ÜÇ LİDER İLK DƏFƏ MASA ARXASINDA... – Hindistan,Bakıdan ikinci xəbərdarlığı aldı

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana Zirvə görüşü Azərbaycan üçün həm sammitin özü, həm də sammit zamanı keçirilən görüşlər və sənədlər baxımından yadda qalacaq”

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib.

Qeyd edək ki, Çinlə strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbul edilməsindən sonra Astana şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib.

 

 

Ekspert qeyd edir ki, bu üçtərəfli format çoxdan var kimi görünür, amma liderlərin sammiti ilk dəfədir keçirilir. O, xatırladır ki, XİN rəhbərləri və müdafiə orqanlarının rəhbərləri daha çox qarşılıqlı əlaqə saxlayıblar: “Görüşdə öncəki təcrübəyə əsaslanaraq müdafiə orqanları arasında qarşılıqlı əlaqələr, müdafiə-sənaye kompleksi, birgə təlimlərə diqqət yetirilib. Bununla birlikdə, iqtisadi qarşılıqlı əlaqələr vacib komponentdir və kommunikasiya infrastrukturunun yaradılması bunun üçün çox vacibdir. İran daxilində həm Orta dəhliz, həm də Şimal-Cənub infrastrukturu Pakistanla ticarətin artırılması üçün yeni imkanlar yaradır”.

F.Məmmdov qeyd edir ki, bu üçtərəfli formatda daha çox geosiyasət var: “İclasın məlumatında Cənubi Qafqazın hərbiləşdirilməsinin qeyri-regional qüvvələr tərəfindən dağıdıcı təsiri barədə də bir məqam var. Güman etmək olar ki, bu, Hindistan və onun bölgədəki siyasəti ilə bağlıdır. Hindistanın öz siyasətini apara biləcəyi aydındır, amma zamanla güclü təəssürat yaranır ki, Hindistan regionun detallarını və reallıqlarını anlamadan Paşinyan və Ermənistanla “qumar oynayan” ABŞ və Fransa ilə yanaşı koalisiyaya üzv olur”.

Ekspert xatırladıb ki, Azərbaycan Hindistana ardıcıl olaraq bu cür siyasətin bölgədə yaradacağı nəticələr barədə xəbərdarlıq edib. “Beləliklə, gün ərzində Azərbaycan Hindistanla regional səviyyədə rəqabət aparan iki dövlət - Çinlə bəyannamə qəbul etdi və Pakistanla hərbi əməkdaşlığı dərinləşdirdi. Ümumilikdə, Azərbaycan - Türkiyə - Pakistan üçtərəfli görüşü 44 günlük müharibədən sonra Azərbaycanda asılmış bayraqlarla həmahəngdir. Geosiyasətdə bizə güc verir, təhlükəsizlik mühitini gücləndirir və ən əsası həm xarici siyasətin ardıcıllığı, həm də Azərbaycanın maraqlarına zidd olan ölkələrin üzləşəcəyi bədəllər müstəvisində ölkəmizin proqnozlaşdırıla bilən dövlət olduğunu göstərir”, - F.Məmmədov qeyd edib.






Fikirlər