə edə bilər. Düşmənçilik edənlərin isə nəticələr mənfi olacaq. Sadə dillə desək, bu, açıq bir mesajdı. Bu Azərbaycanın xeyrinə olduğuna görə, bizim tərəfimizdən də normal qəbul olunur. Çünki Azərbaycanın hərbi müttəfiqi Türkiyədir. Amma tərəfdaşımız Rusiya olub. Çalışmalıyıq ki, bu istiqamətdə normal münasibətlərə nail olaq. Əsas odur ki, ermənilərin istəyinə imkan verməyək.

- Yeni sənəd Azərbaycan üçün hansı üstünlüklər qazandıra bilər?

- Bu sadəcə olaraq geopolitik bir istəkdir. Fərqli bir sənəddir. Bu cür qiymətlədirmələr 1997-ci ildən var. Rusiya tərəfindən digər post-sovet ölkələrinə açıq bir mesaj mahiyyətini də ehtiva edir. Rusiya demək istəyir ki, ən mürəkkəb mövzularda onunla əməkdaşlıq etmək istəyən ölkələrlə işləməyə hazırdır. Azərbaycanın bir müddət İranla olan problemləri zamanı Türkiyə açıq şəkildə bizə dəstək verdi. Eyni zamanda İranın xarici işlər nazirinin Moskva səfərində açıq-aşkar Segey Lavrovun dilə ilə Azərbaycana dəstək nümayiş olundu. Məhz bu sənədin də Azərbaycana qazandıracağı üstünlük bundan ibarətdir. Bu gün sülhməramlılarla bağlı müəyyən problemləri hamımız bilirik. Amma əsas məsələ odur ki, prosesin yaxşı tərəfindən yararlanmalıyıq. Hansı məsələlər ki, bizi qane etmir o istiqamətdə siyasət aparıb onu dəyişdirməyə nail olmalıyıq. Bir mövzuya görə küskünlük yaratmaq düzgün siyasi yanaşma deyil. Bu sadəcə populist bir yanaşma olar. Siyasət emosional yanaşmaları sevmir. Xüsusəndə beynəlxalkq siyasətdə bu cür davranış gülünc görünür.

- Qarabağda qalan separatçıların Donbasla bağlı baş verənlərdən sonra bir qədər fəallaşması nə dərəcədə məntiqli görünür?

- Ukrayna ərazisində olan məsələlərlə Qarabağdakı separatçıların son günlər bir qədər fəallaşmasını müqayisə etmək düzgün deyil. Bunun bir neçə ciddi səbəbləri var. Ukraynada baş verən hadisələr Gürcüstanda bir neçə il öncə baş vermiş hadisələrin təkrarıdır. Rusiyanın separatçı qurumlara aid yanaşmasında da iki startegiyanı görmək mümkündür. Bu ilk növbədə Ukraynada və Gürcüstanda olduğu kimidir. Oradakı qondarma qurumların hər biri Rusiya ilə həmsərhəddir. Amma Qarabağ Rusiya ilə həmsərhəd deyil. Eyni zamanda Rusiyanın bu bölgələrə aid davranışları tamam fərqlidir. Çünki Azərbaycan Rusiya əlaqələri fərqli xüsusiyyətlərə malikdir. Gürcüstan və Ukrayna müstəvisində isə açıq qarşıdurma mövcuddur. Ən vacib faktor isə 2020-ci ildə baş verən geopolitik faktorlarla bağlıdır. 44 günlük müharibənin əsas xarici elementləri məhz ilk növbədə Türkiyə Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlıdır. Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətləri xüsusi ilə diqqət çəkir. Müşahidə edilən odur ki, burada fərqli bir mənzərə və yanaşma var. Ona görə də Qarabağda özünü separatçıların başçısı adlandıran Araik Arutunyanın dediyi sözlərin heç bir hüquqi əsası yoxdur. Bu açıq şəkildə göstərir ki, ermənilərin ən böyük istəyi Azərbaycan-Rusiya münasibətlərinin pozulmasıdır. Arzulayırlar ki, iki dövlət arasındakı münasibətlər konfrantasiya səviyyəsinə çatsın. Hətta Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün də ermənilərin istək və planları var. Məqsədləri də öz maraqlarına kimlərinsə yardımı ilə nail olmaqdan ibarətdir. Amma vəziyyət dəyişib. Azərbaycanın siyasəti nəticəsində yeni bir geopolitik vəziyyət yaranıb və ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Digər məsələlərin həlli üçün geopolitik əsaslar formalaşıb.\Teleqraf






Fikirlər