Azərbaycanın səfir gedişi: İlham Əliyev İranı mat etdi, İsraillə münasibətləri yüksəltdi...

Prezident İlham Əliyev Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsinə dair sərəncam imzalayıb.

Bu təyinat olduqca stratejidir və rəsmi Bakının uzun illər İsrail və İran arasında qoruduğu balansın Təl-Əviv xeyrinə dəyişməsindən xəbər verir.

Hersoqun anonsu, Bakının səfir həmləsi

Prinsip etibarilə Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi yeni bir xəbər deyil. Belə ki, Azərbaycanın İsrailə səfir təyin etməsi barədə məlumat ötən ilin sonunda yayılmış, bununla bağlı İsrail rəsmiləri, hətta Azərbaycana təşəkkür də etmişdilər.

Daha öncəsində isə bunun anonsunu İsrail Dövlətinin Prezidenti İshaq Hersoq vermişdi. Cənab Hersoq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda  “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq.

Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim” demişdi.

Düzdür, Hersoqun bu açıqlaması daha çox səfirlik ilə bağlı olsa da rəsmi Bakı Təl-Əvivin bu istəyinə laqeyd qalmadı və öz növbəsində Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Hələlik Azərbaycanın İsraildə səfirliyi olmasa da ticarət və turizm nümayəndəliyi fəaliyyət göstərir. Mümkündür ki, ya ticarət və turizm nümayəndəliyi bu təyinat sonrası səfirlik kimi fəaliyyət göstərəcək, ya da İshaq Hersoqun təbrik məktubunda qeyd etdiyi kimi Azərbaycan Prezidenti yeni səfirlik binasının açılışı üçün bu il İsrailə səfər edəcək.

Tehranın reaksiyası necə olacaq?

Öncə bunu qeyd etmək lazımdır ki, Azərbaycan müstəqil, suveren ölkədir və bütün ölkələr kimi istədiyi ölkədə səfirlik, konsulluq, diplomatik nümayəndəlik açmaq səlahiyyəti var. Bu, rəsmi Bakının verəcəyi qərardır və buna heç bir ölkə bu və ya başqa formada reaksiya bildirə bilməz.

Belə bir hüquq yalnız protektorat statusuna malik bir ölkə verilə bilər. Azərbaycanın isə nə protektoratı var, nə də hansısa ölkənin müstəmləkəsidir.

İran da Azərbaycanın İsraildə səfirlik açmasını bütün ölkələr kimi normal qəbul etməlidir.

Prinsip etibarilə Azərbaycanın belə bir qərar verməsində İranın son illərdə sərgilədiyi aqressiv anti-Azərbaycan siyasətinin böyük təsiri oldu. Rəsmi Bakı müstəqilliyin ilk illərindən İsraildə səfirlik açmaq istəsə də mehriban qoşuluq və geosiyasi səbəblərdən bunu etmirdi. Lakin İranın 44 günlük Vətən müharibəsində Ermənistana daşınan 500 t silahın ərazisindən keçməsinə izin verməsi, rəsmi Bakını dəfələrlə müxtəlif platfomalardan sətiraltı və birbaşa təhdid etməsi, Azərbaycan daxilində inanclı kəsim üzərindən daxili çaxnaşma yaratmaq kimi mehriban qoşuluq prinsiplərindən çox uzaq addımlar atmasına görə Azərbaycan da uzun illərdir sərgilədiyi balans siyasətini dəyişərək İsraildə səfirlik açmaq qərarına gəldi.

Əlbəttə ki, bu, İranı narahat edir. Bu narahatlığı xüsusi ilə Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın həmkarı Sahibə Qafarova ilə görüşündən sonra yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu deməsindən də görmək olar. Qalibaf həmin görüşdə bildirdi ki,  “son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Görünən odur ki, həmin anlaşmazlıqlardan biri də Azərbaycanın İsrailə səfir təyin etməsi və səfirlik açmaq niyyətidir. Mümkündür ki, Bakının Tehran qarşısında geri addım atmaması, hətta səfir həmləsi ilə cavab verməsi Tehranın təhdid ritorikasını müəyyən müddət proyeksiya etməsinə səbəb olacaq. Lakin İranın təxribatlara davam edəcəyi daha böyük ehtimaldır.

Bakı-Təl-Əviv münasibətlərində nə dəyişəcək?

Rəsmi Təl-Əvivlə Bakı arasında olduqca isti münasibət, mehriban əlaqələr, strateji tərəfdaşlıq mövcuddur. İki ölkə enerji, iqtisadiyyat, hərbi, siyasi, diplomatik, diaspor və lobbi sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq günü-gündən inkişaf etməkdədir.

İsrail-Azərbaycan münasibətləri həm də qarşılıqlı maraqlar kontekstində inkişaf edir. Misal üçün, İsrail Azərbaycana heç bir ölkəyə satmadığı strateji silahları satır, köhnə hərbi texnikaları modernləşdirir, texnologiya mübadiləsi edir. Rəsmi Bakı da öz növbəsində İsrailə mavi qaz ötürür. Ən əsası digər müsəlman ölkələri ilə münasibətlərin normallaşmasına vasitəçilik edir. Müqayisə üçün deyim ki, İsrail-Türkiyə, İsrail-BƏƏ, İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasında rəsmi Bakının vasitəçiliyi böyük əhəmiyyət kəsb edib.

Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi isə öz növbəsində iki ölkə münasibətlərini və təbii ki, əməkdaşlığını daha da inkişaf etdirəcək:

Birincisi, rəsmi Bakı və Təl-Əviv regionda kəşfiyyat məlumatlarının mübadiləsi, milli təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirə bilər. Xüsusilə də artan İran təhdidi fonunda hər iki ölkənin əməkdaşlığı vacibdir.

İkincisi, İsrail Azərbaycan kimi Avropanın enerji təminatında önəmli oyunçu olmaq istəyir. Bu istiqamətdə Aralıq dənizində aşkarlanan karbohidrogen yataqlarının birgə istismarı və gələcəkdə İsrailin Türkiyə uzərindən TAP, TANAP layihələrinə qoşulması gerçəkləşə bilər.

Üçüncüsü, Azərbaycan Fələstin münaqişəsinin həllində İsrail ilə Fələstin arasında ən konstruktiv vasitəçi ölkə ola bilər. Hər iki tərəflə Bakının münasibətləri yaxşıdır.  /Globalinfo.az

 
 






Fikirlər